Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:22

MTN «Əbu-Bəkr»də partlayış törədənlərin adlarını açıqladı


Milli Təhlükəsizlik Nazirliyinin binası
Milli Təhlükəsizlik Nazirliyinin binası
«Avqustun 17-də «Əbu-Bəkr» məscidində partlayış törədilməsində şübhəli bilinənlər radikal dini təmayüllü şəxslərdir».

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İctimaiyyətlə Əlaqələr Mərkəzindən «Turan»a daxil olmuş məlumatda belə deyilir.

Nazirlik bildirir ki, onlar əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmiş, özünü «Dağıstan camaatının əmiri» elan edən «Əbdülməcid» ləqəbli İlqar Mollaçiyev, onun qaynı «Süleyman» ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan digər şəxslərdir.

Məlumatda deyilir ki, 2007-ci ildə MTN «Meşə qardaşları» adlı silahlı birləşməni zərərsizləşdirib. Birləşmənin 17 üzvü, o cümlədən liderlərindən biri – «Əbu Cəfər» ləqəbli Naif Abdulkərim Əl-Bedevi həbs edilərək, məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar.

Həmin silahlı birləşməyə başcılıq edənlərdən biri İlqar Mollaçiyev, onun qaynı Samir Mehdiyev və qeyriləri barəsində isə cinayət təqibi davam etdirilib.

MTN bildirir ki, Sumqayıt qrupu üzvlərinin həbsindən sonra Mollaçiyev və Mehdiyev «Meşə qardaşları» adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi və Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırıblar.

MTN-in keçirdiyi əməliyat nəticəsində 13 nəfər qrup üzvü həbs edilib. Onlardan çoxlu sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğular və sxemlər, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar və sair aşkar olunaraq götürülüb.

Məlumatda deyilir ki, həmin şəxslərdən Sumqayıt şəhər sakinləri - Taleh Məhərrəmov və Samir Babayev üzv olduqları silahlı birləşmənin fəaliyyəti, plan və niyyətləri barədə ətraflı ifadələr veriblər. Onlar bildiriblər ki, Samir Mehdiyev, İlqar Mollaçiyev və digərləri iyulun 19-da Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək həmin şəxslərin yardımı ilə Bakı və Sumqayıt şəhərlərində yerləşiblər:

«Hazırlanmış plana əsasən, ümumilikdə «Meşə qardaşları» silahlı birləşməsinə daxil olan «Sumqayıt camaatı» adlı birinci qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul vəsaiti hesabına silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməliymişlər. «Quba və Qusar camaatı» adlı ikinci qrupun üzvləri isə respublikanın dağ-meşə massivində hərbi düşərgələr yaratmalı idilər».

MTN bildirir ki, qrupun həbs edilmiş üzvlərinin verdiyi ifadələrə əsasən, «Əbu-Bəkr» məscidində baş vermiş hadisə İlqar Mollaçiyev və Samir Mehdiyev tərəfindən təşkil edilib:

«MTN qrupun bütün üzvlərinin aşkar edilməsi və saxlanması üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirir».

Avqustun 17-də «Əbu-Bəkr» məscidinə qumbara atılıb. İki nəfər həlak olub, məscidin imamı Qamət Süleyman daxil olmaqla bir sıra şəxslər yaralanıb.
XS
SM
MD
LG