Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:28

Cavablandırıl- mayan sorğular…


Rövşən Kəbirli
Rövşən Kəbirli
«Elə bir adlı-sanlı, tanınan dövlət qurumu olmayıb ki, biz onlara sorğu göndərib hər hansı məlumatı əldə edə bilək və onları məhkəməyə verməyək. Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi…Düzdür, bəziləri qaneedici cavab verməyib, onlarla yüngül keçib. Amma əksəriyyəti «Müxalifət» qəzetinin sorğusuna sayğısız, laqeyd yanaşıb və cavablandırmağı belə özlərinə layiq bilməyiblər. Belə olan hallarda biz bu işi məhkəmə vasitəsilə çözüb, sonra da beynəlxalq arenaya çıxarmağı düşünürük...»

«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli «Azadlıq» radiosuna belə deyir. Onun kimi bir çoxları, əsasən də media işçiləri dövlət qurumlarından məlumat almağın müşkül olduğunu düşünürlər.

Sorğusuna cavab ala bilməyənlərin pənah yeri isə məhkəmələr olur. Ancaq bu yerdə də R.Kəbirli deyir ki, yerli məhkəmələrin icra strukturlarından asılılığı əksər hallarda ədalətsiz qərarların çıxarılması ilə nəticələnir.

«İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikasının qanunu 2005-ci ildə qəbul olunub. Qanuna görə, hər kəsin birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququ var.

Ancaq qanunun qəbulundan dörd il ötməsinə baxmayaraq, dövlət qurumlarının bəziləri hələ də «toxunulmaz qalaları» xatırladır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov:

«Biz bu yaxınlarda Daxili İşlər Nazirliyinə iki informasiya sorğusu göndərmişik. Heç birinə cavab verilməyib.
Sahib Məmmədov
Halbuki, bu nazirlik bir qayda olaraq dərhal cavab verirdi. Görünür, bu, onların maraqlarına toxunan məsələdir ki, cavab vermədilər».

S.Məmmədov deyir ki, informasiya əldə edə bilmədiklərinə görə, son vaxtlar məhkəmələrə müraciət edənlərin sayı artıb. O, hesab edir ki, bu cür məhkəmə çəkişmələrində iddiaçı tərəf 30-40 faiz hallarda qalib gəlir.

«Multimedia» İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz isə hesab edir ki, Azərbaycanda informasiya açıqlığı üzrə müsabiqə keçirilsəydi, birinci yeri yəqin ki, Vergilər Nazirliyi tutardı.

Mərkəz bu nəticəyə mütəmadi apardığı monitorinqlər nəticəsində gəlib. O.Gündüzə görə, bu sıralamada ən sonuncu yerləri Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Satınalmalar üzrə Dövlət Agentliyi bölüşərdi:

«İnformasiya əldə etmək haqda qanunda dövlət orqanlarına, bələdiyyələrə sayt yaratmaqla bağlı konkret müddət verilib. Dövlət orqanı üçün bu vaxt artıq iki ildir bitib. Ali dövlət hakimiyyəti qrupuna daxil olan orqanlardan yalnız Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Miqrasiya Xidmətinin saytı yoxdur».

İnformasiya əldə etmək üçün göndərilən sorğu ən qısa müddətdə - 7 iş günündən gec olmayaraq cavablandırılmalıdır. Qanunda belə nəzərdə tutulur. Ancaq elə hallara rast gəlinir ki, bəzən ya sorğular cavablandırılmır, ya da cavab qarşı tərəfi qane etmir.

Osman Gündüz
«Azadlıq» radiosu Azərbaycanı xarici telekanallarda təbliğ edən reklam çarxlarından biri ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə sorğu göndərib. Məqsəd bu çarxa ayrılan vəsaitin məbləğini öyrənməkdir. Nazirlikdən radionun sorğusuna gələn cavab belə olub:

«Reklam çarxları Nazirliyin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilir».

Başqa bir sorğu isə ölkə başçısının bağışladığı mənzillər barədə olub. Ancaq bu barədə Prezident Aparatından da məlumat almaq mümkün olmayıb.

Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi də «Azadlıq» radiosunun sorğusunu tam cavablandırmayıb. İdarə, bulvarda tikinti işlərini hansı podratçı təşkilatların həyata keçirməsinə cavab olaraq, bildirib ki, «geniş həcmli bu cür işlərin görülməsi yaxın zamanda başa çatdıqdan sonra sizə ətraflı məlumat veriləcək».

Bəzi ekspertlərin fikrincə, bu cür problemlərin yaranmasının bir səbəbi də odur ki, qanunda İnformasiya müvəkkili - ombudsmanın təyin olunması nəzərdə tutulsa da, artıq dörd ildir bu məsələ də unudulub.

«İnformasiya əldə etmək haqqında» qanunun pozulmasına görə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələrin ödənilməsi nəzərdə tutulub. Cərimənin məbləği təxminən 250-300 manat civarındadır.
XS
SM
MD
LG