Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:31

Dini təmayüllü «Camaat əl-Müvahid» qrupunun 7 üzvü mühakimə olunub


Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mətbuat Xidməti «Camaat əl-Müvahid» adlı qrup üzvlərinin aprelin 17-də mühakimə edilmələri haqqında məlumat yayıb. Məlumata görə, 7 nəfər gənc qanunsuz partlayıcı maddələr və qurğuların hazırlanmasına cəhddə və terrorçuluğa hazırlıqda ittiham olunurlar. İttihamnamədə deyilir ki, onlardan biri İlkin İsmayılov «İraq və Əfqanıstan ərazisində cihadda iştirak etmək üçün ətrafına adamlar yığıb». Yenə istintaq materiallarına görə, təqsirləndirilənlər Bakıda anti-terror koalisiyasına üzv dövlətlərlə əməkdaşlıq edən Azərbaycanın hakimiyyəti və hüquq-mühafizə orqanları rəhbərlərinin fiziki məhvini, ABŞ, İsrail və Rusiyanın Bakıdakı səfirliklərinin, Dövlət Neft Şirkətinin, Milli Bankın və başqa strateji binaların partladılmasını planlaşdırıbmışlar. Onların vəkilləri isə ittihamlarla razılaşmayıblar. Məhkəmənin hökmü ilə təqsirləndirilənlər 9 ildən 15 ilədək azadlıqdan məhrum ediliblər».

Onları MTN əməkdaşları 2005-ci il iyul ayında həbs etmişdi. Hamısı azərbaycanlıdır.


İttiham edilənlərin vəkilləri ilə əlaqə saxlamaq mümkün olmadı.


Qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham olunan 16 nəfərlik qrupa isə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dövlət ittihamçısı cəza istəyib. Prokuror onlardan birinin ömürlük, digərlərininsə 7 ildən 11 ilədək cəzalandırılmasını istəyib. Təqsirləndirilənlər Azərbaycan, Rusiya, Türkiyə və Yəmən vətəndaşlarıdır. İstintaq materiallarına görə, onlar dini təmayüllü təşkilatların üzvləri olublar və qanunsuz silahlı birləşmə yaradıblar. Təqsirləndirilənlərdən biri – Arif Hacıyevin vəkili Mirismayıl Hadi ittihamlarla razılaşmır: «Onların terrorçu qruplarla heç bir əlaqəsi yoxdur. Qanunvericilikdə nəzərdə tutulmayan silahlı qruplaşma yaratmaqda ittiham olunublar. İttihama görə, guya onlar Çeçenistanda Rusiya Ordusuna qarşı iştirak edəcəklərmiş».


16 nəfər haqqında məhkəmə hökmü aprelin 19-da oxunacaq.


Son üç ildə Azərbaycan məhkəmələrində dini təmayüllü təşkilatlarda birləşib qanunsuz silahlı birləşmələr yaratmaqda ittiham olunan 40-dan artıq gənc mühakimə olunub. Onlardan bəziləri əfv fərmanı ilə azadlığa çıxıb.


XS
SM
MD
LG