Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:05

Dəniz quldurları dünyanı çaşbaş salıb


Əvvəllər tək-tük hallarda qeydə alınan dəniz quldurluğu son illər inanılmaz şəkildə artıb
Əvvəllər tək-tük hallarda qeydə alınan dəniz quldurluğu son illər inanılmaz şəkildə artıb
«Quldurlar öz işlərini çox əla görürlər. Onlar yaxşı silahlanıblar. Taktiki baxımdan çox bacarıqlıdırlar və hansısa gəmini ələ keçirəndə, onları oradan çıxarmaq müşkülə çevrilir. Çünki əllərində girovlar olur».
ABŞ Silahlı Qüvvələrinin komandanlarından admiral Mayk Müllen Somali piratlarının dünyanın ən iri gəmilərindən birini - «Sirius Star» super tankerini ələ keçirməsindən sonra çaşqınlığını belə ifadə edir. Əslində dünyanı çaşbaş salan piratların dəyəri 100 milyon olan və 2 milyon barel neft daşıyan gəmini ələ keçirməsi deyil. Söhbət ondan gedir ki, bu super tankeri dəniz quldurları sahilə yaxın ərazidə deyil, Hind okeanın ortasında - Keniyanın Mombasa limanından 800 kilometr uzaqlıqda tutublar.
Adətən dəniz quldurları deyəndə, adamın ağlına ağac qayıqlar və kiçik gəmilər gəlir. Bu gəmilərlə okeana çıxmaq mümkün deyil. O ki qala 318 min ton tutumu olan bir super tankeri ələ keçirmək, 25 nəfərlik müxtəlif millətlərdən olan gəmi heyətini girov götürmək…
Artıq məlum olub ki, dəniz quldurları bu əməliyyat zamanı daha əvvəl ələ keçirdikləri Nigeriyaya məxsus bir sərhəd katerindən faydalanıblar. Həmin katerin uzaqməsafəli radarı olduğundan piratlar «Sirius Star»ı izləyə biliblər. İndi super tanker 2 milyon barel yüküylə birgə Somalinin Eyl limanına aparılıb. Dəniz quldurlarının sevimli və çox yaxşı qorunan məkanı olan bu limanda daha öncə ələ keçirilən başqa gəmilər də saxlanılır. Somali piratları gəmiləri və girovları sahiblərindən səssizcə böyük miqdarda pul qoparandan sonra buraxırlar.
Amma Səudiyyə Ərəbistanın Xarici İşlər naziri şahzadə Səud əl Feysəl quldurlara pul verməyi yox, güc göstərməyi düşündüyünü bəyan edib:
«Quldurların sonuncu əməli sözsüz ki, Qırmızı dəniz ölkələrinin və beynəlxalq ictimaiyyətin onlara qarşı mübarizəsini sürətləndirəcək. Quldurlar eynən terrorçular kimi, hər kəsə ziyan vururlar. Bu ziyanvericilərin kökü kəsilməlidir».
Əvvəllər tək-tük hallarda qeydə alınan dəniz quldurluğu son illər inanılmaz şəkildə artıb. Təkcə Afrikanın Qırmızı dənizə girişində yerləşən «Ümid» burnu ətrafında bu il 33 gəmi qarət edilib və ələ keçirilib. Baxmayaraq ki, hələ ilk hadisələrdən sonra həmin bölgədə keşik çəkən NATO və başqa ölkələrin hərbi gəmilərinin sayı dəfələrlə artırılıb.
Amma amerikalı admiral Müllen deyir ki, onlar hər yük gəmisini müşayiət etmək üçün bir hərbi gəmi ayıra bilməzlər. Piratlar isə indi o qədər ağıllanıblar ki, okeanın böyüklüyündən istifadə edir, öz qurbanlarını heç kəsin gözləmədiyi vaxtda və yerdə haqlayırlar. Piratların tutduğu gəmiyə bundan sonra nə qədər hərbi gəmi yaxınlaşsa da, xeyri olmur.
NATO-nun sözçüsü Ceyms Appasurainin də dediyi kimi, NATO gəmiləri sonradan ərəb tankerinin yanına yaxınlaşsalar da, əllərindən heç bir iş gəlməyib. Çünki NATO qüvvələrinin quldurların tutduğu gəmiyə atəş açmaq və ya onları oradan çıxarmaq üçün əməliyyata başlamaq icazəsi yoxdur. Ən azından ona görə ki, piratlar gəmini ələ keçirəndə heyəti girov götürürlər və kimsə girovların zərər çəkməsini istəmir. Hətta NATO sözçüsü quldurların əlindən İran körfəzindən keçib Qırmızı dənizə gedən beynəlxalq dəniz nəqliyyatının marşrutunun dəyişə biləcəyinə də işarə edib:
«Məncə, biz hamımız narahat olmalıyıq. Bu il quldurların hücumları 70 faiz artıb. Bu da çox ciddi xəbərdir. Gəmiçilik şirkətləri indi körfəzdən gedən marşrutu dəyişib, Afrikanın cənubundan keçməyi fikirləşirlər. Bu isə səfər müddətini 12-15 gün artıracaq və yolun uzanması gündəlik 20-30 min dollar əlavə xərcə başa gələcək».
Hələ ki, Somali dəniz quldurları təkcə yükünün qiyməti 100 milyon dollar olan «Sirius Star» tankerini azad etmək üçün istədikləri mükafatın məbləğini açıqlamayıblar. Amma misal üçün sentyabrda tutduqları Keniya hökumətinə silah-sursat daşıyan Ukrayna gəmisindən ötrü 20 milyon dollar tələb edirlər. Ukrayna gəmisi hələ də Somali sahillərində quldurların əlindədir. Amerikaya məxsus bir hərbi gəmi yaxınlıqda sadəcə keşik çəkir ki, ordakı silahları boşaldıb başqa yerə aparsalar, müdaxilə edə bilsin.
XS
SM
MD
LG