Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:23

«Prezidentin möhürü»


Türkmənistanda millət vəkili olmaq istəyənlər çoxdur
Türkmənistanda millət vəkili olmaq istəyənlər çoxdur
Türkmənistanda dekabrın 14-də parlament seçkisi olacaq. Azərbaycandakı kimi bu ölkədə də 125 nəfər beş illiyə millət vəkili olmalıdır. Amma bu seçkinin Azərbaycana bənzəyən tərəfi təkcə millət vəkillərinin sayında deyil. «Azadlıq» radiosunun türkmən xidmətindən Məhəmməd Tahir deyir ki, Türkmənistanda parlamentin camaat arasındakı adı «prezidentin möhürü»dür:

«Prezident nəyi istəyir, onu qəbul edir, nəyi istəmir rədd edir».

Yerli qanunlar namizədləri vətəndaşların, ya da partiyaların irəli sürməsinə imkan verir. Namizədin yaşı ən azı 25 olmalı, həm də son 10 ili Türkmənistanda yaşamalıdır.

Amma indi Türkmənistanda namizəd irəli sürəsi bir partiya qalmayıb. Keçmiş Türkmənistan Kommunist Partiyasının varisi indi Türkmənistan Demokrat Partiyasıdır və ona prezident başçılıq edir. Bundan başqa, prezident Berdıməhəmmədovun rəhbərliyində «Qalkınış» adlı bir hərəkat da var. Orada əsasən hökumətyönlü ictimai təkşilatlar birləşiblər. Demokrat Partiyasının da, «Qalkınış» hərəkatının da rəhbəri ölkənin başçısı Berdıməhəmmədovdur.

Başqa partiyalar 1990-cı illərdən - hələ Türkmənbaşının zamanından sıxışdırılıb, ya çox kiçik narazı qruplar halına salınıb, ya da ümumiyyətlə ölkədən qovulublar. Yerli qanunlara görə, vətəndaş qrupları da namizəd verə bilərlər. Amma Məhəmməd Tahir deyir ki, bu, sadəcə qanunda yazılan bir hüquqdur, kiminsə bu hüquqdan istifadə etməyinə hələ rast gəlinməyib:

«Hökumətin təsdiqi olmasa, kimsə namizəd ola bilməz».

Məhəmməd Tahir bildirir ki, nə qədər səlahiyyəti olmasa da, Türkmənistanda millət vəkili olmaq istəyənlər çoxdur. Parlamentdəki 125 yer üçün 268 nəfərin namizədliyi qeydə alınıb.

Türkmənistan da Azərbaycan kimi, neft-qaz ölkəsidir. Bu ölkədə prezident son illər çıxışlarında ölkəsinin inanılmaz sürətlə irəlilədiyini, iqtisadiyyatın ildə 22 faz inkişaf etdiyini deyir. Amma bu ölkədə olan azsaylı müxalifət qruplarından birinin nümayəndəsi telefon söhbətində bildirir ki, 22 faizlə inkişaf edən və böyük ərazisi, 5 milyondan bir az artıq əhalisi olan Türkmənistanda vətəndaşın dolanışığı indiyə qədər gərək Küveyti keçmiş olaydı:

«Bu qədər neft-qaz çıxarırıq, bu qədər satırıq, gərək hər şey açıq olsun, xalq bilsin ki, nədən nə qədər qazanc oldu və hara xərclənir. Əgər biz 22 faizlə inkişaf ediriksə, gərək indi Küveyti keçəydik».

Oktyabrın 31-dən bəri namizədlər təbliğat kampaniyası keçirirlər. Kampaniya isə mitinqlər və yürüşlərlə deyil, yalnız televiziya çıxışlarında və iclas salonlarında gedir.

Televiziya ilə çıxış edən namizədlərdən biri prezidentin qərarlarının daha yaxşı yerinə yetiriləcəyinə və vətəndaşların su, elektriklə daha yaxşı təmin olunmasına çalışacağına söz verir.

Əslində indi Türkmənistanda su, elektrik, qaz və bir də duz pulsuzdur. Amma pulsuz olan bu şeyləri tapmaq elə də asan məsələ deyil.

«Azadlıq» radiosunun türkmən xidmətinin əməkdaşı Məhəmməd Tahirin dediyinə görə, indi hətta paytaxt Aşxabadda bircə yerdə daimi su var. O da paytaxtın gözəl fontanlarıdır.
XS
SM
MD
LG