Sentyabrın 25-də məhkəmə Qənimət Zahidin əlyazmalarla bağlı iddiasına baxıb. Proses növbəti sonuncu dəfə təxirə salınıb. Səbəb cavabdeh tərəfin məhkəmənin tələb etdiyi aktları gətirməməsi olub.
Jurnalistin vəkili Elçin Sadıqov «Azadlıq» radiosuna deyir ki: «Biz tələb etmişdik ki, aktların rəsmiləşdirilməsi ilə bağlı sənədləri və şahidləri dəvət etsinlər və məhkəmə keçən prosesdə bu vəsatətimizi təmin etmişdi. Əsasən o aktları imzalamış şahidlər gəlib prosesdə iştirak etdi, ancaq cavabdeh aktların rəsmiləşdirilməsi ilə bağlı sənədləri gətirməmişdi. Məhkəmə sonuncu dəfə oktyabrın 3-nə təxirə salındı. Həmin vaxt məhkəmə çıxışları olacaq və qərar veriləcək»
Elçin Sadıqov deyir ki, o məhkəmədən ədalətli qərar çıxarılacağını gözləmir: «Məhkəmə siyasi sifarişlə həyata keçirilir. Qanunda nə yazılmasından asılı olmayaraq, məhkəmə bu hərəkətə haqq qazandıracaq».
Qənimət Zahidin əlyazmaları Bayıl təcridxanasında müsadirə edilib, geri qaytarılmayıb.
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıqda günahlandırılıb, 4 il həbs cəzası alıb. Jurnalist isə peşə fəaliyyətinə görə həbs olunduğun bildirir.