Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:02

Türkmənistan MSK-nın sədri kimyagərdir


Türkmənistan MSK-nın sədri Murad Qariyev təhsilcə farmakoluqdur. Qədim dillə desək, kimyagər
Türkmənistan MSK-nın sədri Murad Qariyev təhsilcə farmakoluqdur. Qədim dillə desək, kimyagər
Sovet hökuməti canını 15 sosialist respublika başçılarına tapşırıb tarixi səhnəni tərk edən günlərdə belə bir maraqlı fikir irəli sürülmüşdü ki, müstəqil həyata qədəm qoyan ölkələrdən ən əlverişli relyefə malik məhz Türkmənistandır.

Çünki Türkmənistanın sonsuz səhraları var və milləti peyğəmbər Musa kimi 40 il bu səhra ilə aparmaqla şura hökumətinin mirasından qurtarıb azad bir cəmiyyət qurmaq olar.

Lakin 26 Bakı komissarlarının son mənzili kimi tarixə düşən Ağcaqum çölünün qismətinə növbəti dəfə tarixə qədəm qoymaq nəsib olmadı.
Peyğəmbərlik iddiası olsa da rəhmətlik Saparmurad Niyazovun öz planları var idi və Roma imperatorlarının yaratdığı təqvimi öz qohum əqrəbasının adlarından ibarət milli təqvimlə əvəz etməsi ilə tarixə düşdü.

Niyazovun vaxtında heç kimin ağlına da gəlmirdi ki, bu ölkədə parlament də var. Türkmənistan haqqında danışanda daha çox onun yazdığı iddia olunan «Ruhnamə» kitabı yada düşürdü.

«Ruhnamə» dünyada nadir kitablardan idi ki, orada nəyin yazılmasından çox onun necə oxunması ilə məşhurlaşmışdı.
Türkmənistanda mütaliəsi icbari olan bu kitab ölkənin qaz ixrac elədiyi bütün ölkələrdə yerli dilə tərcümə edilsə də, bəlkə də heç tərcüməçilərin özləri də bu kitabın nədən bəhs etdiyini bilmirdilər.

Lakin Türkmənbaşının saydığı riyaziyyat ilə fələyin mühasibatı üst-üstə düşmədi. Və onun qəflət ölümündən sonra Türkmənbaşı vəzifəsinə keçən Berdimuhəmmədov təqvimi də dəyişdi, «Ruhnamə»yə də əlini yellədi ki, özünüz bilin oxuyursunuz oxuyun, istəmirsiniz – boş verin.
Onun bu addımları Berdimuhammədovun islahatlar keçirəcəyinə ürkək ümid yaratsa da tezliklə məlum oldu ki, qozbeli heç qəbir də düzəltmir.

Berdimuhammədovun öz sələfindən fərqlənməsi isə sadəcə ondan doğurdu ki, Niyazov öz avtoritarizminin barıtını lap çox eləmişdi. O qədər barıt qoymuşdu ki, onun fonunda bəlkə də elə Stalin və Brejnevin özünə də demokrat deyərdin.

Parlament məsələsi də eyni qəbilədəndir. Orada seçiləsi bir şey yoxdur. Sadə türkmən vətəndaşına deyirlər.
Ya Filankəs Filankəsovu seç.

Ya da Filankəsov Filankəsi

Türkmənistandakı seçkilər haqda yazarkən belə bir sualla maraqlandıq ki, orada mərkəzi seçki komissiyasının sədri kimdir və təhsili nədir.

Müqayisə eləmək istəyirdik, çünki onun azərbaycanlı həmkarı Məzahir Pənahov riyaziyyatçıdır və belə bir vəzifədə olana riyazi hazırlıqdan vacib nə ola bilər ki?

Məlum etdik ki, Türkmənistan MSK-nın sədri Murad Qariyev təhsilcə farmakoluqdur. Qədim dillə desək, kimyagər. Nə deyirik, bu da lazımlı ixtisasdır. Rəqəmlərlə kimya elmi də oynaya bilir.

Sizinlə sağolaşmazdan əvvəl Türkmən demokratiyasını sizə göstərmək istəyirik. Diqqətlə baxın – burada Azərbaycan demokratiyası ilə 3 fərq tapan dinləyicimizə Azadlıq Radiosunun qiymətli suvenirlərini verəcəyik.

Səs: Sürəkli alqışlar.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG