Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:05

Qubanın ağ alması, varıydı ağ alması...


Qubanın alma bağları, 11 aprel 2006
Qubanın alma bağları, 11 aprel 2006
Ötən həftə Qubada oldum. Və gördüm ki, orda əvvəlki illərə görə, çox şey dəyişib. Hətta Qubanın ağ alması mahnısını da indi başqa cür oxumaq olar - həqiqətəuyğun olsun deyə. Qubanın ağ alması, varıydı ağ alması - Palmit gələndən sonra, qalmayıb dağ alması…

Bunu əslində mən demirəm. Quba Rayon İcra Hakimiyyyətinin kənd təsərrüfatı idarəsində deyirlər. İdarənin baş məsləhətçisi Feyruz Hüseynov deyir ki, qərbdən gətirilən palmit tipli daha iri və rəngli sortlar Qubanın əski ağ alma sortlarını bağlardan sıxışdırıb çıxarır: «Qubanın ağ alması köhnə sortlardır ki, onlar da sırdan çıxır».



Quba şəhəri, 11 aprel 2006
Ağacda alma dərərəm - sataram…


Eyni şeyi bazarda alma satanlar da deyir. Çörəkpulu almadan çıxan satıcılar ağ almanın bilflor sortlu alma olduğunu deyirlər. Onların sözünə görə, ilin ancaq iki ayında - o da yay aylarında bu almanı tapmaq olar. Amma yay alması olduğundan soyuğa və nəmişliyə dözməyən ağ almanı uzun müddət saxlamaq, ya da uzaq yerlərə göndərmək sərf eləmir. Odur ki, artıq palmit tipli almaları becərmək və satmaq sərf eləyir. Yeri gəlmişkən, Qubada almanın qiymətləri Bakıdan azca ucuz olardı..


Qiymətlərdən söz düşmüşkən, Qubada həm bazarda, həm də mağazalarda - istər yerli ərzaqların, istərsə də gətirilmə malların qiymətləri elə Bakıdakı kimiydi. Hətta bəzi ərzaq məhsulları Bakıdan da bahaydı. Məsələn, ət 20-25 min köhnə manat arasındaydı və bütün satıcılar alverin zəif olmasından gileylənirdilər: «Alver yoxdu qardaş, zəifdi-maqazin çoxalıb, camaatın alıcılığı düşüb».


Yadındamı, ötən günlər?


Qubada qiymətlərin artmağından ən çox gileylənən pensiyaçılar idi. 70-80 yaşlarında - pensiyalarının dolanışıqlarına çatmamasıyla barışmayıb, hələ də iş-güclə məşğul olanlarını da gördüm, çayxanada nərdtaxta və ya domino oynayıb Əsədulla kişi kimi köhnə vaxtlarını yadına salıb köks ötürənləri də…



Dağ yəhudilərinin yaşadığı Qırmızı Qəsəbənin sakinləri, 11 aprel 2006
Əsədulla kişi: «Partkom, mestkom işləmişəm - düz işləmişəm. Bu da dövlətə elədiyim xidmətin nəticəsi... Pensiya qalxır 25 min, bazar ondan qabaq qalxır.. sonra da deyirlər xalqın rifah halı yaxşılaşır...»


Yeri gəlmişkən, Qubada orta yaşlılara baxanda, gənclər və qocalar danışmağa daha meyyli idilər. 75 yaşına təzəcə keçən– maşallah elə gümrah idi ki, ona baba yox, dayı demək daha düzgün olar, taksi işlətməklə pensiyasının azlığını kompensasiya edən Koroğlu dayı - mənə lap cavanlığından, toyundan da danışdı: «Onda toydan əvvəl qızı görmürdün, araq olmurdu toylarda və s.»


Yaşı 70-i haqlamış başqa bir «gənci» isə - daha doğrusu, Qubalı qızını isə bazarda gördüm. Söz verdiyim üçün, adını çəkməyəcəm - amma onunla söhbətdən məlum oldu ki, əvvəllər bu yerlərdə qızı 15 yaşına çatar-çatmaz ərə vermək dəb imiş: «Qubalı qızıyam, 70 yaşım - 8 nəvəm, 9 nəticəm var, 7-ci sinifdən ərə getmişəm...»


Dağda duman olar...


Yaşı 70-i keçsə də hələ cavan qalmağının sirrini Quba şəhərindən çıxıb- dağlara qalxanda anladım. Babadağın ətəklərindəki meşələr, Qudyalçay, Vəlvələçay, bulaq suyu, dağ havası adamı elə məst eləyir ki, heç geriyə qayıtmaq istəmirsən. Elə yay aylarında Bakıdan minlərlə adamı, dünyanın pulun töküb bura gəlməyə vadar eləyən də buraların təbiətidir. Qubadakı istirahət zonalarından rayon mərkəzinə ən yaxını Qəçreşdi. Qəçreş kəndinə çatana qədər meşənin içində yalan olmasın 20-yə yaxın istirahət mərkəzi var, aralarında bahalısı da var, ucuzu da. Kəndin özü isə bir başqa aləmdi. Yaşı 100-ü keçən nənələr və babalar burda çoxdur. Amma nədənsə, kənd əhli zarafatçıl olsa da, yaşlılarını nişan vermədilər, heç özləri də danışmadılar. Dedilər, nə danışaq havaynan dolanırıq, günəşdən də, yağışdan da xeyir görürük: «Yağış yağanda pul da yağır. Nənəmə göz dəyər. Burda heç kəsdən kəlbətinnən də söz ala bilmərsən, amma qonağımız ola bilərsən...»


Qəçreş meşələri, 11 aprel 2006
Yaxşı ki, kəndin cavanları böyükləri kimi deyildi. Yaşı 15-16 arasında olan kənd uşaqları elə yaxındakı iş yerlərindən – restoran - istirahət mərkəzindən gəlirdilər. Odu ki, əvvəlcə elə işdən danışdıq.


Burda ancaq istirahət yox, torpaq da bahadır, ölkə prezidenti üçün də Qəçreşdən bir az yuxarıda istirahət mərkəzi tikildiyindən buranın yolu da düzəlib. Torpağın qiyməti də qalxıb, mənzərəsinə və tikintiyə yararlılığına görə, torpağın 1 sotunun qiyməti - 2 min dollardan 10 min dollara qədərdir. Düzdü, torpağın bahalaşması - burdakı gənclərin gündəlik həyatına elə də təsir eləmir, həmişəki kimi səhər məktəb, sonra iş... «Səhər məktəb, sonra iş, məktəbi qurtarandan sonra əsgərlik, daha sonra da evlənmək».


Qəçreşə gələn yolla bir 2-3 saat da yolu davam etdirməyə səbri çatanlar Xınalıq kəndinə gedib çatar. Deyirlər, oralarda torpaq qırmızı olduğunda kəndin adı Xınalıq qalıb. Xınalığa qalxmasam da, kəndin bir sakinini tapa bildim və həm özlərinin, həm də bəzi alimlərin dediyinə görə, dünyada bənzəri olmayan dilləri haqqında soruşdum da... «Bizim dil qəlizdir, dünyada yoxdur...»


Gənclik illəri...


Dağlar, daşlar, təbiət nə qədər ləzzət eləsə də, Qubanın mərkəzinə dönməli oldum. Bu dəfə qabağıma çıxan taksi sürücüsü cavan oğlan idi. Dediyinə görə, əvvəllər Rusiyada alver eləyib, indisə qayıdıb. Mövsüm vaxtı alma alıb-satır, bekarçılıq olanda taksi sürür: «Pul qazanan oğlan hər yerdə qazanır...»



Qəçreş meşələri, 11 aprel 2006
Cavan olduğu üçün ondan Qubadakı gənclərin həyatı haqqında da bəzi şeylər öyəndim. Məsələn, indi qız-oğlan burda necə tanış olur, harda görüşürlər filan... «İndi müasir dövrdü, mobilnisin alırsan, zəng eləyib telefonnan tanış olursan, sonra da görüşürsən».


Demə, Qubadakı gənclərin də Bakıdakı kimi «Torqovı» adı verdikləri bir küçə var və gənclərin görüş yeri də bu küçəymiş. Həmin «Torqovı»da ya havanın bir az tutulması üzündən, ya da hələ axşam düşmədiyi üçün görüşənləri tapa bilmədim. Amma müştəri gözləyən 15 ilin bərbəriylə Qubalı gənclərin saç düzümlərindən danışdıq: «İndi artıstlərə baxıb «priçoska» elətdirirlər...»


Elə söhbət eləyən vaxtı azan səsi eşitdim. Dedilər, səs yaxınlıqdakı Ərdəbil məscidindən gəlir. Məscidin üstündəki yazılara görə, bu bina ötən əsrin 40-cı illərində tikilib. Və yolüstü öyrəndim ki, məscidi Cənubi Azərbaycandakı Pişəvəri hərəkatından sonra - Sovet Azərbaycanına pənah gətirən – Ərdəbillilər bir neçə günə tikib: «Rəvayətə görə, sıraynan düzülüblər, çaydan ötürə-ötürə daşları ustaya kimi çatdırblar».


Ərdəbil məscidiylə bir yerdə Qubada 4 məscid var. Və bir də sinaqoq. Yəni yəhudi məscidi...



Qırmızı Qəsəbə, 11 aprel 2006
Qubada yəhudilər XVII əsrdə Fətəli Xanın atasının vaxtından məskunlaşıblar. Qubadan Qusara gedən yolun üstündə, Qudyalçayın o biri sahilində Qırmızı qəsəbə yerləşir. Qəsəbə balaca olsa da, evlərin təm-təraqlı olması, bahalı maşınlar, təmizliyi və özünəməxsus qayda-qanunuyla seçilir. Qəsəbənin milliyyətcə yəhudi olan ağsaqqalları Qubaya köç salınan 300 il ərzində heç vaxt ayrı-seçkiliklə üzləşmədiklərini deyirlər.


Və bir də qəsəbənin varlı görünüşünü sakinlərin xarici ölkələrdəki uğurlu biznesi və buranı da unutmamasıyla bağlayırlar.


Nə isə...Vaxt az, Qubadan danışılası şeylərsə dünya qədər. Qubanın xalçası, mətbəxi, evləri, tarixi, başqa milli azlıqların yaşamı və daha nələrdən danışmaq olardı... Amma bir şey də var ki, nə qədər danışsam da, səsləndirsəm də, lap görüntü çəkib göstərsəm də, buranın bütün gözəlliklərini olduğu kimi təsvir eləmək mümkün olan deyildi. Odu ki, yolçu yolda gərək deyib, Babadağın ətəklərindəki Qubadan Azərbaycanın ən hündür zirvəsi- Şahdağın ətəklərinə - Qusara yol aldım...


XS
SM
MD
LG