Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 13:26

İndi bölünmək yox, birləşmək vaxtıdır!


Gənclər arasında, xüsusən də qlobal iqtisadi böhrandan sonra liberalizmin süqutu haqqında söhbətlər dolaşır, solçuluğa meyl artıb
Gənclər arasında, xüsusən də qlobal iqtisadi böhrandan sonra liberalizmin süqutu haqqında söhbətlər dolaşır, solçuluğa meyl artıb
Rusiyalı jurnalist və politoloq Dmitri Furman bir dəfə Bakıda olarkən maraqlı fikir demişdi: «Azərbaycan qəribə ölkədir, sovetlər birliyindən çıxsa da, sosialist keçmişini yaşasa da, burada güclü solçu partiyalar yoxdur!». Söhbətdə iştirak edən mütəxəssislərin «izah»ları müxtəlif oldu: kimisi azərbaycanlı mentalitetindəki fərdiyyətçiliyi önə çəkdi, kimi də solçuluğun da imperiya kimi bura ixrac olunduğunu bildirdi. Amma bütün hallarda deyilənlər məsələnin mahiyyətini tam aydınlaşdırmadı.

Məsələ ona görə qəliz idi ki, söhbət heç də solçuluğun radikal qanadlarından - kommunizmdən və yaxud bolşevizmdən də getmirdi. Avropanın inkişaf etmiş ölkələrində güclü sosial-demokrat partiyaları var, onların bir hissəsi hətta hakimiyyətdədir. Sosial-demokrat partiyalarını birləşdirən Sosialist İnternasionalı mövcuddur.

Düzdür, Azərbaycanda da çox az sayda olsa da, sol təmayüllü partiyalar mövcud olub, amma onlar siyasi həyatda ciddi rol oynamayıblar. Daha çox «siyasi klublar» kimi fəaliyyət göstəriblər. Bəlkə də əvvəldə qeyd olunan sualın ən düzgün cavabı budur ki, Azərbaycanda ilk siyasi partiyaların yaranmasına kommunizmin süqutundan sonra az qala siyasi moda halını alan ideyalar - azad bazar iqtisadiyyatı, liberal dəyərlər və s. daha çox təsir göstərmişdi. Hərçənd ki, «moda» sözü burada məsələnin mahiyyətinə tam aydınlıq gətirmir. Söhbət bəşəriyyətin əsrlər boyu ərsəyə gətirdiyi, sınaqdan keçirdiyi ideyalardan gedir. Təbii ki, ilk partiyaların formalaşmasında müəyyən geosiyasi amillər də rol oynamışdı və onları da nəzərə almaq lazımdır.
Düzdür, Azərbaycanda da çox az sayda olsa da, sol təmayüllü partiyalar mövcud olub, amma onlar siyasi həyatda ciddi rol oynamayıblar. Daha çox «siyasi klublar» kimi fəaliyyət göstəriblər

İndi isə vəziyyət tamamilə dəyişib, heç bir partiyanın - nə sağların, nə də solların sərbəst inkişafı üçün ölkədə şərait yoxdur. Amma gənclər arasında, xüsusən də qlobal iqtisadi böhrandan sonra liberalizmin süqutu haqqında söhbətlər dolaşır, solçuluğa meyl artıb. Bəlkə də bu da səbəbsiz deyil, çünki qlobal iqtisadi böhran, onu yaradan səbəblər haqqında kifayət qədər analiz və təhlillər aparılmadı.

Əslində liberalizm dövlətin bütün sferalara məhdud müdaxiləsini nəzərdə tutur. Belə böhranlara əvvəllər də təsadüf olunub, amma hər dəfə azad bazar özünü tənzimləyərək yenidən əvvəlki inkişafını bərpa edib. Bəlkə də bu böhranı yaradan əsas səbəb son dövrlərdə «kapitalizmin ifrat dərəcədə sosiallaşması» oldu. Amma digər amilləri də nəzərə almamaq olmaz. Ən yüksək səviyyədə korrupsiyanın və qeyri–şəffaflığın adı çəkildi. Üstəlik, Adam Smit yazırdı ki, insanın əllərinin quruluşu elədir ki, həmişə özünə tərəf çəkir, çalışmaq lazımdır ki, onun bu keyfiyyəti cəmiyyətin rifahına xidmət etmiş olsun. Təsadüfi deyil ki, ABŞ-ın yeni seçilmiş prezidenti Barak Obamanın da dediyi ilk sözlərdən biri məhz şəffaflıq oldu.

Liberal dəyərlərə qayıdaq. Onlar təkcə azad bazar elementlərini nəzərdə tutmurlar. Siyasi hüquqları və mülki özünüidarəni də bura əlavə etmək lazımdır. Hətta müasir sosial–demokratiya özündə liberal dəyərlərin böyük bir ansamblını ehtiva edir. Normal cəmiyyətlərdə liberallarla sosial–demokratlar balans yaradır, bu da «sosial tərəzinin» bir tərəfə əyilməsinin qarşısını alır.

Azərbaycana gəldikdə isə, liberalizmdən və ya sosial-demokratiyadan danışmaq həm tezdir, həm də çox çətindir. Burada sözün əsl mənasında, «nomenklatura kapitalizmi» bərqərar olub. İqtisadiyyat demək olar ki, məmurların nəzarətindədir.Vəzifə ilə bahəm mülkiyyət də bir əldən-başqa ələ keçir. Kapitalizmin fundamenti mülkiyyət toxunulmazlığıdır, əgər bu yoxdursa, deməli, həqiqi kapitalizm də yoxdur.

Xatırladaq ki, hətta sovetlər vaxtında iqtisadiyyatın intensiv və ekstensiv inkişaf yollarından söhbət gedirdi. Təkcə xammal, xüsusən də neft üzərində qurulan iqtisadiyyat uzunmüddətli strategiya xarakteri daşıya bilməzdi. Bu, yerli mütəxəssislər tərəfindən belə dəfələrlə qeyd olunmuşdu. Düzdür, rəqabət qabiliyyətli qeyri–neft sektoru yaratmaq və dünya bazarına çıxmaq çox çətindir. Amma daxili bazar da var axı! Nəyə görə kənd təsərrüfatı inkişaf etdirilməməlidir? Nəyə görə korrupsiyaya son qoyulmamalıdır? Nəyə görə şəffaflıq artırılmamalıdır? Bütün bunların bir cavabı var – ölkədəki siyasi sistem buna imkan vermir!
Hətta iqtisadi böhrana münasibət də maraqlı oldu. Əvvəlcə dedilər ki, böhran ölkədən yan keçəcək! İndi isə iddia edirlər ki, böhranı biz fikirləşməmişik ki! Bu, o deməkdir ki, hakimiyyətin ölkənin inkişafı ilə bağlı dəqiq strategiyası yoxdur, vəziyyət proqnozlaşdırılmır!

Əgər konkret ideologiyalara qayıtsaq, onlar hələ beyinlərdədir. Sözsüz ki, ifrat dərəcədə sosial qütbləşmə şüurlarda solçu tendensiyaları artırır. Üstəlik, bunun bir kulturoloji səbəbi də var – avropalı sosioloqlardan biri yazmışdı ki, «ürək də solda yerləşir, bəlkə buna görə də bizim intellektuallar sola daha çox meyl edirlər». Amma yaxın zamanlar üçün Azərbaycanda bu ideologiyaların hər birinin, o cümlədən də liberalizmin, institutlaşıb leqal siyasi partiyalara çevrilməsi qeyri–mümkündür, çünki ölkədə hələ ki, əks tendensiya müşahidə olunur, siyasi partiyaların fəaliyyəti məhdudlaşdırılır, azad mətbuat təqib olunur, hətta QHT-lərin fəaliyyətinə nəzarət artırılır.

Normal cəmiyyətlərdə bütün mütərəqqi ideyalara yer olmalıdır. Seçimi insan özü etməlidir. O, kimə səs verəcək: sağlara, yoxsa sollara? Amma bizim Azərbaycanda bu, nə vaxt baş verəcək? Təəssüf ki, bu suala cavab vermək çox çətindir, ən azı yaxın dövrlər üçün! Üstəlik, bir məqamı da qeyd etmək lazımdır: indi elə bir vaxtdır ki, ölkədəki demokratları liberallara, sosial–demokratlara və s. bölmək zamanı deyil. Demokratiyanı, bəli, məhz azadlığı qorumaq lazımdır!
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG