Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:59

Pulun var?


MSK namizədlərə nə qədər vəsaitin ayrılacağı barədə hələlik açıqlama vermir
MSK namizədlərə nə qədər vəsaitin ayrılacağı barədə hələlik açıqlama vermir
İstənilən seçki kampaniyasının uğurla keçməsinin şərtləndirən amillərdən biri puldur. Prezident seçkilərində də iştirak etmək istəyən namizədlərə külli miqdarda maliyyə vəsaiti tələb olunur. Bu vəsaitin bir qismini Mərkəzi Seçki Komissiyası (MSK) qeydiyyatdan keçən namizədlərə təqdim edəcək. Hələlik həmin məbləğin nə qədər olacağı bilinmir. MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, namizədlərin qeydə alınma prosesi başa çatandan sonra MSK bu vəsaitin qədərini müəyyənləşdirəcək:
«Qanunda konkret məbləğ nəzərdə tutulmayıb, yəni nə qədər ayrılmalıdır. Bunu MSK özü müəyyənləşdirir. Hələ ki qeydiyyat prosesi başa çatmadığından, bu məsələ üzərində dayanılmayıb. Yəqin ki vaxtı gələndə MSK-nın mətbuat üçün açıqlaması olacaq».

Rəsmi qeydiyyata alınan namizəd - dövlət başçısı İlham Əliyevin seçki fondu əsasən elə partiyanın özü tərəfindən maliyyələşir. Bunu YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov mətbuata açıqlamasında deyib. Onun dediyinə görə, qanunvericilikdə prezidentliyə namizədin seçki fondu üçün 10 milyon manat nəzərdə tutulub. Əgər partiyanın 450 min fəalının hər üzvü 10 manat yardım etsə, elə bu zaman alınan məbləğ 4,5 milyon manat edir. S.Novruzov hesab edir ki, YAP nəzərdə tutulan yüksək həddi toplaya biləcək.

Lakin namizədlər arasında heç də hamısı partiya sədri, ictimaiyyət arasında tanınmış şəxslər deyil. Onların sırasında işsizlər də var. Prezidentliyə namizəd, heç bir yerdə işləməyən Yaşar Əhmədov artıq seçki prosesində maliyyə problemləri ilə üzləşib. Onun dediyinə görə, imzatoplama prosesini apara bilmək üçün ona 10-20 min manat lazımdır:
«40 min imzanı işsiz adam tək yığa bilməz. Fiziki olaraq bu, mümkün deyil. Bəlkə 10-20 min manat olsaydı, bu işi görə bilərdim. Amma mən cəhd edirəm də, görək nə olur».

İmzaları vaxtında toplayıb MSK-ya verə biləcəyindən ümidini üzməyən Yaşar Əhmədov lazım olan vəsaiti toplamaq üçün vətəndaşlara müraciət edib:

«Mindən çox insana müraciət etmişəm ki, mənə dəstək lazımdır ki, prosesdə iştirak edim. Yoxdur, cavab yoxdur. Amma o başqa məsələ - imkanlı adamlar bu işə dəstək edirlərmi? Yox etmirlər. Bu cür problemlər var. Axı mən həqiqətən də işsizəm...»

İşi olmayan namizəd Yaşar Əhmədov düşünür ki, gələcəkdə qeydiyyatdan keçəndən sonra seçki fonduna pul toplamaq asan məsələdir. İndi əsas odur ki imzatoplama prosesində işlətdiyi adamlara əmək haqqı versin.
AXCP Ali Məclisinin keçmiş sədri Qulamhüseyn Əlibəyli maliyyə təminatı ilə bağlı problemi yoxdur.
«Seçkiyə qatılmağım haqqında qərarı qəbul edəndən sonra müxtəlif iş adamları mənə müraciət ediblər və indi onlar seçki fonduna pul köçürmək istəyirlər».

Qulamhüseyn Əlibəyli onu da dedi ki, bu, hələ baş verməyib.

Namizədliyi ötən həftə təsdiqlənən Fazil Qəzənfəroğlu da deyir ki, maliyyə baxımından narahatçılığı yoxdur. O, seçki fondu üçün vəsaitlərin toplanmasında dost-tanışlarına, partiya yoldaşlarına və qohumlarına arxalanır:

«Partiya üzvləri dostlar, qohumlar - hamı bu prosesdə iştirak etdiyinə görə çox ağırlıq üstümüzə düşməyəcək. Tərəfdarımız olan cəmiyyətdə çoxsaylı iş adamları, sahibkarlar var. Çalışacağıq ki, onlar bu məsələdə bizə kömək göstərsinlər. Təbii ki, bu istiqamətdə danışıqlar aparırıq. Müəyyən müsbət reaksiyalar da var. Düşünürəm ki seçki kampaniyasının ilk prosesini adlayandan sonra, imzaları təhvil verəndən sonra bu prosesə başlamaq olar. Qalanı da daha çox könüllülük istiqamətində gedir».

Onun hesablamalarında görə, seçki kampaniyasını uğurla aparmaq üçün milyon manatdan artıq pula ehtiyac yoxdur. Xüsusilə də əgər kütləvi aksiya keçirməyəcəksənsə:

«500 min də, 300 min də. Hətta bizim kimi adamların kampaniya aparmasına böyük vəsait sərf etməsinin bir adı yoxdur».

Prezidentliyə namizədlərin seçki fondu yalnız bir neçə istiqamətdən gələn vəsait hesabına formalaşa bilər – namizədin özü ən çoxu 250 min manat, hüquqi və fiziki şəxslərin könüllü ianələrə gəlincə, vətəndaşlar 3 min, hüquqi şəxslər isə 50 min manat köçürə bilərlər. Bu haqda prezident seçkilərində seçki fondlarına vəsaitin daxil olması, xərclənməsi uçotunun aparılması və hesabatı qaydaları haqqında təlimatda dəqiq qaydalar göstərilib.
XS
SM
MD
LG