Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:42

«Kaliforniyada 200 minə yaxın azərbaycanlı yaşayır»


Kaliforniya ştatında fəaliyyət göstərən Amerika-Azərbaycan Şurasının sədri Cavid Hüseynov
Kaliforniya ştatında fəaliyyət göstərən Amerika-Azərbaycan Şurasının sədri Cavid Hüseynov
Dinlə

«Kaliforniyada 200 minə yaxın azərbaycanlı yaşayır»-, bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramının qonağı, ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Amerika-Azərbaycan Şurasının sədri Cavid Hüseynov deyir. 13 ildir ki, bu ştatda yaşayan həmsöhbətimiz Bakıya səfərinin məqsədini açıqladı.
Dedi ki, bu gün Bakıda xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının görüşü keçirilir: «Müxtəlif ölkələrdə yerləşən diaspor təşkilatlarının rəhbərləri və fəalları Bakıya gəliblər. Tədbir Diaspor İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə keçirilir. Görüşdə gələn il üçün nəzərdə tutulan işlərdən danışılacaq. Bundan başqa, ümumi diasporun fəaliyyəti barədə xartiyanın qəbul edilməsi gözlənilir. Təbii ki, bizim şura da bu xartiyaya daxil olacaq».

ABŞ-da gördüyü işlər barədə məlumat verən Cavid Hüseynov Amerika-Azərbaycan Şurasının 2006-cı ildə qeyri-hökumət təşkilatı kimi yaradıldığını dedi. Hazırda təşkilatın idarə heyətində 7 nəfər təmsil olunur: «Bizim şura Kaliforniya ştatında fəaliyyət göstərən ən böyük Azərbaycan təşkilatıdır. Bilirsiniz ki, ABŞ-da 400 minə yaxın azərbaycanlı yaşayır. Təkcə Kaliforniyada 200 minə yaxın azərbaycanlı var. Onların əksəriyyəti Cənubi Azərbaycandandırlar. Şuranı yaratmaqda məqsədimiz azərbaycançılıq ideyalarını bir araya gətirmək, bu fikirləri tədris və mədəni proqramlar vasitəsilə ortaya qoymaqdır. Biz bu rakursda artıq 3 forum keçirmişik. Kaliforniyada təhsil alan azərbaycanlı tələbələri və Azərbaycanla bağlı araşdırmalar aparan insanları foruma dəvət edib, iqtisadi, siyasi və texnoloji problemlər ətrafında müzakirələr aparmışıq. Əslində, şuranın üzvləri çoxdur, amma bəziləri rusdillidir, Cənubi Azərbaycandan olan bəzi soydaşlarımız isə özlərini iranlı adlandırırlar. Yəni, ümumi azərbaycançılığa əsaslanan düşüncə yoxdur. Məqsədimiz də bu düşüncəni yaratmaq, onlarda azərbaycançılıq ruhunu yüksəltməkdir».
Cavid Hüseynov onu da qeyd etdi ki, Kaliforniyada 1 milyona yaxın erməni yaşayır. Onların bu ştatda fəaliyyət göstərən diaspor təşkilatı çox qüvvətlidir. «Biz də Kaliforniyada Azərbaycan diasporunun fəaliyyətini daha da genişləndirməliyik. Şuranın artıq 1 ildir ki, Texasda da nümayəndəliyi açılıb. Ümumi məqsəd ideoloji məsələlər üzərində qurulub».
XS
SM
MD
LG