Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:32

«Rusiya Gürcüstandakı hərəkətlərinin əvəzini ödəyəcək»


Konqresmenlərin suallarına cavabında D.Frid deyib ki, Amerika Gürcüstanın NATO-ya inteqrasiya səylərini dəstəkləyir
Konqresmenlərin suallarına cavabında D.Frid deyib ki, Amerika Gürcüstanın NATO-ya inteqrasiya səylərini dəstəkləyir
«Rusiya Gürcüstandakı hərəkətlərinin əvəzini zamanla ödəyəcək». Bu bəyanatla ABŞ Dövlət katibinin müavini Daniel Frid Konqresin Xarici İşlər Komitəsində «Gürcüstan böhranından sonra Amerika-Rusiya münasibətləri» mövzusunda keçirilən dinləmələrdə çıxış edib.
«Turan» «Amerikanın səsi» radiosuna istinadən bildirir ki, cənab Frid deyib ki, Rusiyanın artan təcridinin qiymətini dərk etmək üçün bu ölkənin liderlərinə vaxt tələb olunacaq. Onun sözlərinə görə, xüsusilə son zamanlar Rusiyanın qiymətli kağızlar bazarını milyardlarla dolların tərk etməsi bu ölkənin ödəyəcəyi qiymətin ilk əlamətlərindən biridir.

Konqresmenlərin suallarına cavabında D.Frid deyib ki, Amerika Gürcüstanın NATO-ya inteqrasiya səylərini dəstəkləyir və region ölkələrinin ərazi bütövlüyünün qorunması üçün əlindən gələni edəcək:
«Biz inanırıq ki, Gürcüstan NATO ilə Fəaliyyət Planını uğurla başa çatdıracaq və növbəti mərhələlərə keçəcək. Amerika Gürcüstanın və regionun digər xalqlarının demokratik gələcəyinin yanındadır».
Dinləmələrə rəhbərlik edən Konqresin Xarici İşlər Komitəsinin sədri Havird Berman isə deyib ki, son hadisələr Amerikanın Rusiya ilə münasibətlərinə yenidən baxması və xarici siyasətdə dəyişikliklər etməsinə yetərincə əsas verib:
«Bu gün biz beş həftə əvvəl Gürcüstanda gözlənilməz qəddarlıqla baş verən böhranın nəticəsində Rusiya ilə Amerikanın gələcək münasibətlərini aydınlaşdırmalıyıq».
Cənab Berman Mixail Saakaşvilinin Rusiyanı qıcıqlandıraraq əməliyyatlara başlamaq qərarını «dəhşətli səhv» adlandırıb. Eyni zamanda, əlavə edib ki, heç nə Rusiyaya qonşusunun suverenliyinə və ərazi bütövlüyünə təhdid yaratmaq haqqı vermir. O, xatırladıb ki, hərbi əməliyyatlardan iki həftə sonra spiker Pelosinin xahişi ilə gürcü xalqı ilə həmrəylik nümayiş etdirmək və yardımla təmin etmək üçün Tbilisidə olub.
«İndi bizim təcili cavablandırmalı olduğumuz sual bütün bunlardan sonra Rusiya ilə gələcək münasibətlərimizin necə olacağıdır. Əgər Rusiyanın xarici siyasətinin başlıca məqsədi Amerikanın diplomatik məqsədlərini pozmaqdırsa, onda biz bir çox beynəlxalq çağırışlarda Moskvanın ümidverici müttəfiq olacağını necə gözləyə bilərik?», - deyə Komitə sədri vurğulayıb.

Konqresmen Robert Skott isə Daniel Friddən Avropanın və regionun enerji təhlükəsizliyinin təmini və gələcəkdə yeni təhdidlərdən qorunması barədə Vaşinqtonun planlarını soruşub. Frid deyib ki, ABŞ bu sahədə bütün ölkələrlə, xüsusilə də Azərbaycan və Ermənistan kimi dövlətlərlə əməkdaşlıq edəcək.
XS
SM
MD
LG