Daxili İşlər naziri Ramil Usubov hüquq müdafiəçisi Leyla Yunusu məhkəməyə verib.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilən iddia ərizəsində göstərilir ki, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus ötən il dekabrın 3-də Day.az saytına verdiyi müsahibəsində Daxili İşlər Nazirliyinə böhtan atıb.
Nazir «polisin işgüzar nüfuzuna» xələl gətirən müsahibəsi ilə bağlı Leyla Yunusun təkzib verməsini, nazirlikdən üzr istəməsini və mənəvi zərərin əvəzində hüquq müdafiəçisinin 100 min manat cərimə edilməsini məhkəmədən xahiş edir.
Yanvarın 7-də keçirdiyi mətbuat konfransında Leyla Yunus deyib ki, məhkəmə yanvarın 13-də olacaq. O, bildirib ki, nazirin onu məhkəməyə verməsi vətəndaş cəmiyyəti nümayəndələrinə təzyiqdir. «Müstəqil mətbuatı susdurduqdan sonra indi ictimai təşkilatların, hüquq müdafiəçilərinin səsini kəsmək istəyirlər»-, deyə Leyla Yunus bildirib.