Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:02

Deputat sabiq müstəntiqin dediklərilə bağlı sorğu verəcək


2003-cü il hadisələrinə görə il yarım həbsdə yatan Pənah Hüseyn Mahir Nağıyevi yaxşı xatırlamır
2003-cü il hadisələrinə görə il yarım həbsdə yatan Pənah Hüseyn Mahir Nağıyevi yaxşı xatırlamır
«Mən Allahı bir kənara qoyub Zakir Qaralova xidmət etmişəm. Bu günə kimi Qarabağ Əlilləri Cəmiyyətinin işini, 2003-cü ildə olan iğtişaşları, Rəfael Allahverdiyevin, Eldəniz Lahıcovun və digərlərinin işini aparmışam. Bu işlərdə həbs olunan günahsız insanlardan üzr istəyirəm».

Bu fikirlər Bakı Şəhər Prokurorluğu İstintaq İdarəsinin mühüm işlər üzrə sabiq müstəntiqi Mahir Nağıyevə məxsusdur. O, bu etiraflarını yanvarın 27-də Apellyasiya Məhkəməsində səsləndirib.

M.Nağıyev bir müddət əvvəl vitse-spiker Ziyafət Əsgərovun xalası oğlu Yusif Allahyarovun və digərlərinin cinayət işilə bağlı rüşvət alma ittihamıyla həbs edilib və məhkəmənin hökmüylə beş il azadlıqdan məhrum edilib.

Yusif Allahverdiyevin işinə gəlincə, yerli qəzetlərin yazdığına görə, sabiq müstəntiqin apardığı araşdırmalar nəticəsində bəlli olub ki, ittiham olunanlar tənha qocaların evlərini qanunsuz olaraq ələ keçirib və bir müddət sonra həmin qocalar müəmmalı şəkildə ölüb.

Mahir Nağıyev ona sifarişlərin yuxarılardan gəldiyini deyib. Bundan başqa, o, məhkəmədə prokurorluq sistemindəki korrupsiya və sifarişlərdən də danışıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu sabiq müstəntiqin səsləndirdiyi fikirlərlə razılaşmır. Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, M.Nağıyevin prokurorluq və hüquq-mühafizə orqanları barədə dedikləri özünü müdafiə xarakteri daşıyır. Və prokurorluq bu məsələyə rəsmi münasibətini bildirəcək:

«Təbii ki, Mahir Nağıyevin dedikləri özünü müdafiə xarakteri daşıyır. Və onun Apellyasiya Məhkəməsində dedikləri həqiqətə uyğun olmayan ifadələrdir».

O ki qaldı M.Nağıyevin üzr istədiyi adamlara, onların əksəriyyəti həmin müstəntiqi yaxşı xatırlayır.
Rey Kərimoğlu deyir ki, M.Nağıyev onların işini araşdıranda ondan bu işin ədalətli aparılmasını dəfələrlə xahiş ediblər
2003-cü il oktyabr hadisələrinə görə, il yarım həbsxanada olan ADP sədri Sərdar Cəllaloğlu üzrxahlığı qəbul edir və hesab edir ki, onsuz da onlara həmin vaxt da, sonra da məlum idi ki, müstəntiqlər özbaşına qərar qəbul etmirlər.

S.Cəlaloğlu deyir ki, Şəmsi adlı bir gəncdən onun əleyhinə necə ifadə alınması epizoduna görə, həmin müstəntiqi heç vaxt unuda bilməyəcək.

ADP sədri bildirir ki, hətta o, həmin vaxt müstəntiqlərin qeyri-qanuni hərəkətlərilə bağlı məhkəməyə müraciət edibmiş, amma o vaxt onların müraciətlərinə baxılmayıb. ADP sədrinə görə, ona işgəncə verən digər müstəntiq də həbs olunsa, yəqin ki, o da etiraf edər ki, ona sifariş yuxarıdan verilib:

«Bu, Azərbaycan hüquq sisteminin iflasıdır. Başqa müstəntiqlər öz vəzifələrindədilər deyə əməllərini etiraf eləmirlər, amma bu o demək deyil ki, onlar qanunsuz işlərlə məşğul deyillər».

Müstəntiq Qarabağ Əlilləri Cəmiyyətinin işilə bağlı da günahsız adamlardan üzr istəyib. Həmin cəmiyyətin nümayəndəsi Rey Kərimoğlu deyir ki, M.Nağıyev onların işini araşdıranda ondan bu işin ədalətli aparılmasını dəfələrlə xahiş ediblər, amma nəticəsi olmayıb. Kərimoğlu gec də olsa müstəntiqin etdiyi üzrxahlığı ədalətsiz qərarlar qəbul edənlərə örnək sayır:

«Biz ona tez-tez xatırladırdıq ki, ay Mahir müəllim, siz bu işdə ədalətli olun. Bəzi ölçülər var ki, onlar heç vaxt itməməlidir. Bu vətən uğrunda canını qoyan insanlarla belə ədalətsiz davranmaq olmazdı. Əslində yerdə qalanlar bu hadisədən ibrət götürməlidilər».

ADP sədri Sərdar Cəllaloğlu üzrxahlığı qəbul edir
2003-cü il hadisələrinə görə, il yarım həbsdə yatan daha bir müxalifətçi Pənah Hüseyn Mahir Nağıyevi yaxşı xatırlamır. Amma onun dediklərini ciddi məsələ sayır. Millət vəkilinə görə, həmin hadisələr zamanı təkcə 1 yox, 10-a yaxın müstəntiq bu işə cəlb olunduğundan Mahir Nağıyevin dedikləri araşdırılmalıdır. Pənah Hüseyn deyir ki, o, sabiq müstəntiqin dediklərinin araşdırılması tələbilə Məhkəmə Hüquq Şurasına deputat sorğusu göndərəcək:

«Bu, ciddi müzakirə mövzusudur. Mən bu barədə Məhkəmə Hüquq Şurasına müraciət edəcəm ki, müstəntiqin məhkəmədə dedikləri araşdırılsın».

Taleyin ironiyası bununla bitmir. Vaxtilə M.Nağıyevin apardığı işlərdə müxalifətçiləri və Qarabağ Əlilləri Cəmiyyəti üzvlərini müdafiə edən vəkil Osman Kazımov indi sabiq müstəntiqin özünün hüquqlarını müdafiə edir.

O.Kazımov etiraf edir ki, bu işdə vəkillik xeyli çətindir.

Amma bununla yanaşı o, əvvəllər etdiklərinə baxmayaraq, bu gün haqqı pozulan bir müstəntiqin hüquqlarını müdafiə etməyi peşə və vicdan borcu sayır. Deyir, haqqı pozulan hər kəsin müdafiəyə ehtiyacı var. Keçmişindən asılı olmayaraq…
XS
SM
MD
LG