Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:31

Avtovağzala kim nəzarət edir?


Hər gün Bakı avtovağzalından 350-380 avtobus yola çıxır
Hər gün Bakı avtovağzalından 350-380 avtobus yola çıxır
Bayramdan sonra Bakının səsli-küylü avtovağzalında seyrəklikdir. Sürücülər də təsdiqləyirlər ki, indi adam azalıb, qiymətlər enib, amma bir neçə gün qabaq Yeni ili ailəsiylə qarşılamaq istəyənlərdən artıq pul alıblar:
- Niyə bahalaşdırmışdız ki?
- Yollar buz-qar idi. Yanacaq çox işlədirdik. Yol baha başa gəlirdi.
Ağdaşdan - ailəsinin yanından qayıdan tələbə qız da yola planlaşdırdığından çox pul xərcləyib:
«Həmişə Ağdaşa 6 manata aparırdılar, indi bayrama görə, 8-10 manat elədilər. Hər bayram qaldırırlar qiyməti».
Qanunla Ağdaşa qədər gedişhaqqı 4 manatdan da ucuz olmalıdır. Şəhərlərarası nəqliyyatda gedişhaqqını İqtisadi İnkişaf Nazirliyi yanında Tarif Şurası tənzimləyir. 2007-ci il fevralındakı qərara görə, 1 km yolun gedişhaqqı 1,6 qəpikdir. Gediş qiymətləri biletin üstünə yazılır:
- Bilet almısız?
- Xeyr.
- Pulu kimə verirsiz?
- Sürücüyə.
- Konduktura verirəm...
- Mən həmişə biletsiz getmişəm.
- Bilet harada satılır ki?!
Amma təbii ki, avtovağzalın bilet kassaları işləyir və burada bilet alan sərnişinlər də çox idi. Bahalaşma, biletsiz gedənlər haqda avtovağzal rəhbərliyindən soruşmaq istədik. Amma avtovağzalda əsas şirkətlərdən birinin «M-Trans»ın növbə rəisi Nurəddin İsmayılov dedi ki, avtovağzal rəhbərliyini axtarmağa dəyməz, «M-Trans» özü bütün avtovağzala nəzarət edir:
«Avtovağzalla «M-Trans»ın işi eyni formada, eyni strukturdadır. Avtovağzalın bütün xidmət sahələrini - bilet satışını da, nəqliyyat vasitələrinin təminatını da, xidmət sahələrinin yaradılmasını da, ümumiyyətlə, bütün avtovağzala nəzarəti «M-Trans» həyata keçirir».
Əslində isə «M-Trans» – avtovağzalda işləyən özəl şirkətlərdən biridir.
Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənov deyir ki, «M-Trans»ın dövlət müəssisəsi olan avtovağzalda heç bir əlavə hüququ yoxdur. Həsənovun dediklərini «M-Trans»ın növbə rəisinə danışanda, o, əvvəl dediklərini təkzib etdi, dedi ki, «M-Trans» da adi, özəl şirkətdir.
İqtisadçı Rövşən Ağayev deyir ki, Nəqliyyat Nazirliyi hakimiyyətə yaxın inhisarçı şirkətlərlə əməkdaşlıq edir. Bundan başqa, hökumət inhisarçı şirkətlərin qanunsuz əməlinə göz yumur.
O ki qaldı qiymətlərin Yeni ildə bahalaşmasına, sərnişinlərin biletsiz getməsinə, həm avtovağzalda ən çox avtobusu olan «M-Trans» şirkətinin rəsmisi, həm də Nəqliyyat Nazirliyindən Namiq Həsənov deyir ki, belə hallar nadir hallarda baş verir:
«Vətəndaş bilet almırsa, bunun günahını başqasında görmək olmaz».
Avtovağzalda işləyən şirkətlər büdcəyə vergini bilet satışından verirlər. Sürücülər bilet satışı haqda danışmaq istəmədilər. Amma Nəqliyyatçı Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Məzahir Rüstəmov vəziyyəti belə şərh edir:
«Mənə elə gəlir ki, avtovağzal rəhbərliyi buna göz yumur. Yəqin ki, nəyə görəsə maraqları var. Yəqin ki, sürücülərlə hansısa sövdələşmələri, maddi maraqları var ki, buna göz yumurlar».
Hər gün Bakı avtovağzalından 350-380 avtobus yola çıxır. Qanunla onların işinə səkkiz nəfərlik qiymət komissiyası nəzarət edir.
XS
SM
MD
LG