Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 18:17

Azərbaycan, Türkiyə və Gürcüstan aktyorları bir səhnədə


Layihənin məqsədi bu ölkələrdə yaşayan insanlar arasındakı dostluq münasibətlərini, oxşar cəhətləri səhnədə göstərməkdir

Azərbaycan, Türkiyə və Gürcüstan aktyorları bir səhnədə tamaşa göstərəcəklər. "Üçbucaq" adlı bu layihənin təşəbbüskarı "Yuğ" Teatrıdır.

Teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu deyir ki, layihənin məqsədi bu ölkələrin sərhədlərində yaşayan insanlar arasındakı dostluq münasibətlərini, oxşar cəhətləri səhnədə göstərməkdir:


"Layihənin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstan sərhədlərinə yaxın bölgələrdə yaşayan insanların tolerant olmasını, xoş qonşuluq, dostluq ideyalarını teatr sənətçilərinin timsalında göstərməkdir. Zahirən fərdli olsaq da, daxilən yaxınıq – tamaşanın pafosu belədir".


Vaqif İbrahimoğlunun sözlərinə görə, tamaşada rolları hər teatrdan 2 nəfər olmaqla Kutaisi, Qars və Gəncə teatrlarının aktyorları ifa edəcəklər. Tamaşanın ikinci hissəsində hər xalqa məxsus bir özəllik də tamaşaçıya göstəriləcək: "İkinci hissədə hərə öz xalqının milli mahnısını və ya rəqsini ifa edəcək".


Sözügedən tamaşanın premyerası aprelin 29-u Bakıda "Yuğ" Teatrında olacaq. Vaqif İbrahimoğlu deyir ki, tamaşaya baxmaq istəyən hər kəs üçün qapılar açıqdır, yəni giriş pulsuzdur. Daha sonra tamaşa Qars şəhərində səhnəyə qoyulacaq.


XS
SM
MD
LG