Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:15

Bakı tramvayı 80 yaşını qeyd edə bilmədi


Bakı Tramvay Parkı, 12 fevral 2006
Bakı Tramvay Parkı, 12 fevral 2006
İki ildən çoxdu ki, Bakıda tramvaydan keçmiş zamanda danışılır. Küçələrdə çoxlu maşın, kiçiktutumlu marşrut avtobusları var, tramvaylarsa yoxdu

Bakı tramvayı 2004-cü ildə 80 yaşını qeyd etməyə hazırlaşırdı ki, sonuncu xətt, sonuncu tramvay da işini dayandırdı. Tramvayın Bakı küçələrindən yığışdırılmasına 2000-ci ildən başlanmışdı. Əvvəlcə mərkəzi, sonralarsa ətrafdakı küçələrdə tramvaylar yoxa çıxdı.


Tramvayların sonuncu gününə qədər xətt üzrə nəzarət dispetçeri vəzifəsində işləmiş Fəridə Niftəliyeva deyir ki, xətlərin bağlanmasına səbəb kimi elektrik enerjisinə borcun olduğu göstərilirdi: «Tramvay Parkının fəaliyyəti 2003-cü il noyabrın 19-da saat 12-də dayandı. Həmin gün mən növbədəydim. Əmr gəldi ki, vaqonlar parka qaytarılır. Səbəb kimi parkın elektrik enerjisinə görə «Barmek»ə borcunun olduğu göstərilirdi. Parkın bağlanması haqda sərəncam 2004-cü ilin iyulunda gələndə isə, artıq mart ayında bir dənə də tramvay xətti qalmamışdı. Deyirdilər ki, borc ödənəndən sonra iş bərpa olunacaq».


Ancaq nə borc ödəndi, nə də tramvaylar yenidən xəttə çıxdı. Çünki həmin vaxtlar tramvay xətlərinin yerində tikiləcək hündürmərtəbəli binaların özülü qoyulurdu.



Tramvay xətlərinin üstündə binalar tikilir, 12 fevral 2006
Keçmiş tramvay sürücüsü Telman Qasımov: «Mən 1 və 10 saylı tramvaylarda da işləmişəm.Yeni binalar tramvay xətləri yolunda əvvəlcə Çapayev küçəsində tikilməyə başladı. O vaxt biz hələ işləyirdik, bina sahibləri deyirdilər ki, tramvayları nə vaxt götürürsüz, onlar hərəkət edəndə evlər silkələnir. Sonra 5 nömrəli xəstəxananın yanındakı xətlərin üstündə 4 bina tikildi, daha sonra Xətaidə, Qaraşəhərdə üç villa tikildi. Biz işləyə-işləyə artıq ərazini hasara almışdılar. Deyirdilər, siz gedəcəksiz. 2002-ci ildə Qaraşəhər xətti bağlananda tramvayların da sayı azaldı».


Tramvayla bağlı söhbət etdiyimiz adamlar onların yığışdırılmasında Bakı Şəhər İcra Hakmiyyətinin başçısı Hacıbala Abutalıbovu günahkar sayırdılar. Hacıbala Abutalıbov isə ona yönələn ittihamlarla bağlı deyir ki, tramvayların yığışdırılması dövrün tələbi idi: «Tramvaydı, trolleybusdu, gəlir gətirməyən sahələrdir. Bu, yalnız və yalnız dövlət tərəfindən dotasiya oluna biləcək nəqliyyat növləridir. Tramvayın hərəkətlərinə məhdudiyyət qoyulandan sonra Təbriz, C.Məmmədquluzadə və Mirqasımov küçələrində maşınların hərəkəti çoxalıb. Başqa sözlə, yeni prospektlər əldə etmişik».


İndi şəhərdə əvvəlki illərdən fərqli olaraq avtomobil tıxacları ilə tez-tez rastlaşmaq olur. Bunun səbəblərindən biri kimi maşınların və mikroavtobusların çoxluğu, körpü və dayanacaqların olmaması göstərilir. Azad Nəqliyyatçılar Birliyinin sədri Səyavuş İsmayılov bir tramvayın daşıya biləcəyi sərnişinlə mikroavtobusun sərnişinlərini müqayisə edir: «Əslində, «Qazel»lərin heç biri sərnişin daşımaq üçün deyil, yük aparmaq üçündür. Sadəcə, onlara oturacaqlar qoyublar. Bir tramvay əgər 100 adam daşıyırdısa, indi onun əvəzində 10-15 «Qazel» xəttə çıxır».



Tramvay Parkının səyyar yeməkxanası, 12 fevral 2006
Digər mütəxəssislər kimi ekoloqlar da tramvayların şəhər üçün vacib olduğunu bildirirlər. Ekoloji Tədqiqatlar Mərkəzinin rəhbəri Telman Zeynalov tramvayların xəttə çıxması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacağını bildirir: «Tramvay enerjiylə işləyirdi, onun da ətrafa heç bir ziyanı yox idi, ancaq indiki nəqliyyat yanacaqla işləyir, ziyanı da çoxdur. Tramvayın tutumu 100 nəfərdən artıq idi, indiki nəqliyyatın tutumu kiçikdir, ekoloji ziyanı çoxdur, sərnişinlərin təhlükəsizliyinə də təminat yox dərəcəsindədir. Tramvay məsələsini yenidən qaldırmaq lazımdır. Bütün dünyada şəhərlərdə bu nəqliyyat növünə qayıdırlar. Kimin ağlına nə gəldi, onu da edir, olanı da vurub dağıtdılar».


20 ildən artıq tramvay parkında mühəndis işləmiş Orxan Kərimov isə bu fikirdədir ki, artıq şəhərin mərkəzindəki tramvay xətləri dağıdıldığından tramvayların Bakıya qayıtması ancaq şəhərin kənarlarında mümkün ola bilər:
«Tramvay bir istiqamətdə sərnişin daşımasına görə, yerüstü nəqliyyat növlərinin hamısından üstün idi. Yollara, tramvaylara qayğı lazım idi ki, artıq 90-ci illərdən başlayaraq baxımsızlıq çoxaldı. Dövlət vəsait vermək istəmirdi. Əgər gələcəkdə yeni tramvaylar, xətlər olacaqsa, şəhərin mərkəzində mümkün olmayacaq. Çünki bütün yollar tutulub. Babək prospektində, Əhmədlidə, mikrorayonlarda isə mümkündür».



Bakı Tramvay Parkı, 12 fevral 2006
Baxmarayaq ki, meriyanın başçısı Hacıbala Abutalıbov tramvayların yığışdırılması ilə Bakının geniş küçələr əldə etdiyini deyir, ancaq o da paytaxtda tramvayların olmasını istəyir: «Mən də istəyərdim ki, Avstriyada olan tramvaylardan Bakıda da olsun. Bu gün hələlik heç bir sahibkar tramvayın xəttə çıxması üçün müraciət etməyib. Müraciət olsa, onların istəyinə müsbət cavab veriləcək. Əmin olun, istəyimizlə imkanımız üst-üstə düşəndə o da olacaq».


Keçmiş tramvay sürücüsü Yaşar Əliyev isə tramvay yığışdırılandan heç yerdə işləmir. Başqa nəqliyyat növündə işləyə bilmədiyini deyir. Günü bu gün də qanunsuz işdən çıxarılması ilə bağlı məhkəmə yollarındadır: «Məhkəmələrdə hələ də mənə düz-əməlli söz deyən yoxdur, hələ də get-gəldəyəm».


Mən vaxtilə Bakıda yola çıxan 26 tramvayın harada olması ilə maraqlana-maraqlana keçmiş Tramvay Parkının yerləşdiyi əraziyə gedib çıxdım. Tramvayların hamısı indi bir tərəfində iri binalar tikilmiş, bir hissəsində isə qaçqınların yaşadığı ərazidəki qıfıllı qapının arxasındaydı. Qapının dəliklərindən tramvaylar görünürdü...köhnə Bakı tramvayları. Ərazidəki tramvay relsləri isə qazılıb–dağılmışdı.


XS
SM
MD
LG