Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:08

Bloqa görə həbs


Tələbələri İran İslam Respublikasının əleyhinə təbliğat aparmaqda və qanunsuz təşkilat yaratmaqda günahlandırırlar
Tələbələri İran İslam Respublikasının əleyhinə təbliğat aparmaqda və qanunsuz təşkilat yaratmaqda günahlandırırlar
«Qardaşım heç bir yanlış iş görməyib. Biz buna inanırıq. Qardaşımın inandığı hər məqsədə inanırıq».
Təbriz Universitetinin tələbəsi Səccad Radmehrin bacısı İlahə «Azadlıq» radiosuna belə deyir.
O, bu müsahibəni verəndə, qardaşının nə üstə həbs olunduğunu belə bilmirdi. İndi Səccad Radmehr və yeddi digər tələbəyə yanvarın 17-də verilən hökm açıqlanıb.
Amma hökmü oxuyanlar hələ də gənclərin niyə həbs olunduğuna qanuni izah tapmadıqlarını deyirlər.
Vəkil Nağı Mahmudinin sözlərinə görə, tələbələrdən altısına bir il həqiqi, iki il şərti həbs cəzası, üçünə - Daryuş Hatəmi, Mənsur Əminiyan və Maqsud Əhdiyə isə bəraət verilib.
Vəkilin sözlərinə görə, yanvarın 17-də verilmiş hökm müdafiəyə rəsmən təqdim olunan kimi, o, Səccad, eləcə də Ehsan Nəcəfi Nəsəb, Fəraz Zehtab, Aydın Xacei, Əmir Mərdani və Məcid Makuinin adından apellyasiya şikayəti verəcək. Çünki ittihamları əsassız sayır.
Tələbələri İran İslam Respublikasının əleyhinə təbliğat aparmaqda və qanunsuz təşkilat yaratmaqda günahlandırırlar.
Bunun sübutu kimi isə onların tələbə vebloqu yaratmaları göstərilir. Yəni internetdə gündəlik sayt yaratmaları. İndi sual ortaya çıxır ki, altı nəfərin yığışıb bir bloqu yazması qanunsuz təşkilat yaratmaq sayılır, ya yox? Nağı Mahmudi deyir ki, yox.
Vəkil hesab edir ki, tələbələrin həbsinə səbəb elə həmin bloqlar, daha doğrusu, orada yazılanlardır:
«Onlar tələbələrin məsələləri barədə yazılar, tənqidi məqalələr dərc edirdilər».
Amma vəkil bunun da günah olduğunu sübut edən bircə qanun tapa bilmir ki, məhkəmə hökmünə haqq qazandırsın.
Məhkəmədən fərqli olaraq, tələbələr Azərbaycan dilində məktəblərin açılması tələblərini əks etdirən məqalələrində qanuna istinad ediblər.
Nağı Mahmudi: «Onlar 30 il əvvəl İranda yaşayan bütün xalqlara verilmiş ana dilində oxuyub yazmaq, təhsil almaq hüququnun işləməsini istəyirlər».
Hüquq müdafiəçiləri deyirlər ki, çox vaxt İranda vəkillər milli hüquqları tələb edənləri müdafiəyə cəsarət etmirlər.
Milli fəalları müdafiə etdiyi üçün bir neçə dəfə həbsə düşmüş Saleh Kamraninin acı təcrübəsi, çoxlarını bu işdən çəkindirib.
Vəkil Nağı Mahmudi isə deyir ki, o, hələ ciddi təzyiqlərlə üzləşməyib. Amma bu cür işləri başqa vəkillər götürmədiyindən, onu sona çatdırmağı özünə borc bilir.
XS
SM
MD
LG