Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:29

Konstitusiya Məhkəməsindən hədiyyə…


Konstitusiya Məhkəməsinin 9 hakimindən 6-nın səlahiyyət müddəti artıq başa çatıb
Konstitusiya Məhkəməsinin 9 hakimindən 6-nın səlahiyyət müddəti artıq başa çatıb
Bu günlərdə parlamentin Konstitusiyaya dəyişikliklərlə bağlı Konstitusiya Məhkəməsinə təkliflər göndərməsi bu sahədə bir xeyli suallar üzə çıxarıb. Suallardan biri - Konstitusiya Məhkəməsinin fəaliyyəti və qərarları hara qədər konstitusion hesab edilir? Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov deyir ki, Konstitusiya Məhkəməsinin fəaliyyəti mövcud qanunla tənzimlənir:

«Konstitusiya Məhkəməsi Konstitusiyanın normalarına edilən düzəlişlər haqqında rəy verir. Bu, dəyişikliklər isə Konstitusiya Məhkəməsinə aid deyil. Bu məsələ parlamentdə 95 səslə həll olunur».

İsa Nəcəfov əlavə edir ki, Konstitusiyaya və «Konstitusiya Məhkəməsi haqqında» qanuna əsasən ayrı-ayrı subyektlər hansısa qanunların və yaxud müəyyən qanunların müəyyən normalarının Əsas Qanuna uyğun olub-olmaması barədə onlara müraciətlər edə bilərlər. Bununla yanaşı 6 subyekt – dövlət başçısı, hökumət, parlament, ali məhkəmənin sədri, baş prokuror və ombudsman da prezidentin, Nazirlər Kabinetinin qərarlarının, yaxud ayrı-ayrı icra hakimiyyəti orqanlarının aktlarının qanunlara, qərarlara uyğun olub-olmaması haqqında Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər. Məhkəmə isə həmin müraciətə baxıb öz qərarını qəbul edir.

Dekabrın 24-də Konstitusiya Məhkəməsi parlamentin konstitusiyaya dəyişikliklərlə bağlı təkliflərinə baxmalıdır. Bəzi müxalifət partiyaları isə konstitusiyada 1 şəxsin 2 dəfədən artıq prezident seçilə bilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını nəzərdə tutan dəyişikliyə etiraz olaraq həmin gün məhkəmənin binası qarşısında aksiya keçirməyi planlaşdırırlar. Əgər İsa Nəcəfovun da dediyi kimi istənilən subyektin qanunlara və ya qərarlara uyğunsuzluqlarla bağlı Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ varsa, görəsən bəs niyə bu dəyişikliyə qarşı olanlar öz iddialarının hüquqi müstəvidə həllinə üstünlük vermirlər.

AXCP sədri Əli Kərimli deyir ki, dekabrın 23-də onlar bir sıra siyasi partiya liderləri, vətəndaş cəmiyyəti təmsilçiləri ilə birgə Konstitusiya Məhkəməsinə müraciət göndəriblər. Parlamentin təklifləri ilə eyni gündə baxılması istənilən müraciətdə deyilir ki, konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətə təminat verir. Sözügedən düzəliş qəbul olunarsa həmin prinsiplərə xələl gələcək. Ona görə də Konstitusiya Məhkəməsi ona müsbət rəy verməsin, məsələ heç referenduma da çıxarılmasın. Əli Kərimli hesab edir ki, əgər Azərbaycanda hüquq işləyirsə onların hazırladığı hüquqi sənəd müsbət nəticəsini verərdi:

«Amma hər hansı bir hüquqi prosedurun nəticələrindən biz ümid gözləmirik. Çünki, konstitusiya dəyişikliyi kimi prinsipial, taleyüklü məsələ görün xəlvətdə, nə qədər tələsik şəraitdə qəbul olunur. Bu onu göstərir ki, bu ölkədə hüquq, konstitusiya heç bir şeydir. Bu ölkədə nümayəndəli orqanlar, parlament hamısı gözdən pərdə asmaq üçündür».

Hüquqşünas Erkin Qədirli deyir ki, Konstitusiya Məhkəməsinin 9 hakimi var. Onlardan ilk 6 nəfəri on il müddətinə 1998-ci ildə təyin olunub. Digər 3 hakim isə sonradan təyin edilib. İlk 6 nəfərin müddəti artıq başa çatıb. Əslində onlar ya təkrarən təyin edilməli, ya da başqaları ilə əvəzlənməli idilər. Ancaq bunun əvəzinə parlament konstitusiya haqqında qanuna dəyişiklik edərək həmin hakimlərin səlahiyyət müddətini yeniləri təyin olunana qədər uzatdı. Yeni hakimlərin hansı müddət ərzində təyin olunması isə qeyri müəyyən saxlanıldı. Bu məhkəmə hakimiyyətinin fəlsəfəsinə zidd bir şeydir və onun müstəqilliyini şübhə altına alır:

«Belə çıxır ki, Konstitusiya Məhkəməsi hakimlərinin 3-də 2-si müstəqil qərar verə bilmirlər. Çünki onlar təyin edən subyektdən asılı vəziyyətdədirlər. Deməli dekabrın 24-də qərar verəcək 9 hakimin 6-sı müstəqil qərar verə bilməyəcək».

Konstitusiya Məhkəməsinin hakimi İsa Nəcəfov bu fikrə münasibət bildirərək deyir ki, hər bir insanın qanunu təsvir etmək haqda düşüncələri müxtəlifdir. Ona görə də hər kəsin müəyyən bir norma barədə müxtəlif düşüncəsi ola bilər.

Siyasi dairələrdə geniş müzakirələrə səbəb olan bu dəyişiklik barədə gəzən fikirlər hələ parlamentdə təklifə çevrilməmişdən xeyli əvvəl ölkədə monarxiya qurulacağı barədə yetərincə söz söhbət yaratmışdı. Konstitusiya Məhkəməsinin bu məsələyə dekabrın 24-də baxması isə siyasi dairələrdə başqa bir fikrin meydana gəlməsinə səbəb olub. Məsələ burasındadır ki, həmin gün prezident İlham Əliyevin doğum günüdür. Bəzi siyasətçilər hesab edirlər ki, Konstitusiya Məhkəməsinin məsələyə məhz bu tarixdə baxması təsadüfi deyil, onun iki dəfədən artıq prezident seçilməsinə yol açan dəyişiklik dövlət başçısının ad gününə hədiyyə ola bilər.

Buna da bax:

XS
SM
MD
LG