Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:31

Obamanın seçki meneceri Bakıya niyə gəlmişdi?


Devid Plaf Azərbaycanda əsasən mətbuatdan gizlənməklə məşğul idi
Devid Plaf Azərbaycanda əsasən mətbuatdan gizlənməklə məşğul idi
Barak Obamanın kampaniyasına uğurlar qazandırmış Devid Plaf Azərbaycanda əsasən mətbuatdan gizlənməklə məşğul idi. Amma səfər Amerika mətbuatında artıq qalmaqal qoparmışdı.

Marağın səbəbi isə budur ki, lobbiçilərə qarşı sərt xətt tutan B.Obamanın silahdaşlarından sayılan Devid Plaf Bakıya yerli hökumətə yaxınlığı ilə seçilən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) dəvəti ilə gəlib.

AVCİYA 2005-ci il parlament seçkilərində adlı-sanlı sosioloq Mitofskinin qrupunun keçirdiyi «exit-poll»da iştirak etməsi ilə tanınıb. Mitofski bu təcrübə barədə təəssüratlarını bölüşəndə sifariş verən «Renessans Assoşieyts» şirkətinin və yerli partnyor AVCİYA-nın «exit-poll» nəticələrinə təsir edən hərəkətlərindən yazmışdı.

2008-ci il prezident seçkisində də AVCİYA və ona daxil olan qruplar «exit- poll» keçirdiklərini bəyan etmişdilər. Amma çoxsaylı müraciətlərə baxmayaraq, bu sorğunun pulunu kimin ödəyəcəyini deməkdən imtina etmişdilər.

AVCİYA Azərbaycanda da hökumətə yaxın bir QHT kimi tanınır. Hər halda Plafın görüşlərindən birinin məkanı Qərb Universitetində də tədbirin təşkilatçısı Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını bizə belə təqdim etdilər:

«Prezident Aparatı yanında Vətəndaş Cəmiyyəti Assosiasiyası».

ABŞ mətbuatı da sual edir ki, Obamanın yaxın silahdaşı nədən belə bir təşkilatın xahişi ilə insan hüquqları və demokratiyanı məhdudlaşdırdığına görə, tənqidlərlə üzləşən bir ölkə prezidenti ilə görüşüb.

Bu gün Vaşinqtonda da jurnalistlərdən biri Ağ Evin sözçüsündən Robert Qibbsdən soruşub ki, cənab Plafın dünyanın məşhur diktatorlarından biri ilə görüşünün məqsədi nədir? Robert Qibbs bildirib ki, bu, onun şəxsi səfəridir. Plafın nə Obamanı, nə də onun administrasiyasını təmsil etmədiyini vurğulayan sözçü vurğulayıb ki, həmin səfərin gündəliyindən onun xəbəri olmayıb. Robert Qibbsdən onu da əlavə edib ki, Obamanın Əliyevə bir mesajı olsaydı, sadəcə telefonun dəstəyini qaldırardı.

D.Plafın özü Bakıya gəlişinin Obama administrasiyasına heç bir aidiyyatı olmadığını dönə-dönə vurğulayıb. Elə «Azərbaycanda insan haqlarının vəziyyətindən və jurnalistlərin həbsdə olmasından xəbərdarsınızmı və bu barədə ölkə rəhbərliyi ilə görüşərkən danışacaqsınızmı» sualını da cavabsız buraxıb:

- Mən bura adi vətəndaş kimi gəlmişəm. Seçkilər, demokratiya, internet barədə danışmağa. Seçki prosesində daha çox adamın iştirakının nə qədər gözəl olduğu barədə danışıram.

Devid Plaf Bakıda
Gözlə
Embed

No media source currently available

0:00 0:01:04 0:00
Direct-ə keçid


Amma Plafın nə deməsindən asılı olmayaraq, qarşısında danışdığı tələbələr onu Obama administrasiyasından biri sayırlar:

- Elə bil bizdə Mərkəzi Seçki Komissiyası yoxdur, o da onların seçki komissiyasının rəhbəridir.
- Bizim üçün böyük hadisədir ki, Amerikanın böyük hökumət adamı gəlib bizim universitetə.
- O «biz» deyəndə, hökuməti nəzərdə tutur. Məzahir Pənahov da Amerikaya gedəndə «biz» desə, hökuməti nəzərdə tutur.
- Plafın bizim universitetdəki çıxışı iki ölkə arasındakı diplomatik münasibətlərin inkişafına xidmət edir.

Bəzi tələbələrin anladığına görə, D.Plaf onlarla mətbuatın gözündən iraq keçən görüşdə Obama administrasiyasının Buş komandasına nisbətən daha aktiv şəkildə Qarabağda sülhə çalışacağını, yeni administrasiyanın Azərbaycanda seçki sisteminin inkişafına yardım edəcəyini deyib. Onlar düşünür ki, bu səfərin ikitərəfli münasibətlər üçün xüsusi əhəmiyyəti var.

Amma bu əhəmiyyətli səfərin hesabını kim ödəyir, bəlli deyil. Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının vitse-prezidenti Vəli Əlibəyov «Azadlıq» radiosuna deyir ki, Plaffı Bakıya elə elektron ünvanına məktub yazmaqla dəvət edib. O ki qaldı onun oxuduğu mühazirənin qonorarına və ən azı səfər xərclərinə, onların qayğısını kimin çəkdiyindən xəbərsizdir. V.Əlibəyov bizə də məsləhət görür ki, hər şeyi pulla ölçməyək.

Müsavat Partiyasının rəhbəri İsa Qəmbər isə maraqlanır ki, Azərbaycana belə maraq göstərən seçki texnoloqları nə əcəb müxalifətlə görüşmürlər.

İ.Qəmbərin fikirlərini Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu da bölüşür. Deyir görəsən, niyə Plaf Azərbaycanda seçki barədə söhbət etməyə hökumətyönümlü QHT-dən, prezident və spikerdən başqa ünvan tapmayıb?

Yeri gəlmişkən, seçki texnoloqunun prezident və spikerlə görüşü qeyri-rəsmi mənbələr tərəfindən təsdiqlənsə də, Prezident Aparatından və parlamentin Mətbuat Xidmətindən bizə cavab verdilər ki, məsələdən xəbərsizdirlər. Odur ki, həmin görüşlərdə seçkinin necə müzakirə olunduğundan bizi xəbərdar edən olmadı. Hələlik məlum olan budur ki, Devid Plafla görüş Azərbaycan Respublikasının prezident Obamaya yaxın qüvvələrlə ilk yarımaçıq kontaktıdır.
XS
SM
MD
LG