«Azəriqaz» ASC qaz təhlükəsizliyi ayına başlayır. Buna səbəb son vaxtlar qazla bağlı tez-tez partlayışların olması və dəm qazından ölənlərin sayının artmasıdır. «Azəriqaz» rəsmisi Nüsrət Qasımovun sözlərinə görə, yanvarın 15-dən gələn ayın 15-ə qədər davam edən tədbirlər zamanı əhali arasında qaz maarifləndirmə işləri aparılacaq ki, onlar qaz avadanlıqları ehtiyatsız davranmasınlar: «Biz əhali arasında təbliğat aparacağıq ki, yatanda qazları yana-yana qoymasınlar, naşı ustalara qanunsuz qaz xətləri çəkdirməsinlər və s.»
Qaldı ki, evlərdəki köhnə və standartlara uyğun olmayan qaz qızdırıcılarının tamamilə yığışdırılmasına Nüsrət Qasımov deyir bu barədə yayılan məlumatlar düzgün deyil. Onun sözlərinə görə, partlayışlarda, yanğınlarda 99 faiz günahkar istehlakçılardır.
Amma Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsində isə hesab edirlər ki, baş verən hadisələr daha çox standartlara uyğunsuzluqla bağlıdır. Komitəndən «Azadlıq» radiosuna verilən məlumata görə, ölkəyə müxtəlif ölkələrdən gətirilən qaz sobalarının heç də hamısına standartlara uyğunluq sertifikatı verilməyib.
Azərbaycanda builki qış mövsümündə 20-dən artıq şəxs dəm qazından ölüb.