Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:20

5 min manat qəzetlərin hansı dərdinə dərman oldu?


Elçin Mirzəbəyli və Şirzad Məmmədli
Elçin Mirzəbəyli və Şirzad Məmmədli
Bir neçə ay öncə «Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinə dövlət dəstəyi» konsepsiyasına uyğun olaraq prezident bəzi KİV-lərə maliyyə yardımı edib. Maraqlıdır, hər qəzetə edilən 5 min manat yardım hansı dərdə dərman oldu? Bu sualı «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonaqları cavablandırıblar.

«Mərkəz» qəzetinin baş redaktoru Şirzad Məmmədlinin fikrincə, 5 min manatla rəhbərlik etdiyi nəşrin bütün problemlərini həll etmək mümkün deyil:

«Mətbuatın problemləri kifayət qədərdir. Hələ də köhnə kompyuterlərlə işləyirik, texniki imkanlar çox azdır, internetə qoşulmaq qeyri-mümkündür. Əgər bu pula 10 kompyuter ala bilsək, görün, bir jurnalisti nə qədər problemdən qurtara bilərik?».

Ş.Məmmədli deyir ki, 5 min manatın hələ bir qəpiyinə də dəyməyiblər:

«Kollektivlə yığışıb, bu pulu nəyə xərcləyəcəyimizi müzakirə etmişik. Amma tam qərar verməmişik».

«Xalq Cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə deyir ki, pulun bir hissəsi artıq xərclənib:

«5 min manatın əhəmiyyətli hissəsini jurnalistlərin arasında böldük. Maddi yardım kimi onların maaşına əlavə etdik. Çalışacağıq ki, heç olmasa qəzetin bəzi problemlərini həll edək».

«Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu daha konkret rəqəm açıqlayır. Deyir ki, dövlət yardımının yalnız 500 manatına dəyiblər:

«Bu pulu çətinliklə olsa da xilas etdik. Çünki bizim qəzetin hesabını bağlamaq ərəfəsində idilər. Pulu hesabdan götürdük. Hələlik 500 manatını xərcləmişik. 200 manatı Mirzə Sakitin ailəsinə, 300 manatı isə mərhum fotojurnalist Alim Kazımlının ailəsinə yardım kimi vermişik. 4500 manat saxlanılıb. İstəyirik o məbləğə də texnikanı təzələyək».
XS
SM
MD
LG