Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:37

Narıncı respublika rəngini dəyişəcəkmi?


Ukrayna prezidenti Viktor Yuşşenko və baş nazir Yuliya Timoşenko
Ukrayna prezidenti Viktor Yuşşenko və baş nazir Yuliya Timoşenko
Ən azı coğrafi baxımdan bütün ölkələr üçün şərq – qərb bölgüsü labüddür, bütün ölkələrin istisnasız olaraq şərqi və qərbi olur. Amma Ukraynada bu, bir qədər kəskin xarakter daşıyır. Ölkənin coğrafi kəsimlərini ciddi siyasi, kulturoloji, hətta demoqrafik fərqlər ayırır. Bu mənada Ukrayna etnik cəhətdən mürəkkəb xarakter daşımasa da, politoloji aspektdən çox qəliz ölkədir. İndi qonşu Rusiya bu mürəkkəblikdən özü üçün xilas yolu axtarır.
Rusiyanın ümidi Ukraynanı yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. MDB-nin sonuncu tədbirində Ukrayna iştirak etmədi. Onlar bunu çox sadə şəkildə izah etdilər – Ukrayna MDB-nin üzvü deyil, çünki bununla bağlı sənəd hələ bu vaxta qədər parlamentdə ratifikasiya edilməyib. Rusiya isə ümidini itirmir.

Hərçənd Ukraynada narıncı inqilab baş verəndə Kremlin rəsmi ideoloqlarından biri Qleb Pavlovski maraqlı fikir demişdi: «O şey ki, baş verməlidir, onun qarşısını almağa dəyməz!» Amma Rusiya siyasətçiləri bununla razılaşmaq istəmədilər və o vaxt uduzdular. Böyük ehtimalla indi də uduzacaqlar. Düzdür, Ukraynanın Rusiyadan asılılığı böyükdür. İki dövlət arasındakı ticarət dövriyyəsi təxminən 20 milyard dollar təşkil edir. Bu, Qərb ölkələrilə müqayisədə xeyli böyükdür.

Ukrayna Rusiyanı niyə bu qədər narahat edir? Axı, hətta bəzi rusiyalı politoloqlar çoxdan bu ölkəni Qazaxıstanla əvəz etməyi təklif edirlər. Amma məsələ düşünülən qədər də sadə deyil. Ukraynanın ciddi geosiyasi planları var.
Söhbət Ukrayna ilə Gürcüstanın gələcək taleyindən gedir. Qərb dövlətləri indi diqqətlərini bu iki ölkə üzərində cəmləşdiriblər. Artıq dekabr ayında müəyyən məsələlərə aydınlıq gəlməlidir
Bu planları həyata keçirmək üçün prezidentə siyasi sərbəstlik lazımdır. Bu planlar nəinki MDB-nin, hətta bölgənin geosiyasi arxitekturasını ciddi şəkildə dəyişmək iqtidarındadır. Söhbət Ukrayna ilə Gürcüstanın gələcək taleyindən gedir. Qərb dövlətləri indi diqqətlərini bu iki ölkə üzərində cəmləşdiriblər. Artıq dekabr ayında müəyyən məsələlərə aydınlıq gəlməlidir. Bəyanatlar səviyyəsində hər şey qaydasındadır, amma məsələlər təkcə bəyanatlarla həll olunmur. Qərb Ukraynaya da, Gürcüstana da ciddi təminatlar verməlidir.

Ukraynanın MDB-dən uzaqlaşması təkcə onun siyasi sərhədlərini daraltmır. Hərçənd bu da çox ciddi faktordur. Ukraynanın timsalında NATO Rusiyanın sərhədlərinə daha da yaxınlaşa bilər. Üstəlik, MDB özü ciddi modifikasiyaya məruz qalacaq. İndi Rusiya siyasətçiləri ümid edirlər ki, NATO-nun bölgəyə sirayət edəcəyi təqdirdə öz hərbi çətirini gücləndirə biləcək. Amma bu, illüziyadır. Hətta Orta Asiyanın avtoritar rejimləri perspektivdə MDB-yə ciddi qurum kimi yanaşmırlar. Rusiya onlara hələ ki öz avtoritar siyasi rejimlərini saxlamaq üçün Qərb qarşısında bir sipər kimi lazımdır. Rusiya da bu sipəri onlar üçün təmin edir.

Ukraynadakı proseslərdən GUAM-ın da taleyi asılıdır. Moldovanın tərəddüdləri məlumdur. Azərbaycanın da mövqeyində qeyri-sabitlik artıq özünü təzahür etdirir. Hətta bəzi dövlət rəsmiləri Avropa strukturlarına, Avropa Birliyinə inteqrasiya fikrində olmadıqlarını bəyan edirlər. Bu, artıq yeni tendensiyadır. Avropa strukturlarının tənqidi Azərbaycan rəsmilərinin bəyanatlarında həmişə təzahür edib. Amma strateji baxımdan həmişə Avropaya üstünlük verildiyi bəyan edilib. İndi deyəsən vurğular dəyişir.

MDB-nin son sammitində Azərbaycan rəhbərliyi də iştirak etmədi. Bunu ölkədəki prezident seçkisi ilə izah etdilər. Amma ən ötəri müşahidələr belə Azərbaycanla Rusiya arasındakı məsafənin sıxlaşdığını deməyə əsas verir. Təbii ki, Azərbaycanın siyasi elitası çalışardı ki, Rusiyadan da müəyyən məsafə saxlasın. Təbii ki, bu hansısa sırf patriotik hisslərdən irəli gəlmir. Burada ciddi hesablanmış siyasi məntiq var. Azərbaycan hökuməti indi heç kimdən, hətta öz cəmiyyətindən, yerli ictimai rəydən asılı deyil.

Onlar bu müstəqilliyi qoruyub saxlamağa çalışırlar. Elə Qərb dövlətləri ilə təmaslardan qaçmaq da bununla bağlıdır.
Hər halda yaxın vaxtlarda bir çox məsələlərə aydınlıq gələcək. İndi ən çox maraq kəsb edən Ukrayna və Gürcüstandır. Təcrübə göstərir ki, demokratiya heç vaxt lokallaşmır, qonşu ərazilərə də sirayət edir. Qərb – Rusiya qarşıdurmasında Qərb qalib gələ bilsə bu, digər respublikaların da durumuna təsir edəcək, çünki heç kim siyasi vakuumda yaşamır və siyasət ümumiyyətlə vakuumu sevmir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG