Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:06

«Hərbi gücdən istifadə münaqişənin həlli yolu ola bilməz»


«Həm Amerika, həm də Rusiya uzun müddətdir bildirirlər ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması onların maraqlarına uyğundur»
«Həm Amerika, həm də Rusiya uzun müddətdir bildirirlər ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması onların maraqlarına uyğundur»
«Cənubi Osetiyadakı vəziyyət Qarabağ münaqişəsindəki bütün tərəflərə bir görk oldu ki, hərbi gücdən istifadə münaqişənin həlli yolu ola bilməz» - «Azadlıq» Radiosuna eksklüziv müsahibəsində Beynəlxalq Böhran Qrupunun Avropa proqramının direktoru Sabin Freyzer belə deyib.

-Cənubi Osetiya münaqişəsindən öyrəniləsi dərslər var və bu müsbət haldır. Amma o biri tərəfdən Minsk qrupu öz işini davam etdirməlidir, həmçinin Rusiyayla Amerika da problemin həlli istiqamətində birgə işi davam etdirməlidirlər.

-Cənubi Osetiya münaqişəsinə görə Rusiyayla Amerikanın arası dəyib – bu Qarabağ danışıqlarının dalana dirənməsi ilə nəticələnə bilərmi?

-Mən ümid edirəm ki, bu belə olmayacaq. Həm Amerika, həm də Rusiya uzun müddətdir bildirirlər ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Qarabağ probleminin həlli onların maraqlarına uyğundur. Biz bilirik ki, son bir neçə ildə Minsk qrupunun amerikalı və rusiyalı həmsədrləri arasında münasibətlər çox yaxşı olub. Mən ümid edirəm ki, onlar Minsk qrupu çərçivəsində birgə işləməkdə davam edəcəklər. Baxmayaraq ki, Gürcüstanla bağlı məsələdə iki ölkə arasında dərin fikir ayrılıqları var.

-Dediniz ki, Cənubi Osetiya münaqişəsi Qarabağ münaqişəsindəki tərəflərə də görk olacaq. Düşünmək olarmı ki, bununla Qarabağda yeni müharibənin başlanması ehtimalları sıfıra endi.

-Bir məsələ aydındır ki, baxın Gürcüstan 2004-cü ildən bəri öz hərbi büdcəsini artırırdı, hərbi sahəyə böyük pullar sərf olundu. Biz gördük ki, hətta bundan sonra da müharibəni udmaq mümkün olmadı. Onlar dərhal geri çəkilməyə məcbur oldular, ordu hissələri arasında əlaqə problemləri yarandı. Açıq-aydın göründü ki, onlar bu müharibəyə hazır deyillər.
Azərbaycan və Ermənistan da oxşar şəkildə öz hərbi büdcələrini artırırlar. Cənubi Osetiya münaqişəsinin əsas dərsi o oldu ki, məlum oldu ki, bir neçə il ərzində orduya böyük pullar sərf eləməklə belə mürəkkəb münaqişələri, o cümlədən Qarabağ problemini həll etmək mümkün deyil.

-Sizcə Qarabağda yeni müharibə olarsa, Rusiya Gürcüstan məsələsində olduğu kimi hərbi müdaxilə edə bilərmi?

-Bu sual olaraq qalır. Biz bilirik ki, Rusiya Ermənistanın təhlükəsizliyinə qarant kimi çıxış edir. Çox mümkündür ki, əgər Azərbaycan Qarabağı hərbi yolla azad etmək qərarına gəlsə, Rusiya mürəkkəb bir vəziyyətə düşəcək. Mən bilmirəm ki, o, münaqişəyə aktiv şəkildə müdaxilə edəcəkmi, Ermənistana kömək üçün öz qoşunlarını göndərəcəkmi. Amma bir məsələ aydındır ki, Rusiyanın Ermənistan qarşısında müəyyən öhdəlikləri var və bu elə bir şeydir ki, Azərbaycan onu nəzərə almalıdır – nəzərə almalıdır ki, Rusiyanın reaksiyası nə ola bilər. Düzdü Azərbaycanın da öz müttəfiqləri var. Amma məncə ən pis nəticə o ola bilər ki, Qarabağda yeni müharibə Rusiya, Türkiyə və başqa dövlətlərin cəlb edildiyi əsl regional konfliktə çevrilə bilər. Bu baxımdan mən ümid edirəm ki, Avropa Birliyi və Amerika Qarabağ probleminin həlli üçün daha çox qüvvə sərf edəcəklər. Məncə həm Amerikada, həm Avropada daha çox anlamağa başladılar ki, donmuş münaqişələr nə qədər təhlükəlidir. Cənubi Osetiya münaqişəsi göstərdi ki, belə kiçik konfliktlər çox asanlıqla qlobal münaqişələrə çevrilə bilər. Bu baxımdan Qarabağ münaqişəsindəki bütün tərəflərin bu münaqişənin həlli üçün səylərini artırması vacibdir.

-Türkiyə və Ermənistan daha yaxın əlaqələr qurmaqda maraqlı görünürlər. Sizcə bu, Qarabağ danışıqlarına necə təsir edə bilər?

-Şəxsən mən hesab edirəm ki, Türkiyə prezidenti Gülün Yerevana səfəri çox müsbət haldı. Türkiyə və Ermənistan arasında münasibətlərin yaxşılaşması təkcə bu iki ölkə üçün faydalı deyil, həm də bütün region üçün yaxşıdı. Türkiyə Azərbaycanın yaxın müttəfiqidir və Azərbaycanın maraqlarını dəstəkləyir. Ümid edirəm ki, Türkiyə Qarabağ probleminin həllində faydalı vasitəçi kimi çıxış edə bilər.

-Sizcə, bu mümkündürmü, Ermənistan lap əvvəldən Türkiyənin Minsk qrupunun həmsədri olmasına qarşı çıxıb.

-Türkiyə üçün Minsk qrupu formatında rəsmi vasitəçi olmaq çox çətin olardı, amma məncə münaqişənin həllinə kömək üçün başqa mexanizmlərin istifadəsi faydalı ola bilərdi. Və bu mənada Türkiyə çox mühüm rol aynaya bilər.

-Türkiyə hansı mexanizmlərdən istifadə edə bilər?

-Türkiyənin Cənubi Qafqazda çox mühüm maraqları var. Bunlar arasında neft-qaz kəmərləriylə bağlı maraqlar xüsusi qeyd olunmalıdır. Türkiyəylə Ermənistan arasında problemlər var, amma fikrimcə, hər iki ölkədə belə düşünənlər artır ki, sərhədlərin bağlı olması onlara sərfəli deyil. Anlayırlar ki, Cənubi Qafqaz daha stabil olarsa, Qarabağ problemi tez həll edilərsə, bu təkcə Azərbaycanla Ermənistana yox, Türkiyəyə də xeyir olacaq.
XS
SM
MD
LG