Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:27

«Həmişə ərzağın üstündən götürürlər»


Məhbus anası deyir ki, adətən məhbuslar üçün aparılan ərzaq, dərman və digər əşyalar geri qaytarılmır
Məhbus anası deyir ki, adətən məhbuslar üçün aparılan ərzaq, dərman və digər əşyalar geri qaytarılmır
«Həmişə ərzağın bir az üstündən götürürlər. Bir blok siqaret gəlibsə, oradan 3 ya 4 qutu götürürlər. Qapıya qədər nə gətirilib, necə götürülüb məlumat olmaq olmur».

Bu, 2007-ci il əfv fərmanı ilə azadlığa çıxmış «Müxalifət» qəzetinin əməkdaşı Yaşar Ağazadənin dedikləridir. Bir ilə əvvəl həbsdən azad olmuş jurnalistin sözlərinə görə, cəzaçəkmə müəssisəsində məhbusun qohum və tanışlarının gətirdiyi ərzaq və digər əşyalar heç də həmişə tam şəkildə ona çatdırılmırdı. Onun sözlərinə görə digər tərəfdən də həbsxananın içində yerləşən mağazalarda satılan malların qiyməti adi qiymətdən iki, hətta üç dəfə baha olur.

Elə «Azadlıq» radiosuna gələn zənglərdə bu problemin hələ də qaldığı bildirilir. Məhbus anası olan Müslümət Rzaxanova deyir ki, adətən məhbuslar üçün aparılan ərzaq, dərman və digər əşyalar geri qaytarılmır, əksəriyyəti yoxlanılaraq qəbul olunur, amma içəridə çox şey məhbusa çatmır.
«Məhbuslara göndərdiyimiz bütün ərzaq məhsullarını əvvəlcə bir yerdə saxlayırlar, elə oradan da bəziləri itir. Bununla əlaqədar olaraq, şəxsən özüm rəisə dəflərlə müraciət etmişəm. Qanundan onlara verilməli olan ərzaq saxlanma yerlərindən oğurlanmasının qarşısı heç cür alınmır».

Müslümət Rzaxanova deyir ki, onun fikrincə bütün bunların bu cür tənzimlənməsi cəzaçəkmə müəssisəsinin rəisindən asılıdır. Həbsxanalarda malların baha qiymətə satılması ilə bağlı xanım Rzaxanova bildirdi ki, o, belə halla rastlaşmayıb və qiymətlər orda da hər yerdə olduğu kimdir.

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin əməkdaşı Mehman Sadıqov isə bu cür məlumatların yalan olduğunu deyir. Mehman Sadıqova görə məhbusa çatdırılacaq hər hansı bir əşya və ərzaq itə və ya götürülə bilməz:

«Bu mümkün olan şey deyil. Məhkuma aid olan, qanunvericilikdə nəzərdə tutulan və icazə verilən bütün ərzaq məhsulları, ilkin tələbat malları hamısı yoxlamadan sonra məhkumların özlərinə verilir. Heç kim nə onun üstündən götürə bilməz, ya da itə bilməz. Yanlış məlumatdır».

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə İctimai Nəzarət Komitəsinin üzvi Sahib Məmmədov bildirir ki, indi yoxlama prosesi sərtləşdirilib:

«Cinayət Məcəlləsinə dəyişiklik olundu, indi o qadağan olunmuş əşyaların keçirilməsinə görə, konkret cinayət məsuliyyəti nəzərdə tutulur. Ona görə görünür axtarış bir qədər sərtləşdirilib».

Sahib Məmmədov onu da bildirdi ki, bəzi problemlər olsa da, cəzaçəkmə müəssisələrində son illərdə məhbuslara müəyyən şərait də yaradılıb. Belə ki, məhbus evdən gələn qidalardan özü yemək hazırlaya da bilir.
XS
SM
MD
LG