Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:09

Avropalılar, deyəsən, siqareti tərgitmək istəmirlər


Tütünlə bağlı xəstəliklər Avropaya ildə 100 milyard dollara başa gəlir
Tütünlə bağlı xəstəliklər Avropaya ildə 100 milyard dollara başa gəlir
Avstriyada bu ay siqaretə qadağa qoyan yeni qanun qüvvəyə minir. Qanunda bəzi istisnalar var. Düzdür, böyük restoranlardan tələb olunur ki, ərazisinin heç olmasa yarısını siqaret çəkməyənlərə ayırsın. Amma bəzi yeməkxanalar tüstüsüz otaq, yəni siqaret çəkilməyən otaq yaratmağa məcbur deyillər. Tütün şirkətləri yenə də pulsuz siqaret paylaya bilərlər. Tələbə yataqxanalarında da siqaret çəkmək qadağan olunmayıb. «Wall Street Journal» yazır ki, Avstriyada qəbul olunan qanun Avropadakı vəziyyətdən xəbər verir. Fransa, Britaniya və İtaliyada ictimai yerlərdə siqaret çəkmək qadağan olunub, amma tütün həvəskarları vərdişlərindən əl çəkmək istəmirlər. Hətta bəzən rəsmiləri qanunu yumşaltmağa məcbur edirlər.
İtaliya Səhiyyə Nazirliyinin məlumatına görə, siqaret çəkənlərin sayı, qadağadan sonra dəyişməyib. Almaniyada federal məhkəmənin qərarına əsasən bir zaldan ibarət pivəxanalar siqaret çəkməyi qadağan etmirlər. İspaniyada ictimai yerlərdə siqaret çəkmək 2006-cı ildə qadağan olunub, amma qanunda boşluqlar var, həm də qanuna əməl edən azdır. Restoranlar müştərilərini itirməmək üçün siqaret çəkməyə icazə verirlər.
Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, siqaret çəkənlərin sayına görə, birinci yeri Yunanıstan tutur, orda əhalinin 43%-i tütün həvəskarıdır. Rusiya ikinci, Avstriya üçüncüdür. Sonuncu yerdə Birləşmiş Ştatlardır.
Amerikada ilk dəfə olaraq siqaret çəkənlərin sayı 20%-ə düşüb. Ola bilər bu, Birləşmiş Ştatlarda siqaret çəkənlərə münasibətlə bağlıdır. Avropada tütünə aludəçilik bir o qədər eyib deyil. Roma papasının, fransalı futbolçu Zidanın, Britaniya şahzadəsi Harrinin siqaret çəkdiyi məlumdur. Amma Amerika prezidenti Barak Obama da tütün həvəskarı olduğunu, buna görə xeyli təzyiqə məruz qaldığını gizlətmir.
Amerika Xəstəliklərə Nəzarət Mərkəzi bildirir ki, siqaret çəkənlərlə daimi ünsiyyət ildə dörd yüz mindən çox adamın ölümünə səbəb olur. Tütün həvəskarlarıyla daim ünsiyyətdə olanlar ürək, qan-damar xəstəliklərindən, xərçəngdən ölür.
Parisdə siqaret muzeyinin təsisçilərindən biri - Tiqreyn Heyden deyir ki, Amerikada siqaret çəkəni başqalarını da bəlaya salan ziyankar hesab edirlər. Avropada isə siqaret çəkmək, yemək-içmək kimi bir şeydir.
Ancaq kiminsə yemək-içməyə bərabər bildiyi siqaret Avropanın səhiyyə sistemi üçün əməlli-başlı problem yaradıb. Tütünlə bağlı xəstəliklər Avropaya ildə 100 milyard dollara başa gəlir. «Wall Street Journal» yazır ki, Avstriyada iki nəfərdən biri siqaret çəkir. Avropada siqaret çəkənlərin sayına görə, Avstriya bircə Yunanıstandan geri qalır. Orda qadınların da, yeniyetmələrin də tütünə aludəçiliyi adi haldır. Qızlar tütünün dadına 12 yaşa çatmamış baxırlar. 2007-ci ildə Avstriyada 14 min adam tütünlə bağlı xəstəliklərdən ölüb. Nəzərə alın ki, Avstriyanın 8 milyon əhalisi var. 2005-ci ildə hökumət xəstəxanalarda, qatarlarda və başqa ictimai yerlərdə siqareti könüllü olaraq çəkməməyə çağırdı. 2007-ci ildə Avropa Birliyi Avstriya hökumətini məsələyə ciddi yanaşmağa çağırdı və 16 yaşından siqaret çəkən Səhiyyə naziri - xanım Andria Kdolski hərəkətə keçdi. Amma sorğular göstərib ki, avstriyalıların çoxu siqaretlə bağlı sərt qadağalara qarşıdır. Avstriyanın yeni Səhiyyə nazirinin isə siqaret çəkənlərin sayını azaltmaqda daha qərarlı olduğunu deyirlər.
XS
SM
MD
LG