Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:59

İmza toplamaq heç vaxt belə çətin olmamışdı…


H.Kərimov: «Bir çox rayonlarda imza vərəqələrimiz polislər tərəfindən alınaraq məhv edilib»
H.Kərimov: «Bir çox rayonlarda imza vərəqələrimiz polislər tərəfindən alınaraq məhv edilib»
Fevralın 1-i axşam saat 6-da referendumla bağlı təşviqat qruplarının Mərkəzi Seçki Komissiyasına müraciət müddəti başa çatdı. Komissiyanın məlumatına görə, imza vərəqəsi üçün müraciət edən 14 təşəbbüs qrupundan 13-ü tələb olunan 40 min seçici imzasını MSK-ya təqdim edib. Üç təşəbbüs qrupu isə artıq qeydiyyatdan da keçib. Bunlar «Yeni Azərbaycan», «Şəhər» və «Tərəqqi» təşəbbüs qruplarıdır. Bu barədə «Azadlıq» radiosuna MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Konstitusiyaya əlavə və dəyişikliklər edilməsilə bağlı referendum bu il martın 18-nə təyin olunub. Konstitusiyanın 30-a yaxın maddəsinə dəyişiklik nəzərdə tutulur. Əsas dəyişiklik də bir nəfərə iki dəfə yox, istədiyi qədər prezident seçilə bilmək hüququnun verilməsidir. Buna qarşı çıxan «Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatına daxil olan partiyalar isə iki təşviqat qrupu yaradıb - «Respublikaçılar» və «Qarabağ və Respublika Uğrunda» təşəbbüs qrupları. Müxalif düşərgə də artıq tələb olunan sayda imzaları toplayaraq MSK-ya təqdim edib.

Baxmayaraq ki, imzatoplama kompaniyasının çox çətin, problemli keçdiyini deyirlər. Müsavat partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyir ki, «Respublikaçılar» təşəbbüs qrupunun yaradılması üçün 41 mindən çox imza toplayıblar. Arif Hacılının dediyinə görə, imza toplanan dövrdə rəsmi qurumlar tərəfindən həm imza toplayanlara, həm də imza verənlərə təzyiqlər olub.

«Qarabağ və Respublika Uğrunda» təşəbbüs qrupunun yaradılması üçün 42 mindən çox imza toplandığını deyən AXCP sədrinin müavini Həsən Kərimov da bildirir ki, imzatoplama kompaniyası heç vaxt bu qədər çətin olmamışdı:

«Bu dəfə seçicilərə ciddi təzyiqlər oldu, referendumla bağlı imza vermiş adamları məcbur edirdilər ki, MSK-ya teleqram vursunlar və öz imzalarından imtina etsinlər. Bir çox rayonlarda – Sabirabad, Neftçala, Zaqatala, Mingəçevir və s. rayonlarda xeyli sayda imza vərəqələri icra strukturlarının təzyiqi altında polislər tərəfindən alınaraq məhv edilib. Bu dəfə itkimiz iki nəfər cəbhəçinin Sabirabadda saxta ittihamlarla guya narkotikadan istifadə etmək adı altında imza toplayan vaxtı həbs olunması oldu.

Həm «Respublikaçılar», həm də «Qarabağ və Respublika Uğrunda» təşəbbüs qrupları imzatoplama kompaniyası zamanı qarşılaşdıqları problemlərlə bağlı MSK-ya müraciət ediblər. Amma komissiya araşdırma nəticəsində iddiaların əsassız olduğunu deyib və müraciətləri təmin etməyib. Müsavat partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı:

«MSK-ya yeddi şikayətlə müraciət etmişik, təəssüf ki, bu müraciətlərin heç biri təmin olunmayıb. Yalnız bir halda Xaçmaz rayonunda «Respublikaçılar» təşviqat qrupu nümayəndəsinin əlindən imza vərəqəsini alaraq cıran şəxs 50 manat cərimə edilib.

Artıq qeydiyyatdan keçmiş «Yeni Azərbaycan» təşviqat qrupundan olan, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Ramil Həsənov isə əks tərəfin iddialarını əsassız sayır və deyir ki, onlar imzaları heç bir problem olmadan toplayıblar:
«Necə olur ki, digər təşviqat qrupları normal imza toplayır, yalnız bəzilərində problem ortaya çıxır. Bu onu göstərir ki, ya bu təşəbbüs qruplarında yetərincə imza toplamağa adam yoxdur, ya da öz daxillərində problem var ki, onun nəticəsində imzaların toplanmasında çətinlik çəkirlər».

Referendumla bağlı qeydiyyatdan keçmiş təşəbbüs qrupları səsverməyə 28 gün qalmış, yəni fevralın 18-dən təşviqat kompaniyasına başlayacaqlar. Bu arada prezident İlham Əliyev də ilk dəfə olaraq referendumla bağlı öz rəyini açıqlayıb. «Reuters» agentliyinə müsahibəsində ölkə başçısı deyib ki, Avropa Birliyinin üzvü olan elə bir ölkə yoxdur ki, onun liderini xalqın istədiyi qədər seçməsinə məhdudiyyət qoyulsun. Eyni iş Azərbaycanda da həyata keçirilir.
XS
SM
MD
LG