Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:28

«Mən sizə yaxşılıq eləmişəm, siz niyə mənə pislik edirsiniz?»


«Kiminsə bəyənib-bəyənməməyindən asılı olmayaraq Ayaz Mütəllibov Azərbaycanın ilk prezidenti olub. O, vətənində yaşamalıdır. Ömrümün son illəridir»
«Kiminsə bəyənib-bəyənməməyindən asılı olmayaraq Ayaz Mütəllibov Azərbaycanın ilk prezidenti olub. O, vətənində yaşamalıdır. Ömrümün son illəridir»
«Ayaz Mütəllibov hakimiyyətdə olmasaydı, Heydər Əliyev Azərbaycana qayıda bilməyəcəkdi. Öz həyatını, ailəsini mənə etibar edib qayıtdı. Parlaq da fəaliyyət göstərdi. Mənə qarşı müxalifətçilik etdi, məni devirdi. Mən sizə yaxşılıq eləmişəm, siz niyə mənə pislik edirsiniz? Özümü qurban verib gəlmişəm Rusiyanın küçələrinə».
Azərbaycanın ilk prezidenti – 17 ildir Rusiyada mühacir həyatı yaşayan Ayaz Mütəllibov «Azadlıq» radiosuna belə deyir. Eks-prezident bildirir ki, Azərbaycan hakimiyyətinin siyasi mühacirlərə münasibəti başqa post-sovet məkanı ölkələrindən fərqlidir. O, bunu Azərbaycanda uzun illərdir eyni siyasi qüvvənin hakimiyyətdə olması ilə izah edir. Mütəllibov Azərbaycana qayıtmağı çox arzu etdiyini, ancaq siyasi hakimiyyətin bütün vasitələrlə buna mane olmağa çalışdığını deyir. Onun sözlərinə görə, hətta Rusiyada yaşayan azərbaycanlı mühacirlər onun ətrafında təşkilatlanmaq istəyəndə rəsmi Bakı bütün vasitələrlə bunun qarşısını alır:
«Prezident özü şəxsən və onun ətrafında olanlar doğrudan da Azərbaycanın nüfuzunu artırmaq istəyirlərsə, o zaman şəxsi- qərəzliyi kənara qoymalıdırlar. Kiminsə bəyənib-bəyənməməyindən asılı olmayaraq Ayaz Mütəllibov Azərbaycanın ilk prezidenti olub. O, vətənində yaşamalıdır. Ömrümün son illəridir. Mən Azərbaycan hakimiyyəti üçün hansı təhlükəyə çevrilə bilərəm? Şəxsi-qərəzliyin də hüdudu olmalıdır».
Yerli mətbuat 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda siyasi fəaliyyətlə məşğul olanların ölkədən kütləvi mühacirət etdiyini yazır. Ekspertlər bunun səbəbini Heydər Əliyevin özündən öncəki hər iki prezidentin - Ayaz Mütəllibovla Əbülfəz Elçibəyin tərəfdarlarına yetərincə sərt münasibət göstərməsində görür. Ancaq siyasi mühacirlər sırasında yalnız Heydər Əliyev hakimiyyətə gələndə ona müxalif olanlar yox, həm də onu dəstəkləyənlər də var. Bu sırada Heydər Əliyevin prezidentliyi dönəmində Milli Məclisin sədri olmuş Rəsul Quliyev, prokurorluq orqanlarında çalışan Mahir Cavadov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rəfael Allahverdiyev də var. Onların hər birinin Azərbaycana qayıdışına haqlarında qaldırılan cinayət işləri mane olur.
Asəf Hacıyev uzun illər AXCP-nin Naxçıvan şöbəsinə başçılıq edib. Siyasi fəaliyyətinə görə, bir neçə ilini həbsxanada keçirməli olub. Azadlığa çıxandan az sonra isə Türkiyəyə siyasi mühacirətə gedib. Baxmayaraq ki, Türkiyə Asəf Hacıyev və onun taleyini yaşayanları siyasi mühacir kimi tanımır:
«Hakimiyyət orqanları nə Azərbaycandan, nə də başqa MDB ölkələrindən siyasi səbəblərlə ölkəsini tərk edib Türkiyəyə gələnlərin haqqını tanımır. Burada hansısa təşkilatın yaradılması böyük çətinlikdir. İnsanların işləmək izni yoxdur, sığortası yoxdur. mən burada insanlar tanıyıram ki, çalışsalar da, əməkhaqlarını ala bilmirlər. Qanunsuz yaşadıqlarına görə, işəgötürənlər onların polisə şikayət edə bilməyəcəklərindən belə addım atırlar».

Asəf Hacıyevin sözlərinə görə, Naxçıvanda siyasi durum olduqca gərgin olduğundan hətta uzun illər öncə müxalifətçiliyilə tanınan insanların orada yaşaması ciddi problemdir. Hakimiyyət orqanları müxalifətçiləri bütün vasitələrlə sıxışdırdığına görə, baş götürüb getməkdən başqa yol qalmır. A.Hacıyev indi Türkiyədə faktiki siyasi mühacir həyatı yaşayanların ailə üzvlərinin də son dərəcə böyük məhrumiyyətlərlə üzləşdiyini deyir. Bu ailələrdən çoxunun övladının heç təhsil haqqı da yoxdur.
2003-cü il prezident seçkisindən sonra Müsavat Partiyasının üzvləri dünyanın bir sıra ölkələrinə siyasi mühacirətə üz tutdular. Səbəb hakimiyyətin seçkini saxtalaşdırdığını iddia edən Müsavat üzvlərinin təzyiqlərlə üzləşməsi idi. Müsavat başqanı İsa Qəmbər deyir ki, hətta indi də Azərbaycan hakimiyyəti xaricdə olan siyasi mühacirləri nəzarətsiz qoymur, bütün hallarda onların təşkilatlanmasına maneə yaradır:
«Müxalifətdən mühacirətə gedənlər çoxsaylı problemlərlə üzləşirlər. Bir tərəfdən siyasi yaşam haqqı almaq məsələsilə bağlı prosedurları keçmək - bilirsiniz ki, avropalılar bu məsələyə olduqca ciddi yanaşırlar - başqa tərəfdən Azərbaycanın hakimiyyət dairələri hətta xaricdə də müxalifətçiləri rahat buraxmır. Əllərindən gələn problemləri yaradırlar, mühacirlərin arasına ayrı-seçkilik salırlar. Onların gerçək bir diaspora çevrilib orada fəaliyyət göstərə bilməsinə imkan vermirlər. Onlardan Əliyev rejiminə loyallıq tələbi ilə ciddi parçalanmalar yaradırlar».
Müsavat başqanının sözlərinə görə, rəsmi Bakının son illər diaspor siyasətini fəallaşdırması da kənarda yetərincə çox siyasi mühacir toplanması ilə bağlıdır.
Azərbaycan-Amerika Şurasının prezidenti Cavid Hüseynli deyilən fikirləri bölüşmür. Onun sözlərinə görə, son bir neçə illər rəsmi Bakı Azərbaycandan kənarda yaşayan azərbaycanlıların təşkilatlanması, ölkənin xeyrinə çalışmaları üçün çox işlər görüb.
Bu fikri deputat Zahid Oruc da təsdiq edir. Onun sözlərinə görə, rəsmi Bakı son illər hətta Azərbaycanda ikən siyasi fəaliyyətlə məşğul olmayan insanların belə ölkənin xeyrinə çalışması üçün onlara dəstək verməkdədir.
XS
SM
MD
LG