Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:32

Heydər Babayev nəyin güdazına getdi?


«İndiyə qədər hər iki İqtisadi İnkişaf naziri Baş nazirdən çox tanınıb»
«İndiyə qədər hər iki İqtisadi İnkişaf naziri Baş nazirdən çox tanınıb»
Köhnə-yeni prezident İlham Əliyevin yeni hökumətində yalnız Heydər Babayev öz postundan getməli oldu. Media xeyli müddət idi İqtisadi İnkişaf nazirinin vurulacağı haqda xəbərlər yayırdı. Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, əslində sabiq nazirə hücumlar onun ölkədə inhisarın olması ilə bağlı çıxışlar etməsindən və bununla da Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova qarşı çıxmasından sonra başlayıb:

«Bir zamanlar inhisarlardan Fərhad Əliyev danışırdı. Bu, Azərbaycanda son dərəcə qapalı mövzudur. Bu məsələ ilə bağlı hansısa dövlət məmurunun fikir bildirməsi təhlükəlidir. Heydər Babayevin yerinə təyin olunan insanın Kəmaləddin Heydərovun kadrı olması onu göstərir ki, bu savaşdan Heydərov qalib çıxdı. K.Heydərovun bu məsələdə qalib gəlməsi onun əslində ölkədə ikinci şəxs olduğunu bir daha təsdiq etdi».

Heydər Babayev keçmiş prezident Heydər Əliyev hakimiyyətinin ilk illərində Rusiyadan Azərbaycana gətirdiyi iş adamlarındandır. Media uzun illərdir Əliyevlər və Babayevlər ailələri arasında isti münasibətlərin olduğundan yazırdı.

Bəs hakim ailəyə yaxın olan bir məmur hansı səbəbdən cəzalandırıla bilər? Burada siyasi, yoxsa şəxsi amillər üstünlük təşkil edir?

«Ayna-Zerkalo» qəzetinin şərhçisi İbrahim Bayandurluya görə, burada şəxsi səbəblər siyasi səbəblərdən daha öndədir:

«Heydər Babayev xarici iqtisadi məkanla bağlı biznes qura bilmişdi. Bu qurumun işində mənimsəmələrə yol verilmişdi. Hakim ailə buna görə onu cəzalandırdı».

İ.Bayandurlu iddia edir ki, prezident seçkisi kampaniyasında namizədlərdən birinin Heydərovun ailə üzvləri haqda təhqiramiz ifadələr səsləndirməsi eks-naziri hakim ailədən incik salıb. Ekspertin fikrincə, məsələ şəxsi müstəviyə keçdiyindən Heydər Babayev zamanı yetişincə siyasi güc mərkəzlərinə dəstək verməklə rəqiblərindən qisas almağa cəhd göstərə bilər.

İqtisadçı Qubad İbadoğlu isə düşünür ki, bütün hallarda Heydər Babayevin cəzalandırılması iqtisadi deyil, siyasi səbəblərlə bağlıdır. O, sabiq nazirin «vurulması»na iki oliqarx - Heydər Babayev və Kəmaləddin Heydərov arasında gedən nüfuz savaşı kimi baxmağı doğru sayır:

«İndiyə qədər hər iki İqtisadi İnkişaf naziri Baş nazirdən çox tanınıb. Çünki onlar faktiki olaraq həm də Baş nazirin funksiyalarını həyata keçiriblər. Baş nazirin zəif olması həmişə bu nazirliyin üzdə olmasına, təkcə iqtisadiyyatla deyil, sosial həyatla bağlı bütün məsələlərə nəzarət etməsinə, münasibət bildirməsinə şərait yaradıb».

Qubad İbadoğlu deyir ki, yeni İqtisadi İnkişaf nazirinin Kəmaləddin Heydərovun kadrı olması bir daha sübut edir ki, iqtidar oliqarxlar arasında seçim edəndə bir qayda olaraq üstünlüyü «fövqəlnazir»ə verir.

Azər Rəşidoğlu isə düşünür ki, Kəmaləddin Heydərovun öz rəqiblərilə mübarizədə davamlı olaraq hakim ailə tərəfindən himayə edilməsi nə zamansa hakimiyyətin özü üçün başağrısına çevrilə bilər.
XS
SM
MD
LG