Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:23

«Orbit»dən kənardakı azadlıq


Bu gün eşitdiyimiz bəyanatlar arasında Avropa Şurası ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi vədləri də var. Əcəba, səbəb nədir?
Bu gün eşitdiyimiz bəyanatlar arasında Avropa Şurası ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi vədləri də var. Əcəba, səbəb nədir?
«30 il totalitar dövlətdə yaşamaq istəmirik!»-, Gürcüstan nazirinin Brüsseldə dediyi bu sözlər adi bir diplomatın fikrindən daha çox idealist demokratın çağırışına bənzəyirdi. Düzdür, bundan əvvəllər də oxşar fikirlər səslənmişdi, hələ Gürcüstan–Rusiya müharibəsi zamanı prezident Mixail Saakaşvili bütün dünyaya bəyan etmişdi ki, onlar bir daha sovetlər birliyi çərçivəsinə qayıtmayacaqlar! İndi cərəyan edən geosiyasi proseslərin fonunda belə fikirlər bir qədər ekzotik səslənir. Son aylarda nə baş verdi, Gürcüstan və Ukrayna Qərbdən, o cümlədən də NATO-dan, hansı dəstəyi ala bildi – bu, hamıya bəllidir.
Sabiq Dövlət katibi Henri Kissincer yazırdı ki, böyük dövlətlər öz müttəfiqləri üçün «intihar» etmirlər. Soyuq qış ərəfəsində Rusiya ilə münasibətləri korlamaq istəməyən Avropa dövlətləri də təkcə Gürcüstana və Ukraynaya görə «intihar» etməmək, münasibətləri gərginləşdirməmək qərarına gəldilər. Amma kiçik və xırda addımlar indi də davam edir. Hər şeydə olduğu kimi siyasətdə də məqsəd aydınlığı vacibdir, siyasətçi bilməlidir ki, o, nə edir və nə etmək niyyətindədir! Bəzən kiçik, amma ardıcıl, stabil addımlar daha çox xeyir gətirir, nəinki tələsik qərarlar!
İndi çox mürəkkəb hadisələr baş verir. Özbəkistanın ardınca Qırğızıstan da ABŞ qoşunlarını öz ərazisindən çıxarmaq qərarına gəldi. MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsinin iştirakçıları əsgəri birlik yaratmağa, müqaviləyə hərbi struktur forması verməyə çalışırlar. Zaman bir tezisin heç də həqiqət olmadığını göstərmək ərəfəsindədir: MDB yarananda deyilirdi ki, bu, sadəcə «mədəni boşanma», yəni sivil yolla ayrılmaq formasıdır. O vaxtlar heç kim güman etmirdi ki, Rusiya ilə bəzi keçmiş sovet ölkələrini birləşdirmək iqtidarında olan «yeni zərurətlər» yaranacaq. Onlar bir çox hallarda heç də xarici siyasi, diplomatik və geosiyasi mahiyyət kəsb etməyəcək, daha çox cari siyasi maraqlar xarakteri daşıyacaq, bəzi gənc despotik rejimlər bir araya gələrək yenidən «çar baba» - Rusiya ətrafında birləşəcəklər. Bu da tarixin acı bir ironiyasıdır.
«Çoxvektorlu», «balanslı xarici siyasət» aparan Azərbaycan hələ ümid edir ki, bütün bu proseslər ondan yan keçəcək. Allah eləməsin ki, qlobal iqtisadi böhranla bağlı deyilənlər burada da özünü təkrar etsin. Böhran haqqında əvvəl dedilər ki, bunun Azərbaycana elə bir təsiri olmayacaq. Daha sonra, bütün dünya böhrandan danışanda çaşqın-çaşqın ətrafa baxıb, “bu böhranın səbəbkarı biz deyilik” deyə açıqlamalar verirdilər.

Azərbaycan rəhbərliyi böhranı yalnız onu gizlətmək mümkün olmayanda artıq ölkədə böhran lap dərinləşəndə və bir çox preventiv tədbirlərin görülməsi üçün şans itiriləndən sonra etiraf etdi. İndi xarici siyasətlə bağlı əsas təhlükə də elə budur – balanslı siyasətin artıq çoxdan çat verdiyini etiraf etməyən Azərbaycan hökumətinin ölkəni hansı bataqlığa sürüklədiyini belə bilmirik.

Amma Azərbaycan hakimiyyəti elə fikirləşir ki, əgər ölkədə neft və ya qaz varsa, bütün dünya bunlarla hesablaşmalıdır, demokratiyanın və insan haqlarının pozulmasına göz yummalıdır, ölkədə təkpartiyalı siyasi sistem qurulmalıdır, bir nəfər istədiyi qədər hakimiyyətdə qalmalıdır!
Bu gün eşitdiyimiz bəyanatlar arasında Avropa Şurası ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi vədləri də var. Əcəba, səbəb nədir?
Sən demə, Avropa Şurası siyasi məhbuslar və ümumiyyətlə, insan haqları ilə bağlı yenidən həmməruzəçi təyin etmək istəyir! Ölkəni Şurada təmsil edənlər artıq bununla bağlı öz «qiymətli tövsiyələrini» prezidentə və Milli Məclisə çatdırıblar.

Azərbaycan 9 il əvvəl Avropa Şurasına daxil olanda da eyni mövzular – siyasi məhbuslar, media azadlığı, şəffaf seçki ətrafında müzakirə gedirdi. Amma indi Azərbaycan rəhbərliyinin ritorikası 9 il bundan əvvəlkindən xeyli fərqlənir.

Avropaya meydan oxumaq üçün Azərbaycan rəhbərliyinə güc verən nədir? Enerji resurslarımı?

Düzdür, neft bir çox ölkələrə xoşbəxtlik gətirməyib. Amma Norveç nümunəsi də var axı! Həmin Norveç ki, hər bir azərbaycanlı orada yaşamaq istərdi! Çox qəribədir ki, norveçlilər nefti çox da «gözə soxmağa» çalışmırlar, özlərini heç də bəxti gətirən millət kimi təqdim etmək istəmirlər, neftə sadəcə ölkədəki çoxlu sayda sərvətlərdən biri kimi baxırlar. Heç Norveçin hakimiyyəti də neft amilini özünün siyasi məziyyətləri və üstünlükləri sırasına daxil etmir. Neft var. Vəssalam!
Amma Azərbaycan hakimiyyəti elə fikirləşir ki, əgər ölkədə neft və ya qaz varsa, bütün dünya bunlarla hesablaşmalıdır, demokratiyanın və insan haqlarının pozulmasına göz yummalıdır, ölkədə təkpartiyalı siyasi sistem qurulmalıdır, bir nəfər istədiyi qədər hakimiyyətdə qalmalıdır! Lazım gələrsə, bunun üçün müəyyən xırda «siyasi sövdələşmələr»ə də getmək olar – hətta cəza müddətinin artıq bir hissəsini başa vuran jurnalistləri azad etmək, elektron informasiya vasitələrinə, azad mətbuata azacıq da olsa sərbəstlik vermək olar. Axı qarşıdan referendum gəlir! Amma kimə lazımdır belə müvəqqəti «dekorasiyalar»?
Avropanın narahatlıq üçün ciddi əsası var. Cənubi Qafqazda daha bir Belarus yaranmaq ərəfəsindədir. Belarus, ümumiyyətlə, maraqlı ölkədir. Belarusda neft yoxdur, özü də az qala Avropanın ortasında yerləşib. Amma bütün bunlara baxmayaraq Belarus «totalitarizmin sarsılmaz qalası» olaraq qalır. Səbəb nədir? Bəlkə Rusiyanın himayəsi? Çətin sualdır.
Gürcüstanlı nazirin də bu gün «daha totalitar dövlətdə yaşamaq istəmirik!» deməsi də elə həmin mesajı verir. Gürcüstan demokratiyanı inkişaf etdirmək imkanını yalnız Rusiyanın orbitindən çıxdıqdan sonra qazanacağını düşünür. Daha həmin orbitə geri dönmək istəmir. İnsanların xoşbəxt yaşadığı - azad olduğu ölkə qurmaq üçün.

Bu istək və arzu hər şeydən üstündür – neftdən də, qazdan da, hətta geosiyasi maraqlardan da! Belə istək olan yerdə siyasi maraqların iyerarxiyası, sırası da dəyişə bilməz, çünki onu cəmiyyətin məhz özü formalaşdırır! İndi bunları xarici diplomatlar «cərgələyirlər»! Bu da təbiidir: onlar başqa dövlətlərlə münasibət qurarkən müəyyən maraqları önə çəkir, nəyəsə üstünlük verirlər, nəyisə nəzərə almırlar!

«Neft ölkəsi»nin hakimiyyətini qarşıda hələ daha bir sınaq gözləyir. Onlar yeni ABŞ administrasiyası ilə də münasibətlər qurmalıdırlar. Həmişə olduğu kimi güman edirlər ki, neft və qaz bu dəfə də onlara böyük siyasi üstünlük verəcək, hamını onlarla hesablaşmağa vadar edəcək. Böyük ümidlərə qapılmaq, ən başlıcası isə böyük ümidlər aşılamaq fikrində deyilik. Hər şeyi gələcək göstərəcək. Xalqlar «arxetip»lərlə yaşayır. Amma «arxetip»lər heç də həmişə kömək etmir. O cümlədən də «Ağ atlı oğlan» «arxetipi»...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG