Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:04

«Bu il insan alveri ilə bağlı 289 cinayət faktı aşkarlanıb»


Daxili İşlər Nazirliyinin bölmə rəisi Tahir Aslanov və araşdırmaçı jurnalist Səbinə Əvəzqızı «Can Bakı»nın qonağıdır
Daxili İşlər Nazirliyinin bölmə rəisi Tahir Aslanov və araşdırmaçı jurnalist Səbinə Əvəzqızı «Can Bakı»nın qonağıdır
«2008-ci ilin 8 ayı ərzində Azərbaycanda insan alveri ilə bağlı 289 cinayət faktı aşkarlanıb» – bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin bölmə rəisi Tahir Aslanov deyib.

Onun sözlərinə görə, sırf insan alveri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144/1 maddəsi üzrə 63 fakt aşkar edilib, 72 nəfər cinayət məsuliyyətinə cəlb olunub və 66 nəfər belə cinayətlərin qurbanı olub. Eyni zamanda, 289 cinayət faktından 85-i fahişəliyə cəlb olunma faktıyla bağlıdır.

Tahir Aslanovun dediyinə görə, insan alveri probleminin ciddiliyi və beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınaraq 2004-cü il mayın 6-da «İnsan Alverinə Qarşı Mübarizə üzrə milli fəaliyyət planı» təsdiq olunub: «2005-ci ildə qanun qəbul edildi, məcburi əmək, insan alveri ilə bağlı yeni maddələr daxil olundu. İnsan alveri qurbanlarına kömək fondu, eyni zamanda, qaynar xətt yaradıldı».
İnsan alveri sahəsində araşdırmalar aparan jurnalist Səbinə Əvəzqızının sözlərinə görə isə, sözügedən qaynar xətt aktiv fəaliyyət göstərmir: «Düzdür, qaynar xəttə xeyli zənglər gəlir. Amma insanlar problemlərini tam söyləyə bilmirlər, çünki qorxurlar. Səbəbsiz qorxu yoxdur. Əgər insan bilsə ki, onun arxasında Daxili İşlər Nazirliyi axıra qədər dayanacaq, onu bütün təhlükələrdən qoruyacaq və günahkarlar tapılıb, cəzalandırılacaq, onda qorxmaz. Qaynar xəttin həqiqətən də faydası olar».

Tahir Aslanov onu da dedi ki, artıq 21 qeyri-hökumət təşkilatı ilə əməkdaşlıq edirlər. 2004-2007-ci illərdə 60-a yaxın şəhər və rayonda seminar-təlimlər keçiriblər. İnsanlar arasında maarifləndirmə aparıblar: «Təkcə bu ilin 8 ayı ərzində 50-yə yaxın belə tədbirimiz olub, hələ də davam etdirilir».

Səbinə Əvəzqızı araşdırma zamanı üzə çıxardığı bir faktdan söz aşdı. Məlum oldu ki, bütün dünyada insan alveri qurbanlarını daha çox internetlə cəlb edirlər. Azərbaycanda isə qurbanları ən yaxın adamları «tora salır»lar: «Əyalətdə olan qızın interneti yoxdur. O, iş axtararkən yaxın qohumuna inanır. Belə çıxır ki, biz öz evimizi elə özümüz yıxırıq. Buna görə də maarifləndirməni daha güclü aparmaq lazımdır. Yəni, insan hətta öz yaxınına da inanmamalı, cahilliyin qurbanı olmamalıdır».

Tahir Aslanov sonda əlavə etdi ki, 2008-ci ilin ötən dövrü ərzində insan alveri qurbanlarından 44 nəfəri təhlükəsizlik sığınacağına yerləşdirilib. Onlardan 28 nəfərinə 33 manat məbləğində müavinət verilib. Eyni zamanda, məhkəmə proseslərində 7 qurbana cinayət nəticəsində dəymiş maddi ziyanın ödətdirilməsi təmin edilib. Həmçinin onlar təhlükəsizlik sığınacaqlarından çıxandan sonra işlə təmin olunublar.

Buna da bax:

XS
SM
MD
LG