Hüquq müdafiəçisi Leyla Yunusun məhkəməsi gələn həftənin birinci günü, yanvarın 26-na kimi təxirə salınıb.
Onun vəkili İsaxan Aşurov vəsatət qaldıraraq bildirib ki, iddia ərizəsində Leyla Yunusun yaşadığı və qeydiyyat ünvanı səhv göstərilib. Bununla bağlı olaraq hakim prosesi gələn həftənin birinci gününə qədər təxirə salıb.
Bundan əvvəl isə prosesin keçirildiyi Nəsimi rayon məhkəməsində insident yaşanıb.
Hakim məhkəmə zalında çoxlu sayda adamın ayaq üstə durduğunu bildirib və onların zalı tərk etməsini istəyib. Bu narazılıqla qarşılanıb. Prosesi izləyən diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri buna etiraz edərək, öz yerlərini ayaq üstə duran adamlara təklif ediblər.
Daxili İşlər naziri Ramil Usubov Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusu «day.az» saytına müsahibəsində Dəvəçi rayonunda iki azyaşlı uşağın qətlində polisin əli olduğunu dediyinə görə məhkəməyə verib.
Nazir məlumatın təkzibini və Leyla Yunusun 100 min manat cərimə edilməsini istəyir.