Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:02

«Azərbaycanlılar kilsədə cadu sındırırlar…»


Bakıda pravoslav kilsəsi
Bakıda pravoslav kilsəsi
Pravoslav və katolik kilsələrindən reportaj

Kilsədə ibadət bir azdan başlayacaq, amma indidən ikigünbəzli kiçik kilsənin dəmir barmaqlı qapısı sakit dayanmır, ziyarətçilər ikibir-üçbir gəlib içəri keçirlər...

Bakıda pravoslav kilsəsi Sovet hökumətinin ateizm ideologiyası dövründə də var idi. Məscidlər kimi burada da əsasən bayramlarda gələrmişlər. Ruslar xristianlığın pravoslav qoluna mənsubdurlar.

Amerika Dövlət Departamentinin din azadlığı ilə bağlı axırıncı hesabatı da Azərbaycanda - xristianlığın pravoslav və katolik məzhəbinə aid olanların yox, protestantların hüquqlarının pozulduğunu deyir. Bakıda müşahidəçilər deyirlər ki, bu, Azərbaycan hökumətinin bir növ balans siyasəti ilə bağlıdır. Pravoslavlar Bakıda dini icma kimi oturuşublar, həm də hökumət Rusiya ilə münasibətlərini korlamaq istəmir, katoliklər isə Qərblə yaxınlaşma simvoludur. Amma protestanların vahid dini mərkəzi yoxdur, üstəlik, bu məzhəbin özündə sektantlıq var deyə, hökumət müxtəliflikdən çəkinir. Amma Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov deyir ki, hökumət məzhəblər arasında ayrı-seçkilik qoymur.
«Bu kilsəyə bakılı ermənilər tez-tez gəlirlər»

Həmsöhbətim İqor da pravoslavdır, deyir ki, özünü Bakıda yaxşı hiss edir, ürəyi istəyəndə kilsəyə gəlib rahat ibadətini edir, şəhərdə boğazından xaçını asıb gəzir, ona buna görə «gözün üstə qaşın var» deyən yoxdur. Amma özünün də, tanıyanların da həmişə yadındadır ki, onun dini başqadır:

«Deyirlər ki, sən russan get, amma elələri də var, bizi başa düşür, deyir ki, nə fərqi var, rus, azərbaycanlı, gürcü, tatar, yəhudi fərqi yoxdur. Sadə adam ol və Tanrıya inan!»

İqor deyir ki, bu kilsə həm də müxtəlif millətləri görüşdürən mərkəzdir. Yaydakı Rusiya Gürcüstan münaqişəsindən sonra da Bakıdakı gürcü və rus pravoslavların bir-birinə münasibəti dəyişməyib, bakılılar bir yerdə mehriban ibadət edirlər.

- Gürcülər gəlir bura, ermənilər gəlir...
- Bakıda yaşayan ermənilər?
- Hə. Amma onlar gizlədirlər, demirlər ki, ermənidirlər, qorxurlar, eləcə deyirlər ki, xristianıq...
«Azərbaycanlılar bu kilsədə daha çox cadu sındırırlar»

Kilsənin qarşısında buranın həmişəki sakinləri əyləşiblər. Çəhrayı yanaqlı, boyalı dodaqlı, dolubədənli, rus nənələri. Fəridə nənə elə Bakıda doğulub, deyir ki, Bakı onun öz evidir, dininə görə ona fərq qoyan yoxdur:
«Böyük ölkədir, gözəl ölkədir. Azərbaycanlılar dostcanlıdırlar. Biz hamıya hörmət edirik, hamını sevirik».

Fəridə nənə danışır ki, Sovet dövründə Bakıda ruslara münasibət yaxşı olub, bu əhval müstəqillikdən sonra da qalır. Amma yeni dövrdə pravoslav kilsəsində vəziyyət bir az dəyişib, bura azərbaycanlılar daha çox gəlməyə başlayıb. Onların məqsədi heç də həmişə dua etmək deyil.

Bakıda Pravoslav kilsəsi
Əlimdəki diktofonla məni kilsəyə buraxmaq istəmirdilər. Kilsənin gözətçisi hər vəchlə inandırmaq istəyir ki, içəri keçmək olmaz. Axır ki, qara, uzun əbalı, uzun saqqallı pravoslav keşiş kilsənin ağzında görünür. Oleq Ata müsahibəyə razılıq vermir, amma kilsəni gəzmək olar.

Kilsə pravoslav inancına xas bütün təmtərağıyla bəzədilib. Divarlara müqəddəslərin portretləri asılıb. İri zalı ancaq cürbəcür şamlar işıqlandırır, İçəri yarımqaranlıqdır. Xidmətçilər səssiz-səmirsiz ora-bura qaçır, bayram hazırlığı görürlər. Bir azdan üçnəfərlik kiçik kilsə xorunun məşqi də başlayır.

Üzünü mehraba tutub dua edənlərin sifət cizgiləri gözlədiyimin əksini deyir. Onların arasında xeyli azərbaycanlı var. Bu qadın başına müsəlman hicabı örtüb:

- Müsəlmansız hə?
- Bəli
- Nə yaxşı gəlmisiz bura?
- Allahın evidir də. Dua etməyə gəlmişəm ki, işlərim alınsın.
- Məscidlə ürəyiniz soyumur hə?
- Mən fərq görmürəm.
- Dininizi dəyişərsiniz?
- Yox, heç vaxt, mən müsəlmanam.

Başqa bir xanım isə əlində bir fotoşəkil bayaqdan narahat-narahat girib çıxır. Kənara çəkilib söhbət edirik, deyir ki, kilsədə dua yazdırıb, dua təsirini göstərməyib deyə, indi həmin keşişi axtarır. Qadının həyat yoldaşının 92 yaşı var, 40 gündür ki evdən çıxıb, bir də qayıtmayıb:

- Rus kilsəsində də dua yazdırdınız?
- Yazdırdım, xeyri olmadı
- Nə qədər pul vermişdiniz?
- «25 şirvan» pul vermişdim, dedi ki, get bunu qırmızı parçaya tik, yoldaşın filan saatda burada olacaq. Heç bir xeyri olmadı. İndi həmin adam yoxdur burada. Bayaq mənə deyirlər ki, ay xala, sakit dur, eşidən olar. Eşitsinlər də. Mənim «25 şirvan» pulum yerdən çıxmır ki?!
Kilsənin başqa sakinləri də təsdiqləyirlər ki, azərbaycanlılar bura daha çox dua yazdırmağa gəlirlər.

- Burada cadu sındırırlar, təmizləyirlər. Burada bilirsiniz nə pul qazanırlar.
- Təkcə cadu sındırırlar?
- Yox, kim təzə maşın alır, gəlir burada «təmizlətdirir».

Amma keşiş Oleq Ata deyir ki, bu ittihamlar düz deyil, bu kilsədə ancaq ibadət edirlər.

Bura gələn azərbaycanlılar arasında dinini dəyişənlər, birdəfəlik üzünü kilsəyə tutanlar da var. Cəfərin 32 yaşı var, deyir ki, artıq üç ildir ki, kilsəyə gedib gəlir:

- Kilsəyə gəldiyinizə görə sizə münasibəti dəyişən yoxdur ki?
- Var, qohum-əqrəba mənə birtəhər baxır. Olsun da. Mən tam demokratik adamam. Mən harada rahatlıq, sakitlik tapıram.
Pravoslav kilsənin ənənəvi sakinləri isə təzə üzvlərin gəlişindən narazı deyillər, əksinə, məmnundurlar.
Bakının təzə kilsəsi

Bakıda Sovet istilasına qədər katolik kilsəsi olub, amma ittifaq vaxtı işini dayandırıb. Müstəqillikdən sonra Qərblə yaxınlaşma simvolu kimi kilsəni yenə açıblar. 2002-ci ildə Roma papası 2-ci İohan Pavel özü durub gəlib kilsənin açılışında iştirak edib. Bu kilsəni – «Müqəddəs Məryəm»i isə bir qabaq istifadəyə veriblər, təzədir (Split kondinsionerli, plastik pəncərəli- qapılı).
«Müqəddəs Məryəm» kilsəsi
Katoliklərin simvolu olan orqanı, xoru, sinifotağısayağı skamyaları da öz yerində. Pravoslav kilsəsindən fərqli olaraq, içəri girməyimə heç kim mane olmur. İçəridə messadır, ibadət vaxtıdır. Adamlar müasir geyimlidirlər, qızların arasında dizdən yuxarı geyənlər də var. Katoliklərə görə, geyimin fərqi yoxdur, bunun insanla Tanrı arasındakı münasibətlərə təsiri ola bilməz. Katolik kilsəsinin keşişləri də ibadət bitən kimi əbalarını çıxarıb, adi, gündəlik paltarlarını geyirlər.

Yan Atanı Bakıya Vatikan göndərib. Milliyyətcə slovakdır. Deyir ki, Bakı onun xoşuna gəlir: «Bakıda hər şeydən razıyam, burada ürəyimiz istəyən kimi ibadət edə bilirik».

Katolik kilsəsinə gələnlər daha çox Qərb dövlətlərinin Bakıdakı səfirliklərində işləyənlərdir. Onlar da məmnundurlar. Kilsə təmiz, şərait yaxşıdır.

Kristina isə Filippin vətəndaşıdır: «Hə, biz dinlə bağlı heç bir problem görmürük. Bakıda hər kəsin öz dinini seçmək hüququ var. İnsanların seçimi azaddır».

Oli də deyir ki, öz ölkəsində, Filippindəki ibadətini burada da yerinə yetirə bilir: «Bu kilsədən xoşum xoşuma gəlir. Biz həmişə bura gəlirik. Mənim fikrimcə, burada xristianlara qarşı ayrı-seçkilik yoxdur».

Elvin isə bu kilsəyə bir ilə yaxındır ki, gəlir, 18 yaşı var, deyir ki, gələcəkdə Qafqazda tolerantlıq barədə kitab yazmaq istəyir. Bildirir ki, bu kilsədə dinini dəyişməyi ona heç kim heç nə təklif etməyib, islamı öyrənəndən sonra, indi də xristianlıqla maraqlanır, bu dini qəbul etməyə hazırlaşır.

Bu kilsədə xor ingilis, rus və Azərbaycan dilindədir. Elə ibadətlər də üç dildə olur. «Müqəddəs Məryəm» kilsəsinə gələnlər da getdikcə çoxalır.

2002-ci ildə Bakıda təqribən 80 nəfər katolik var idisə, indi onların sayı 600-ə yaxındır.
XS
SM
MD
LG