Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 13:28

Bundan sonra nə olacaq?


İndi Azərbaycanda baş verənləri belə ifadə etmək mümkündür: ölkədə monarxiya qurulur!
İndi Azərbaycanda baş verənləri belə ifadə etmək mümkündür: ölkədə monarxiya qurulur!
Bəli, o qədər də çox qalmayıb! Prezidentin iki dəfədən artıq seçilməməsi ilə bağlı məhdudiyyətin aradan qaldırılmasının da nəzərdə tutulduğu yeni konstitusion əlavə və dəyişikliklərlə əlaqədar referendumun keçirilməsi məsələsinə Konstitusiya Məhkəməsi sabah - dekabrın 24-də baxacaq. Artıq dekabrın 26-da məsələ parlamentdə müzakirə olunacaq.

İndi hansısa proqnoza elə bir ehtiyac duyulmur. Yada salmaq kifayətdir ki, məsələnin parlamentdə ilkin müzakirəsi zamanı cəmi dörd nəfər onun əleyhinə səs vermişdi. Ehtimal ki, Konstitusiya Məhkəməsi « hə» – deyəcək, üzvlərinin əksəriyyətini YAP-çılar təşkil edən parlament isə məsələni öz arzularına və planlarına uyğun şəkildə həll edəcək. Bununla da ölkəni bəzi Orta Asiya respublikaları ilə yaxınlaşdıran və doğmalaşdıran meyarlardan biri də artacaq.
1993-cü ildən bu tərəfə baş verən prosesləri yada salsaq, əslində qeyri-adi heç nə baş vermir. Azərbaycan artıq bir dəfə Konstitusiya dəyişikliyini yaşayıb. Həmin dəyişikliklər ölkədə sülalə hakimiyyətinin bərqərar olmasına yol açdı. İndi bunun tam rəsmiləşdirilməsi, bir nəfərin hakimiyyətinin müddətinin uzadılması üçün formal – hüquqi əsasların yaradılması prosesi gedir. Bu da tezliklə baş tutacaq, çünki ölkədə onun qarşısını almaq üçün hər hansı bir real mexanizm yoxdur – cəmiyyət həmişə olduğu kimi susur, müxalifətin də leksikonuna «məqamı çatanda», «lazım gələndə» kimi ifadələr yol tapır. Adət olunan, bəzən hətta müəyyən ümidlər yaradan beynəlxalq reaksiyalar da eşidilmir.

Son bir-iki ildə ölkədə ardıcıl olaraq demokratiyanın məhdudlaşdırılması siyasəti aparılıb, demokratiya ilə bağlı yüksək səviyyələrdə kəskin tənqidi fikirlər səsləndirilib, «Azərbaycanın özəl inkişaf strategiyası» ilə bağlı rəsmi mövqeyi əks etdirən böyük məqalələr – yazılar dərc olunub və bu vaxt hakimiyyət hər hansı daxili və xarici müqavimətlə rastlaşmayıb
Hakim Yeni Azərbaycan Partiyası əvvəlcə iddia edirdi ki, belə fikirlər bir nəfərin rəyidir. Amma nə baş verdisə, birdən-birə məsələ böyük bir impuls aldı, məlum oldu ki, sən demə, bu problem çoxlarını düşündürürmüş. Bunu indi müxtəlif cür yozurlar. Bəzi mülahizələrə görə, hakimiyyət iqtisadi böhranın ölkəyə təsirini etiraf etməsə də, onun qaçılmaz olduğunu başa düşür və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşacağını artıq indidən proqnozlaşdırır. Bəzi müxalifət ekspertlərinin təbirincə deyilsə, iqtisadi böhran «təkcə sosial problemlər deyil, həm də siyasi imkanlar yaradır».

Sözsüz ki, bu amili tamamilə inkar etmək olmaz, mümkündür ki, hakim partiya irəlicədən özünü sığortalamağa çalışır. Amma burada bir nüans var.
Əgər ölkədə həqiqətən də dərin sosial-iqtisadi böhran baş versə, sosial etirazlar artsa, heç bir Konstitusiya maddəsi kömək etməyəcək. Güman ki, bunu YAP-ın analitikləri də dərk edirlər. Deməli, iqtisadi böhranın yarada biləcəyi siyasi böhran heç də əsas səbəb deyil. Bəs onda YAP niyə tələsir?

Son bir-iki ildə ölkədə ardıcıl olaraq demokratiyanın məhdudlaşdırılması siyasəti aparılıb, demokratiya ilə bağlı yüksək səviyyələrdə kəskin tənqidi fikirlər səsləndirilib, «Azərbaycanın özəl inkişaf strategiyası» ilə bağlı rəsmi mövqeyi əks etdirən böyük məqalələr – yazılar dərc olunub və bu vaxt hakimiyyət hər hansı daxili və xarici müqavimətlə rastlaşmayıb. Sözsüz ki, müəyyən iradlar səsləndirilib, amma onların hamısı geosiyasi maraqların fonunda eşidilməz və görünməz olub. Təsadüfi deyil ki, bəzi böyük dövlətlərin təmsilçiləri öz ölkələrinin Azərbaycanla bağlı maraqlarını sıralamağı sevirlər və bir qayda olaraq demokratiya və insan haqları bu sırada ən axırıncı yerdə gəlir. Onu da etiraf etmək lazımdır ki, ötən müddət həqiqətən də hakim partiya üçün faydasız keçməyib – nəyi də olmasa, geosiyasi sövdələşmənin qanunlarını və manevrlərin taktikasını onlar çox gözəl mənimsəyiblər. Seçkilərlə bağlı həmişə problemləri olurdu, onu da bu il həll etdilər. Əsas müxalifətin seçkini boykot etməsinə, əhalinin seçkidə böyük fəallıq göstərməməsinə rəğmən, sivil dünyada çox az təsadüf edilən 89 faizlik nəticənin elan edilməsinə baxmayaraq təbriklər də oldu, «hətta irəliyə doğru daha bir addım» kimi qiymətləndirmələr də!
Bütün məhdudiyyətləri adlamaq, daim öz təsir sferasını genişləndirməyə cəhd etmək nəzarətsiz hakimiyyət üçün çox təbii haldır. Əgər cəmiyyətin nəzarəti və müqaviməti olmasaydı bəlkə də bəzi demokratik ölkələrdə də oxşar hadisələr baş verərdi. Amma baş vermir, çünki siyasi mədəniyyət və cəmiyyətin nəzarəti buna imkan vermir. Azərbaycanda isə bu amillərin heç biri yoxdur. Ona görə də hakimiyyətlə cəmiyyət arasındakı siyasi balans ildən-ilə hakimiyyətin xeyrinə dəyişir.
Konfutsi deyirdi ki, hər şeyi öz adı ilə adlandıranda o daha anlaşıqlı olur. İndi Azərbaycanda baş verənləri də üç sözlə ifadə etmək mümkündür: ölkədə monarxiya qurulur! Düzdür, konstitusion monarxiyanın hökm sürdüyü demokratik ölkələr də var. Amma Azərbaycan belələrindən olmayacaq. Bu hakimiyyət ölkədə demokratiyanın son işartılarını da məhdudlaşdırmaqda, nəzarətə götürməkdə davam edəcək. Ümid tarixin bu vaxta qədər nümayiş etdirdiyi təcrübəyədir. Bütün totalitar və avtoritar utopiyaların sonu olur. Tarixi planlaşdırmaq cəhdləri gec-tez uğursuzluqla bitir. Tarix ondan dərs götürməyənləri sevmir – buna da tarixin qisası deyirlər!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG