Amerika prezidenti Barak Obama deyib ki, onun administrasiyası İraq və Əfqanıstanla bağlı çətin qərarlar qəbul etməli olacaq. Yeni prezident Pentaqonda ilk dəfə olaraq hərbi məsləhətçiləri ilə görüşdən sonra jurnalistlərə qısaca açıqlama verib.
Obama deyib ki, adı çəkilən ölkələrdəki amerikalı əsgərlər öz vəzifələrini gərgin şəraitdə həyata keçirirlər və söz verib ki, onlara dəstək olacaq:
«Aydındır ki, ekstremist təşkilatların öz vətənlərinə vurduğu ziyandan sonra biz öz səylərimizi davam etdirəcəyik. Mən inanıram ki, bizim hərbçilərimiz öz işlərini görməyə hazırdırlar və mən güman edirəm ki, vətəndaşlar da onları dəstəkləmək üçün üzərlərinə düşəni edirlər».
Bundan öncə Prezident Barak Obama Əfqanıstana dair yeni strategiyanın hazırlanması ilə bağlı sərəncam verib. Gözlənilir ki, hərbçilərin sayını artırmaqla yanaşı, bu ölkəyə iqtisadi yardım da ayrılacaq. Barak Obama 16 ay ərzində qoşunun İraqdan çıxarılması ilə bağlı da göstəriş verib.