Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:33

«Zorakılığa məruz qalan qadınların sığınacağa ehtiyacı var»


Fəridə Əsgərova
Fəridə Əsgərova
«Həyatın bütün sferalarında qadınlar zorakılığa məruz qalır». Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına Qadın, Məsləhət və Profilaktika Mərkəzinin direktoru Fəridə Əsgərova deyir. Onun sözlərinə görə, qadın zorakılığı problemi heç vaxt bitməyəcək:

«Ola bilər, zaman-zaman azalar, amma hər hansı formada bizi həmişə müşayiət edəcək. Çünki yüz illər boyu qadınlarla kişilər arasında bərabərlik olmayıb. Kişilərə hər şey olduğu halda, qadınlara qadağandır. Qadının hansısa sözü, hərəkəti kişinin xoşuna gəlmirsə, öz fiziki gücünü nümayiş etdirir. Bundan başqa, qadının məruz qaldığı psixoloji zorakılıq da var ki, fiziki zərbədən də ağırdır. Təəssüf ki, özündən zəif üzərində gücünü sınayan kişilər az deyil».

F.Əsgərovanın sözlərinə görə, Azərbaycanda qadınların çoxu öz hüquqlarını bilmirlər:

«Bəziləri isə hüquqlarını müdafiə edə bilmirlər, hüquqsuzluqla barışırlar».

BMT-nin Əhali Fondu Norveç hökumətinin maliyyə dəstəyi ilə qadınlara qarşı zorakılıq əleyhinə proqram həyata keçirir. Proqramın rəhbəri Aysel Vəzirova deyir ki, bu, regional bir layihədir, Azərbaycanda da həyata keçirilir:

«Layihənin əsas məqsədi qadınlara qarşı zorakılığın azaldılmasına yönəlib. Bu, üç illik proqramdır. Proqramın fəaliyyət istiqamətlərindən biri budur ki, Azərbaycanda ilk dəfə olaraq qadın zorakılığı ilə bağlı ölkə miqyasında sorğu keçirilir. Ölkənin bütün regionlarından olan 3000 qadın sorğuda iştirak edib. Sorğunun müəyyən nəticələri barədə dekabrın axırında ictimaiyyətə xəbər veriləcək».

Proqram çərçivəsində treninqlər, maarifləndirici görüşlər də keçiriləcək. Bundan başqa, ailədə zorakılıqla bağlı sənədli film və iki video-çarx da hazırlanıb.

Qadın Problemləri Tədqiqat Birliyinin direktoru Sacidə Əbdülvahabova da həyata keçirdikləri layihə barədə məlumat verdi. Dedi ki, bu il yanvarın 16-da Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Komitəsi, BMT-nin Əhali Fondu ilə birlikdə böyük bir proqram reallaşdırırlar:

«Bəzi rayonlarda maarifləndirmə işləri aparırıq. Əhali arasında qadın zorakılığının hansı halları var, onları necə aradan qaldırmaq olar - bu istiqamətində görüşlər keçiririk. Əsas məqsəd qadınların problemlərini dövlətə çatdırmaqdır».

Sacidə xanım zorakılığa məruz qalan qadınların sığınacaq məsələsinə də toxundu. Dedi ki, bir neçə qeyri-hökumət təşkilatı Daxili İşlər Nazirliyi ilə birgə sığınacaq hazırlayıb. Lakin bu sığınacaq yalnız Bakıdadır. Halbuki, bölgələrdə sığınacaqlara daha çox ehtiyac var.
XS
SM
MD
LG