Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:02

«Arşın mal alan»ın neqativləri itib


Hazırda filmin Azərbaycan dilində olan radio versiyası ilə Rusiyadan gətirilən neqativlər uyğunlaşdırılır
Üzeyir Hacıbəyovun «Arşın mal alan» operettasına 1945-ci ildə Azərbaycan dilində çəkilmiş filmin neqativləri itib. Əsərin radio versiyası isə qismən qüsurlu vəziyyətdə saxlanılıb. Bir neçə il əvvəl filmdə baş rollardan birini oynayan xalq artisti Rəşid Behbudovun ailəsinin qaldırdığı bu məsələni Mədəniyyət və Turizm Nazirliyi indi təsdiqləyir.

Məlumatı «Azadlıq» radiosuna nazirliyin Kino Şöbəsinin müdir müavini Qəhrəman Hümbətov verib. Aprel ayında isə qurum «Arşın mal alan»ın 61 illiyini qeyd etməyə hazırlaşır. Cənab Hümbətov deyir ki, ona görə də Mədəniyyət və Turizm Nazirliyi keçmiş SSRİ məkanındakı respublikaların filmləri saxlanan Baş Arxivə, Rusiyanın Dövlət Film Fonduna üz tutub. Bu arxivdə bir neçə günlük axtarışdan sonra 1945-ci ildə çəkilən filmin rus dilində olan versiyası tapılıb.


Qəhrəman Hümbətov filmin əslini ala bilmədiklərini, nüsxəsini isə saxlanma qaydaları baha başa gəldiyi üçün çox baha qiymətə əldə etdiklərini bildirir.


Onun sözlərinə görə, indi Bakıda Azərbaycan dilində olan radio versiya ilə Rusiyadan gətirilən neqativlər uyğunlaşdırılır. Yəni köhnə «Arşın mal alan» yenidən bərpa olunur.


Qəhrəman Hümbətov söyləyir ki, son iki ayda gedən bərpa işlərinə 10 min ABŞ dolları məbləğində vəsait xərclənib. Amma proses hələ yekunlaşmayıb.


1945-ci ildə çəkilən bu filmin rejissorları Rza Təhmasib və Lev Leşşenko olub. Baş rolları Rəşid Behbudov, Leyla Bədirbəyli, Fatma Mehrəliyeva, Lütvəli Abdullayev, Münəvvər Kələntərli kimi tanınan aktyorlar oynayıblar.


XS
SM
MD
LG