Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:00

AŞPA sessiyasında seçkilərin nəticələri müzakirə olunmayacaq


«Məsələ yaz sessiyasında müzakirə olunacaq, ya yox, bu barədə də indidən qəti söz demək çətindir»
«Məsələ yaz sessiyasında müzakirə olunacaq, ya yox, bu barədə də indidən qəti söz demək çətindir»
Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycanda prezident seçkisi müzakirə olunmayacaq.

Bunu qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Azadlıq» radiosuna deyib. Onun sözlərinə görə, iki seçim var idi - bu məsələni ya Daimi Komitənin iclasında, ya da qış sessiyasında müzakirəyə çıxarmaq. Qurum birinci variantı seçib. Düzdür, qış sessiyasında kimsə bu məsələni qaldıra bilər, ancaq xüsusi məruzə olmayacaq. Andres Herkelin özü də prezident seçkisi ilə bağlı hesabatını Daimi Komitəyə təqdim edib.

Azərbaycanda isə ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsilə bağlı ikili fikirlər var. Rəsmilər qurumun Azərbaycanla bağlı mövqeyinin tənqidi olmadığın deyir. AŞPA-da Azərbaycan parlament nümayəndə heyətinin başçısı Səməd Seyidov deyir ki, Azərbaycan Avropa Şurası qarşısında bütün öhdəliklərini tam yerinə yetirib. Qurumun Azərbaycanda bir neçə jurnalistin həbsi, siyasi azadlıqların boğulması ilə bağlı bəyanatlarını isə Səməd Seyidov o qədər də sərt hesab etmir:

«Biz qətiyyən istəmirik ki, kimsə hər hansı səbəbdən məhbəsdə qalsın. Ancaq söhbət qətiyyən jurnalistlərin sıxışdırılmasından və söz azadlığının məhdudlaşdırılmasından getmir. Azərbaycanda müxalifət mətbuatı var və bundan sonra da olacaq. Azərbaycan söz azadlığı ilə bağlı üzərinə götürdüyü öhdəliklərin hamısını yerinə yetirib».

Müsavat Partiyasının başqanı İsa Qəmbər isə düşünür ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsindən söhbət belə gedə bilməz. Azərbaycan Avropa Şurası qarşısında öhdəliklərinin bir hissəsini qismən yerinə yetirib. Məsələn, ölkə hansısa konvensiyalara qoşulur, hansısa qanunlara dəyişikliklər edir. Bütövlükdə 2001-2008-ci ilə qədər Azərbaycanda insan haqları, demokratiya sahəsində durumun nəinki yaxşılaşdığını, hətta pisləşdiyi görünür. Müsavat başqanı deyir ki, Avropa Şurası artıq bir sıra məqamlarda öz prinsiplərinə və ideallarına da əməl etmir:

«Avropa Şurasının nümayəndələri bu məsələlərə getdikcə formal yanaşmağa başlayıblar. Özlərini görməməzliyə vururlar, çeşidli vasitələrlə gerçəkləri deməkdən yayınırlar».

Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov isə deyir ki, Avropa Şurasının Azərbaycanla bağlı rekord həddə dinləmələr keçirməsinə, ciddi qətnamələr çıxarmasına baxmayaraq Azərbaycanda demokratik prinsiplərin bərpası mümkün olmayıb:

«Qətnamələrdə də Azərbaycan hakimiyyətinə seçkilər, həbsdə olan jurnalistlər, söz azadlığının boğulması ilə bağlı çox ciddi tövsiyələr verilib. Ancaq bunların heç bir nəticəsi olmayıb – Azərbaycanda seçkilər ədalətli deyil, bir neçə jurnalist həbsdədir. Görünür artıq başqa mexanizmlər işə salınmalıdır».

Eldar Namazov onu da deyir ki, Belarusla bağlı oxşar durum yarananda Avropa Şurası ölkənin qurumdakı üzvlüyünü dayandırdı. Bu isə Belarusda nəinki demokratik dəyişikliklərə səbəb olmadı, əksinə avtoritarizmi bir qədər də gücləndirdi. Elə bu səbəbdən Avropa Şurası Azərbaycanla bağlı hər hansı sərt qərarlar verməyin tərəfdarı deyil. Eldar Namazvovun sözlərinə görə, indi Avropa Şurası quruma üzv olub sonradan öhdəliklərini yerinə yetirməyən ölkələrlə necə davranmağın yollarını arayır. Onun fikrincə, bəlli olan odur ki, demokratik dəyərlərin bütünlüklə kənardan ixracı mümkün deyil. Ölkənin siyasi hakimiyyəti demokratik dəyişikliklər üçün iradə nümayiş etdirməlidir.
XS
SM
MD
LG