Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:54

Ömürlük prezidentlik Konstitusiya Məhkəməsinin müstəqilliyinə təhlükədi


Konstitusiya Məhkəmələrinin müstəqilliyi həm də hakimlərin maddi təminatından asılıdı
Konstitusiya Məhkəmələrinin müstəqilliyi həm də hakimlərin maddi təminatından asılıdı
«Konstitusiya məhkəmələri - keçmiş sovet ölkələrində yeni bir sistemdir, amma bəzən prezident, parlament, yaxud məhkəmə hakimiyyəti belə bir sistemin tətbiqindən heç də məmnun olmurlar. Çünki Konstitusiya Məhkəməsinin yaradılması - onların hakimiyyətinin məhdudlaşdırılması, onlar üzərində nəzarətin olması deməkdi. Bunu qəbul etmək onlar üçün çətindir, çünki Konstitusiya Məhkəməsi həmin hakimiyyət qollarının verdiyi qərarları dəyişə bilər».

Bunu «Azadlıq» radiosuna müsahibəsində Avropa Şurası Venesiya Komissiyasının eksperti, konstitusiya məhkəmələri üzrə mütəxəssis Arne Mavçiç deyir. O, bildirir ki, konstitusiya məhkəmələri hətta demokratik ölkələrdə də icra hakimiyyətinin təzyiqini hiss edir, amma Konstitusiya Məhkəməsinin belə geniş səlahiyyətləri olduğu üçün avtoritar üsul-idarəli keçmiş sovet ölkələrində onlara daha böyük təzyiq var və onların öz müstəqilliklərini qorumaqları çətindir.

Konstitusiya Məhkəməsinin dünyada mövcud olan iki modeli - Avropa və Amerika modellərinə nəzər salaq. Avropa ölkələrində Konstitusiyanı dəyişib-dəyişməmək haqda rəyi vahid bir orqan verir – Konstitusiya Məhkəməsi. Azərbaycanda da bu model tətbiq edilib. Amerika Birləşmiş Ştatlarında isə Konstitusiya Məhkəməsinin işini əsasən Ali Məhkəmə görür, amma bütün hakimlər, hətta əyalət məhkəmələrinin hakimləri də qərar verə bilər ki, Konstitusiyanın hansısa maddəsi səhvdir. Amma bir şərtlə. Həmin şərti yenə də Arne Mavçiç anladır:

«Amerikada hər bir hakim Konstitusiya ilə bağlı məsələ haqda qərar verə bilər, amma həmin qərar ancaq baxılan konkret məhkəmə işindəki tərəflərə aid olacaq. Yalnız Ali Məhkəmənin Konstitusiya ilə bağlı məsələ haqda verdiyi qərar bütün ölkə vətəndaşlarını əhatə edir».

Arne Mavçiç deyir ki, Avropa, yoxsa Amerika modelinin daha effektiv olmasını demək çətindir. Bütün səlahiyyətlərin bir orqana – Konstitusiya Məhkəməsinə verilməsi Avropada onunla nəticələnib ki, həmin məhkəmələr çox yüklənib və indi Avropada da Amerika modelinin bəzi elementlərindən istifadə haqda düşünməyə başlayıblar.

Avropa Şurası Venesiya Komissiyasının eksperti Arne Mavçiç deyir ki, o, konstitusiya məhkəmələrinin o tipini daha çox uğurlu hesab edir ki, onların tərkibini müəyyən etmək parlamentin səlahiyyətindədir:

Arne Mavçiç deyir ki, məsələn onun ölkəsində Sloveniyada Konstitusiya Məhkəməsinin hakimliyinə namizəd şəxslərin siyahısını prezident tərtib edir, amma onları parlament araşdırıb təyin edir, hansınısa bəyənməyib təsdiq etməyə də bilər.

Azərbaycanda da qanuna görə Konstitusiya Məhkəməsinin üzvlərini Milli Məclis təsdiq edir. Amma bəzi yerli ekspertlər hesab edirlər ki, parlamentin belə məsələlərdə rolu onda səmərəli olur ki, orda parlament demokratik seçkilərlə formalaşır və orda çoxlu partiyalar təmsil olunur. Azərbaycanda isə Milli Məclisə keçirilən seçkiləri beynəlxalq təşkilatlar tam azad və ədalətli adlandırmayıblar.

Amerikada da Ali Məhkəmənin hakimlərini prezident təyin edir, amma onları Senat təsdiqləməlidir. Bu, ömürlük bir vəzifə hesab olunur. Bu ondan ötrü edilib ki, hakimlər müstəqil olsunlar, seçkidən-seçkiyə dəyişilən prezidentlərdən asılı olmasınlar. Məsələn Ali Məhkəmənin hakimləri arasında hələ 1970-ci illərdə o vaxtkı prezidentlər Ford və Reyqanın təyin etdiyi hakimlər də var.

Azərbaycanda isə indi təklif edilir ki, Konstitusiyaya ömürlük prezidentliyə şərait yaradan dəyişiklik edilsin. Bundan başqa Azərbaycanda indi Konstitusiya Məhkəməsinin hakimlərinin yarısının 10 illik səlahiyyət müddəti bitib və onlar yeni hakimlər təyin edilənə qədər vəzifədə qala bilər. Bəzi yerli ekspertlər düşünür ki, belə vəziyyətdə öz kreslosunu qorumağa çalışan hakim müstəqil qərar verə bilməz.

Avropa Şurası Venesiya Komissiyasının eksperti Arne Mavçiç deyir ki, Konstitusiya Məhkəmələrinin müstəqilliyi həm də hakimlərin maddi təminatından asılıdı. Məsələn, Amerikada Ali Məhkəmənin sədri təxminən 17 min dollar maaş alır. Azərbaycanda isə Konstitusiya Məhkəməsinin sədrinin maaşı təxminən 2000 dollardı, hakimlərin məvacibi isə bunun 85 faizi qədərdi.
XS
SM
MD
LG