Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:41

Azərbaycan hansı müstəqilliyə can atır?


Belə təəssürat yaranır ki, heç nə dəyişməyib, Azərbaycan sadəcə özünün neytrallığını saxlayır
Belə təəssürat yaranır ki, heç nə dəyişməyib, Azərbaycan sadəcə özünün neytrallığını saxlayır
Ciddi əsas olmayanda belə, insanlar özləri üçün ümid yaradırlar. Bəlkə də bu, insanın təbiətinin ən dərin qatlarından gələn hissdir. İndi dünya dəyişiklik ümidi ilə yaşayır. Hamı yeni seçilmiş ABŞ prezidentinin siyasətinin prioritetlərini müəyyənləşdirməyə cəhd edir, yeni kabinetin tərkibini izləyir. Qlobal iqtisadi böhran necə həll ediləcək? Rusiya ilə hansı münasibətlər qurulacaq? Cənubi Qafqazda nə baş verəcək? Hətta Qarabağ probleminin həllində hansı yeniliklər olacaq? Politoloqlar, analitiklər bu suallara cavab axtarırlar.

Təbii ki, indi tarixin kəskin dönüş anı deyil. Qeyri-adi siyasi dəyişikliklərin baş verəcəyini güman etmək o qədər də düzgün deyil. O da başa düşüləndir ki, indi azərbaycanlıları daha çox Cənubi Qafqazda baş verəcək hadisələr düşündürür.

Çox gərgin vəziyyət yaranıb. Siyasi müstəvi ciddi şəkildə dəyişikliyə məruz qalıb. Gürcüstan qeyri-müəyyən vəziyyətdədir.
Hətta bir ara pessimizm üçün böyük əsaslar var idi. Qərb mətbuatı daha çox M.Saakaşvilini tənqid etməyə, bəzi dövlətlər yenidən Gürcüstanın və Ukraynanın NATO-ya hazır olmaması haqqında fikirlər söyləməyə başlamışdılar. Amma maraqlı faktdır ki, çoxlu təbriklər alan yeni ABŞ prezidentinin ilk telefon açdığı adamlardan biri M.Saakaşvili oldu.

Bu kiçik giriş Azərbaycanın son vaxtlardakı geosiyasi və siyasi durumunu xarakterizə etmək üçün lazım idi. Gürcüstan hadisələrindən sonra ölkənin strateji yönümündə ciddi dəyişiklik tendensiyası hiss olunur. İlk baxışda belə təəssürat yaranır ki, heç nə dəyişməyib, Azərbaycan sadəcə özünün neytrallığını saxlayır, Rusiya ilə ehtiyatla davranır. Sadə adamlar da bunu praqmatik siyasət kimi qarşılayırlar. Sabitlik varsa, deməli hər şey öz qaydasındadır. Amma məşhur bir deyim var:
Bəzi YAP funksionerlərinin ən son bəyanatlarına görə prezidentin iki dəfədən artıq seçilə bilməməsi əslində xalqın seçmək hüququnu məhdudlaşdırır, bu, qeyri – demokratik və ədalətsiz normadır. Ona görə həmin normanın ləğv edilməsini və hətta Konstitusiyaya ehkam kimi baxmamağı tövsiyə edirlər
«Azadlığı sabitliyə qurban verənlər nə azadlığa, nə də sabitliyə layiq deyillər!» Hətta ara-bir belə təəssürat yaranır ki, bu ölkədə YAP-dan başqa heç kim yaxın – uzaq dövr üçün strategiya və taktika üzərində fikirləşmir.

Yeni prezident seçkisindən bir ay keçib. Amma hakim partiya sakitləşmək bilmir. Prezidentlik müddətinin uzadılması, iki dəfəlik məhdudiyyətin götürülməsi ilə bağlı diskussiyalar səngimir. Gah belə fikirdə olmadıqlarını, gah bunun ancaq bir şəxsə məxsus rəy olduğunu söyləyirlər. Amma bəzi YAP funksionerlərinin ən son bəyanatlarına görə prezidentin iki dəfədən artıq seçilə bilməməsi əslində xalqın seçmək hüququnu məhdudlaşdırır, bu, qeyri – demokratik və ədalətsiz normadır. Ona görə həmin normanın ləğv edilməsini və hətta Konstitusiyaya ehkam kimi baxmamağı tövsiyə edirlər. Hiss olunur ki, bu yaxınlarda Rusiyada baş verən analoji hadisə YAP-ın bəzi funksionerlərində böyük təəssürat yaradıb.
Məsələ təkcə bununla bitmir. Rusiyanı təqlid etmək, hər bəyanatda «bizimlə Rusiya arasında heç bir fikir ayrılığı yoxdur» - demək azərbaycanlı məmurların sevimli etirafına çevrilib. Doğrudanmı, heç bir fikir ayrılığı yoxdur? Axı ortalıqda ən azı Qarabağ problemi var və onun həllinə münasibətdə Rusiyanın planları Azərbaycanı heç də qane etmir! Nabukko layihəsi müzakirə edilir. Rusiya bu layihə haqqında eşitmək belə istəmir. Məgər bu fikir ayrılığı deyil? İş o yerə çatıb ki, adi rusiyalı politoloq bəyan edir ki, Azərbaycan yaxın 20 ildə NATO-ya və Avropa Birliyinə inteqrasiya etməyəcək! Məgər bu, fikir ayrılığı üçün əsas ola bilməz? İndi kimə və nəyə inanaq? Rusiyalı politoloqlara, yoxsa Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına?

Əslində Rusiya çökür. Avqust ayından bu vaxta qədər Rusiyanın qızıl-valyuta ehtiyatlarının miqdarı 200 milyard dollar azalıb. Amma çökməkdə və zəifləməkdə olan Rusiya Azərbaycanı cəlb etməkdə davam edir. Səbəb də budur ki, zəif olsa belə, Rusiya avtoritarizmin dayağıdır. Görün, hansı Rusiya ilə əməkdaşlıq edirik?!

Jirinovskinin fraksiyası Federal Məclisin, ümumiyyətlə buraxılmasını, prezidenti isə «hökmdar» adlandırmağı təklif edir! Müasir Rusiya budur! Təbii ki, ən azı coğrafiya bizi Rusiya ilə qonşu olmağa və əməkdaşlıq etməyə sövq edib. Amma hər kəlmədən sonra «Rusiya ilə bizim aramızda heç bir fikir ayrılığı yoxdur !» - demək ən azı real siyasətdən uzaqlaşmaqdır. Bəli, Rusiya ilə Azərbaycan arasında heç bir fikir ayrılığı olmadığı dövrlər olub. Amma nə vaxt? Sovetlər vaxtında!

Sözsüz ki, Azərbaycan məmurları da ölkənin müstəqil olmasını istəyir. Buna şübhə yoxdur. Guya Aleksandr Lukaşenko müstəqil olmaq istəmir? Mərhum Saparmurad Türkmənbaşı hamıdan çox müstəqil olmaq istəyirdi! Azərbaycana məmurların arzuladığı və nəzərdə tutduğu müstəqillik deyil, əsl dövlət və milli müstəqilliyi lazımdır!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG