Mərkəzi Vaşinqtonda yerləşən Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin eksperti Bülent Əlirza «Azadlıq» Radiosuna müsahibəsində belə deyib.
-Bülent bəy, regiondakı son hadisələri təhlil edəndə Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın Qafqaz Sabitlik Paktı təklifi sizcə, nə dərəcədə real təklifdir?
-Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Qafqaz Sabitlik Paktı təklifini əvvəlcə Moskvaya aparmışdı, Vaşinqtonla koordinasiya etməmişdi. Türkiyə Moskva ilə münasibətlərinin pisləşməsini istəmir. Gələcəkdə də Ankaranın siyasəti bu olacaq ki, həm Vaşinqtonla sağlam siyasət qursun, həm də Rusiyanı narahat etməsin. Təbii ki, Türkiyə Minsk qrupuna daxil olsa, bu, yeni bir vəziyyət yaradacaq. Vaxtilə Ermənistan Türkiyənin Minsk qrupuna həmsədrlik etməsinin əleyhinə idi. Azərbaycan isə bunda israr edirdi. Məncə, burada vacib olan budur - Türkiyə ilə Rusiya öz aralarında dialoq qura bilsələr, bu, bəlkə də Ermənistanla Azərbaycan arasındakı problemlərin çözümünə yardımçı ola bilər. Yaddan çıxarmayaq ki, Ermənistanın prezidenti Serj Sərkisyan bu yaxınlarda Moskvada səfərdə oldu, bundan sonra da Azərbaycanın dövlət başçısı rusiyalı həmkarı ilə görüşdü. Göründüyü kimi indiki məqamda Rusiya amili çox vacibdir.
- Bəs Vaşinqton amili necə?
- Təbii ki, Vaşinqton Gürcüstanın müstəqilliyini qorumağa çalışacaq. Amma yeni siyasi vəziyyətdə Vaşinqtonun nə edə biləcəyi mübahisəlidir. Rusiya regiona çox yaxındır. Artıq güc tətbiq edə biləcəyini də əyani sübut etdi. Vaşinqton bu situasiyaya qarşı uzunmüddətli bir strategiya qurmaq istəyirsə, onda mütləq Ankara ilə yaxınlaşmalıdır. Ankara isə gördüyünüz kimi Rusiya ilə konfrantasiyaya girmək istəmir. Bu baxımdan Amerikadakı seçkidə Rusiyaya qarşı sərt mövqeyi ilə seçilən respublikaçı Con Makkeyn qalib gəlsə belə, Amerikanın regiona təsir imkanları məhduddur.
- Sözünüzdən belə çıxır ki, regionda Rusiya Amerikaya nisbətən daha güclüdür?
- Bəli, indi vəziyyət belədir. Vaxtilə, Rusiya zəif olanda Amerika daha güclü görünürdü. İndi neft qiymətlərinin yüksəlməsi hesabına Rusiya çox inkişaf edib. İndi sual budur - Amerika bütün gücünü toplayıb Qafqazda qüvvələr nisbətini öz xeyrinə dəyişə bilərmi? Buna əmin deyiləm. Məncə, ABŞ üçün Ukraynanın mənafeyi Gürcüstandan daha vacibdir. Çünki Ukrayna Avropaya daha yaxındır, ona təsir etmək daha asandır.
- Amma Qafqaz da Qərb üçün xeyli vacibdir. Qərbin Rusiyanın enerji asılılığından qurtarmaq, enerji mənbələrini müxtəlifləşdirmək üçün bir yolu da Transxəzər layihələrinin keçəcəyi Qafqaz ola bilər. Ən azı bu baxımdan ABŞ regiona Rusiyaya güzəştə gedərmi?
- Təbii ki, bu belədir. Amma burada kilid rolu oynayan Türkiyədir. Türkiyə eyni zamanda həm Şərq-Qərb transqafqaz kəmərinin, həm də Şimal-Cənub kəmərinin qurulmasında önəmli rol oynadı və iki enerji kəmərini də balanslaşdırmağa çalışır. Elə Azərbaycan da bu cür-balanslı siyasət yeridir. Rusiyanın «Qazprom» şirkəti rəsmi Bakıya müraciət edib ki, ona qaz satsın. Amerikanın vəziyyəti isə başqadır. Məlum deyil ki, Avropa Birliyi Birləşmiş Ştatları nə vaxta qədər dəstəkləyəcək. Odur ki, Amerikanın öz gücünü Qafqazda sərf edəcəyi sual doğurur. Vaşinqton özü Əfqanıstanda, İraqda güc itirir, bundan başqa İranla münasibətləri pisdir, qarşıda özünün prezident seçkiləri var.
- Bəs sizcə, bundan sonra Amerika ilə Rusiya Qarabağ məsələsində Minsk qrupunun daxilində əməkdaşlığı mümkündürmü?
- Çox çətin olacaq. Amerikanın viste-prezidenti Dik Çeyninin Bakı, Tbilisi və Kiyevdə açıqlamalarını təhlil etsək, görərik ki, Rusiya ilə Amerika arasındakı münasibətlər bundan sonra çox çətin olacaq. Minsk prosesi indiyə kimi də müvəffəqiyyətli olmayıb. İndi əsas diqqət edilməli məqam budur ki, bu münaqişənin həllində Türkiyə ilə Rusiya necə əməkdaşlıq edəcəklər. Türkiyə təbii ki, Azərbaycanla qardaş dövlətdir. Amma Ermənistanla münasibətlərdə də yeni mərhələ başlaya bilər. Ola bilsin ki, Rusiya Ermənistana təzyiq etsin ki, Ermənistan Türkiyəyə güzəştə getsin. Amma hələ o nöqtədə deyil, hələ bəlli deyil ki, Rusiya əlindəki kartları necə oynayacaq.
- Deməli, Moskva istəyir ki, Türkiyə vasitəçi olsun?
- Bunu da indidən demək olmaz. Amma Moskva ilə yaxın bir dialoq var. Bunu baş nazir Ərdoğanın Qafqaz Sabitlik paktını əvvəlcə Moskvaya aparması da sübutdur. Hər halda indi biz keçmişdə baş verməmiş bir vəziyyəti görürük. Moskva Türkiyəni özünə qarşı çevirmək, Vaşinqtonla bir yerdə görmək istəmir. Odur ki, Rusiya Ermənistana təzyiqi mümkündür. Rusiya ilə Türkiyənin dialoqu Qafqazdakı vəziyyəti dəyişə bilər.
- Sizcə, belə vəziyyətdə Azərbaycan hökumətinin mövqeyi necə olmalıdır?
- Əminəm ki, Gürcüstanla münaqişədən sonra Azərbaycan prezidenti də Rusiya ilə yaxın münasibətini saxlamağa çalışacaq, İranla yaxından dialoq qurmağa cəhd göstərəcək. Bakı mütləq şəkildə başa düşür ki, Vaşinqton çox məşğuldur. Odur ki, Azərbaycan hökuməti öz mənafeyi üçün Rusiya ilə yaxşı münasibət quracaq.