Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:14

Uşaq bağçalarında sıxlıq…


Ekspert deyir ki, bağçalarındakı sıxlığın səbəbi onların özəlləşdirilməsiylə bağlı verilən prezident sərəncamdır
Ekspert deyir ki, bağçalarındakı sıxlığın səbəbi onların özəlləşdirilməsiylə bağlı verilən prezident sərəncamdır
Bakı sakini Kəmalə Məmmədova 4 yaşlı oğlu Emili uşaq bağçasına qoymaq istəyir. Amma evinin yaxınlığındakı bir-iki bağçaya baş çəksə də, ona yer olmadığını deyiblər. O, şəhərin mərkəzində yerləşən 38 saylı uşaq bağçasında da oxşar cavabla üzləşib:
«Mən uşağı rus bölməsinə qoymaq istəyirdim. Dedilər ki, yer yoxdu. Azərbaycan bölməsində də eyni cavabı aldım. Müəllimlər əvvəlcə dedilər ki, var, sonra dedilər ki, yoxdur».

Kəmalə Məmmədova deyir ki, tərbiyəçilərdən biri ona «yer yoxdu, düzəltmək də baha başa gələ bilər» söyləyib. 38 saylı uşaq bağçasının müdiri Sədaqət Qəribova isə deyir ki, nə Azərbaycan, nə rus bölməsində yerləri var. Onun sözlərinə görə, bağçada 95 uşaq üçün yer nəzərdə tutulsa da, onlar limiti aşıblar:

«Birtəhər sığışdırırıq, gəlirlər, amma yerimiz yoxdu. Nə edə bilərik? 95 uşaqlıq yerə 145-ə qədər uşaq yerləşdirmişik».

Səkinə İbadova isə «yerimiz yoxdu» cavabından ruhdan düşməyib, çətinliklə olsa da, evinin yaxınlığındakı bağçada uşağına yer edib:

«Çətin oldu. Amma dedim ki, evimiz bağçanın lap yaxınlığındadı. Ondan sonra götürdülər. Hər ay 20 manat ödəyəcəyəm».

Səkinə xanım deyir ki, bundan başqa müdirə birdəfəlik 30 manat, iki tərbiyəçiyə və bir texniki işçiyə isə hər ay 10 manat verəcək.

«Orda valideynlərdən soruşdum, dedilər ki, 10 manatdan vermək lazımdı».

Bəzi valideynlər hesab edirlər ki, uşaq bağçalarında qəsdən sıxlıq yarandığı bildirilir ki, valideyn bağça rəhbərliyi ilə dil tapmağa, yəni qeyri-rəsmi rüsum ödəməyə özləri təşəbbüs göstərsinlər.

Bu il uşaq bağçalarına həddindən artıq tələblə üzləşdiklərini deyən Bakı Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Zəminə Əliqızı isə bildirir ki, sıxlıq süni yaradılmayıb: «Ötən il uşaq bağçalarında uşaq qıtlığından dəhşətli dərəcədə şikayətçi idik. Amma bu il sıxlıq var».

Zəminə Əliqızının fikrincə, bu sıxlığı yaradan səbəb «Təhsil haqqında» qanun layihəsinə 5 yaşlı uşaqların məktəbəqədər hazırlığının olmasının vacibliyi ilə bağlı maddənin salınmasıdır.

«Görünür, bu söz-söhbət valideynləri məcbur edib ki, uşaqlarını bağçaya qoysunlar».

Uşaqların Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Yusif Bəkirov isə hesab edir ki, uşaq bağçalarında sıxlıq yaranması, yer tapılmamasının səbəbi iki il əvvəl uşaq bağçalarının özəlləşdirilməsiylə bağlı verilən prezident sərəncamdır: «Özü də hansı bağçalar özəlləşdirildi? Mərkəzdə olanlar. Ona görə də hazırda belə sıxlıq yaranıb».

Zəminə Əliqızı deyir ki, yaranan problemlə bağlı onlar təkliflər paketi üzərində işləyirlər. Onun sözlərinə görə, valideynlər həm də maddi-texniki bazası yaxşı olan bağça seçiminə üstünlük verdikləri üçün Bakıda olan bütün bağçaların şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. O ki qaldı bağça puluna, Zəminə Əliqızı deyir ki, onların tabeçiliyində olan bağçalar üçün aylıq ödəniş simvolik bir rəqəm-yəni 20 qəpikdir.
XS
SM
MD
LG