Azad Avropa və Azadlıq Radioları Korporasiyası Milli Teleradio Şurası (MTRŞ) sədrinin xarici radiostansiyaların Azərbaycanda sərbəst yayımının 2009-cu ildən dayandırılması ilə bağlı rəyinə münasibət açıqlayıb.
Korporasiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, situasiyadan xəbərdardırlar və məsələni ciddiyyətlə nəzərdən keçirirlər. «Biz hələ də məlumatı qiymətləndiririk və necə cavab verəcəyimizlə bağlı qərar qəbul etmək üzrəyik. Biz inanırıq ki, «Azadlıq» radiosu Azərbaycan xalqına professional və senzuraya uğramamış xəbərlər çatdırılmasında önəmli rol oynayır və biz bu işi bundan sonra da davam etdirməkdə əzmliyik»,- deyə Azad Avropa və Azadlıq Radioları Korporasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildiriblər.
Amerika səfirliyinin ictimai əlaqələr departamentinin rəhbəri Terri Devidson isə məsələyə belə münasibət bildirib: «Bizim hələlik rəsmi qərar barədə məlumatımız yoxdur. Biz Azərbaycan hökuməti tərəfindən bunun açıqlanmasını istəyəcəyik. Demokratik cəmiyyətlərin açıq və fərqli mətbuat mühitinə ehtiyacı var. Azərbaycanda «Azadlıq», «Amerikanın səsi» və BBC radiostansiyaları kimi beynəlxalq radiolar ictimai debatlar üçün cəsarətlə töhfə verirlər».
Azərbaycanda üç xarici radiostansiya yayımlanır - «Amerikanın səsi», «Azadlıq» və BBC.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli oktyabrın 31-də deyib ki, 2009-cu ilin yanvarından Azərbaycanda fəaliyyət göstərən xarici radiostansiyaların sərbəst yayımı dayandırılacaq.