Milli Elmlər Akademiyasının (MEA) Mərkəzi Elmi Kitabxanasında «Molla Nəsrəddin» satirik jurnalının 100 illiyinə həsr edilmiş ədəbiyyat sərgisi açılıb. Sərgidə jurnalın tarixinə, yaradıcısı Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına dair tədqiqat əsərləri, o cümlədən «Molla Nəsrəddin»in bir neçə orijinal nüsxəsi də nümayiş etdirilir.
Kitabxananın əməkdaşı Firəngiz Xanlarova: «Sərgidə 50-dən çox ədəbiyyat nümayiş olunur».
Xanım Xanlarovanın sözlərinə görə, sərgi bu ayın sonunadək davam edəcək. Bu müddət ərzində sərgi salonunun qapıları hər bir oxucunun üzünə açıqdır: «Oxucular istədikləri vaxt gəlib müraciət edə, ədəbiyyatla tanış ola bilərlər. Burada hətta istənilən ədəbiyyatın surətini çıxarmaq üçün də şərait var».
Firəngiz Xanlarova deyir ki, kitabxanada həm də «Molla Nəsrəddin» jurnalının tədqiqinin biblioqrafik göstəricisi hazırlanır və bu yaxınlarda oxucuların istifadəsinə veriləcək: «Biblioqrafik göstəricidə jurnalla bağlı bütün ədəbiyyatlar, dövri mətbuatda çıxan məqalələr barədə məlumat olacaq».