Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 22:43

Azərbaycan qazını kimə satacaq?


İndi növbə konkret addımlarındır
İndi növbə konkret addımlarındır
Azərbaycan qazını kimə satacaq? Özü satacaq, ya bu işi onun əvəzinə Rusiyanın «Qazprom» şirkətinin etməsinə imkan verəcək? Ekspertlərin fikrincə, bu sualın cavabını ötən həftə başa çatan IV Enerji Sammitində imzalanan Bakı bəyannaməsində tapmaq olar.

Noyabrın 14-də həmin sənədi Azərbaycan, Amerika Birləşmiş Ştatları, Avropa Komissiyası da daxil olmaqla 15 ölkə imzalayıb.

Bəyannamənin mətni bir gün əvvəl keçirilən enerji nazirlərinin görüşündə ciddi mübahisələr doğurub. Lakin sonra əsasən, Rusiyanın etirazını doğuran müddəalar mətnə salınıb. Mətnə həmin mövqedən çıxış edən üç ölkə Qazaxıstan, Türkmənistan və Moldova imza atmayıblar.

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyir ki, sənəddə Xəzər hövzəsindən Avropa enerji bazarlarına enerji daşıyıcılarının çatdırılması ilə bağlı konkret fikirlər var. Söhbət yalnız artıq işləyən Bakı-Ceyhan, Bakı-Ərzurum kəmərlərindən yox, həm də mübahisələrə, gərginliklərə səbəb olan «Nabucco», Türkiyə-Yunanıstan-İtaliya layihələrindən gedir. İ.Şabanın fikrincə, indiyə qədər keçirilən üç zirvə görüşündə daha çox deklorativ fikirlər səslənirdisə, bu dəfə hədəflər daha dəqiq göstərilib. Ekspertin fikrincə, Azərbaycanın zirvə ərəfəsində bir sıra anlaşmalara imza atması ölkənin enerji siyasətinin birmənalı olaraq Qərbə yönəldildiyini ortaya qoyur:

«Yəni Azərbaycanla Qazaxıstan arasında Transxəzər nəqliyyat sisteminə dair bir saziş imzalandı. Ondan bir qədər sonra isə Azərbaycanla Gürcüstan arasında qaz daşınmalarına görə, beş illik müqavilə imzalandı. Yəni bu, memorandum səviyyəsində də olsa, Azərbaycanın hansı yolu seçdiyini açıq göstərir».

İlham Şaban deyir ki, Azərbaycan qazının əsas hissəsini Avropa ölkələri alacaq. İkinci yerdə regional bazar gələcək. Bu isə «Nabucco» ilə bağlı riskləri maksimum azaltmış olacaq.

Dünya Enerji Şurası Türkiyə Milli Enerji Komitəsi İdarə Heyətinin üzvü Necdet Pamir isə düşünür ki, region dövlətlərinin Rusiyadan asılılığının azaldılması üçün yeni enerji infrastrukturunun yaradılması vacibdir:

«Bir ölkənin müstəqil ola bilməsi üçün yalnız enerji qaynaqlarına sahib olması yetməz. Enerji daşıyıcılarının müstəqil, çeşidləndirilmiş yollardan dünya bazarına çıxara bilməsi də çox önəmlidir. İqtisadi müstəqillik olmayınca, siyasi müstəqilliyin olması da mümkün deyil».

Necdet Pamirə görə, boru xətləri iqtisadi və siyasi qazanclarla yanaşı həm də risk gətirə bilər. Söhbət dünyanın təbii qaz ehtiyatının 27 faizinə sahib olan Rusiyanı o qədər də qane etməyən layihələrə siyasi qərarlarla qarşılıq verməsindən gedir:

«Şahdəniz» qazının Türkiyəyə gəlməsi Türkiyənin təbii qaz məsələsində 63 faizi aşan bağlılığını azalda bilər. Uzun müddətdir Rusiyanın bir basqısı var, həm Azərbaycan, həm də Türkiyə üzərində. Rusiya 110 dallara satdığı qazı Azərbaycana 230 dollara təklif etdiyi üçün, Azərbaycan istehsal etdiyi qazı iç bazara yönəltməyə məcbur olub. Hər şeyin yolunda olduğunu demək istərdim. Ancaq Türkiyə ilə Azərbaycan arasında qiymət anlaşılmazlığı da daxil olmaqla bir sıra məsələlər Rusiyanın bu sahədə üstünlüyünü saxlamasına şərait yaradır».

Necdet Pamir hesab edir ki, Bakı zirvə görüşündən sonra Xəzər hövzəsindən enerji daşıyıcılarının Avropa bazarına çıxarılması ilə bağlı siyasətin konturları daha dəqiq çəkilib. İndi növbə konkret addımlarındır.
XS
SM
MD
LG