Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:19

Türkiyə Qərbin düşmənlərini qonaq edir


Axır illərdə Qərbin əleyhinə gedən bir xeyli lider Türkiyədə qonaq olub
Axır illərdə Qərbin əleyhinə gedən bir xeyli lider Türkiyədə qonaq olub
Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun araşdırmaçısı Sönməz Çaqaptay «Wall Strit Cournal» qəzetindəki məqaləsində sual edir ki, Türkiyə Qərbin müttəfiqi kimi qalmaqda davam edirmi? Onun fikrincə, hakim Ədalət və İnkişaf Partiyası Türkiyəni öz Qərb müttəfiqlərindən təcrid edir, özü də bu işdə xeyli irəli gedib.

NATO üzvü olan, Avropa Birliyinə can atan, Qərbin demokratiya dəyərlərini bölüşən Türkiyə 2002-ci ildə hakimiyyətə AKP-çilərin gəlişindən sonra dəyişməyə başlayıb. İndi hakimiyyətin yürütdüyü siyasətin iki dayağı var – din və pul.

Müəllif xatırladır ki, axır illərdə Qərbin əleyhinə gedən bir xeyli lider Türkiyədə qonaq olub – İran prezidenti Əhmədinejad, Sudan prezidenti Ömər əl-Bəşir.

Ömər əl-Bəşirə qarşı hətta BMT tribunalında soyqırımı ittihamları irəli sürülüb. Belə bir vaxtda Türkiyə hakimiyyəti onunla Sudana neft sərmayələri qoymağı müzakirə edir.

Türkiyəyə gələn Əhmədinejad isə oradakı böyük məscidlərin birində namaz qılmaq imkanı qazandığından bu fürsətdən istifadə edərək Amerika və İsrail əleyhinə şou düzəldib.

İran prezidenti vətəninə xoşbəxt qayıdıb, bir əlində Türkiyə ilə təhlükəsizlik sahəsində saziş, o birində isə Türkiyənin İranın qaz sektoruna sərmayə qoyması ilə bağlı müqavilə. Sonuncu müqavilə Amerikanın İrana qoyduğu sanksiyalarla ziddiyyət təşkil edir.

Bundan başqa, Baş nazir Ərdoğan iki il qabaq Ərəb Dövlətləri Liqasının toplantısında deyib ki, «Qərb terrorizm məsələsindən istifadə edib bizə silah satır». Bundan başqa, o bildirib ki, «İranın nüvə proqramına qarşı çıxanların özləri də nüvə silahına malik olmamalıdır».

Ankara ABŞ və Avropadan Kürd Fəhlə Partiyasının terror şəbəkəsinə qarşı mübarizədə yetərincə dəstək ala bilmədiyi üçün İran bu fürsətdən istifadə edir, İraqdakı kürd bazalarını bombalayır, kürd yaraqlıları haqda Türkiyəyə kəşfiyyat məlumatları verir.

İndi Türkiyədə keçirilən sorğular göstərir ki, İrana simpatiya artır. Enerji maraqları Türkiyəni Rusiya ilə yaxınlaşdırır. Keçən ay Cənubi Osetiya münaqişəsi zamanı Amerika Rusiyanı təcrid etməyə çağıranda Türkiyə hökuməti Rusiyanın Xarici İşlər naziri Lavrovu məsləhətləşmələr üçün Ankaraya dəvət etdi.

Keçən il Rusiya Türkiyənin ən böyük ticarət tərəfdaşına çevrildi. İndi Türkiyə istifadə etdiyi qazın üçdə ikisini Rusiyadan alır.

Bundan başqa, Türkiyə öz ənənəvi müttəfiqi İsraildən uzaqlaşır, radikal islamçı qruplaşma – Həmasın atdığı raketlərin İsrail üçün böyük təhlükə olmadığını bildirir.

Bütün bunları Vaşinqtondakı Yaxın Şərq Siyasəti İnstitutunun araşdırmaçısı Sönməz Çaqaptay «Wall Strit Cournal» qəzetindəki məqaləsində yazır.
XS
SM
MD
LG