Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

«Generalın qətlindəki dəhşətli sirr…»


«Ekspertlər hesab edir ki, xüsusi xidmət orqanları buna görə ciddi şəkildə cəzalandırılmalıdır»
«Ekspertlər hesab edir ki, xüsusi xidmət orqanları buna görə ciddi şəkildə cəzalandırılmalıdır»
Müdafiə nazirinin müavini, Hərbi-Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətli bütün qəzetlərin diqqət mərkəzində olub.

«Yeni Müsavat»: «İlkin məlumatlardan da bəlli olur ki, R.Rzayev evindən işə gedərkən mühafizəçisiz olub. Bunun özü də müəmmalı məsələdir. Ekspertlər bildirir ki, R.Rzayev çox əhəmiyyətli fiqur olub. Dövlət başçısı təyyarə ilə hər hansı səfərə yola düşərkən və ölkəyə qayıdarkən onun hava məkanında təhlükəsizliyinə cavabdeh şəxs məhz Rzayev olub. Bu baxımdan o, dövlət başçısına üçüncü ən yaxın şəxs sayıla bilərdi. Ekspertlər hesab edir ki, xüsusi xidmət orqanları buna görə ciddi şəkildə cəzalandırılmalıdır».

«Generalın qətli ilə bağlı bir neçə versiya var. Hadisə baş verəndən sonra R.Rzayevin siyasi motivlərlə öldürülməsinə dair xəbərlər yayıldı. O xəbərlərdə generalın ABŞ-a Azərbaycanda hərbi-hava qüvvələrinin yerləşdirilməsi ilə bağlı məsləhətlər verdiyi, ölkəmizin ərazisində Amerika hərbi-hava qüvvələrinə məxsus obyektlərin yerləşdirilməsində fəal iştirak etdiyi vurğulanır. O da qeyd edilir ki, general Rzayevin Rusiya generalları ilə sıcaq münasibətləri olub. Qəbələ RLS Rusiya tərəfinə 10 il müddətinə icarəyə verilərkən Azərbaycan tərəfini məhz general Rzayev təmsil edib.

Digər versiya isə belədir ki, general biznes fəaliyyəti ilə əlaqədar qətlə yetirilib. Belə fikirlər var ki, onun tikinti sektorundakı fəaliyyəti bu sahəni monopoliyaya alan qüvvənin planları ilə üst-üstə düşməyib və nəticədə general öldürülüb. Qeyd edək ki, general Rzayev prezidentə ən yaxın məmurlardan olub. O, müstəqilliyi və qruplara qoşulmaması ilə fərqlənirdi. Bu yaxınlarda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun vertolyotunu endirən və ona xəbərdarlıq atəşi açmaq əmri verən də məhz general Rzayev olmuşdu».

«Bizim Yol»: «Qətl Azərbaycan ətrafında çox həssas beynəlxalq vəziyyətin yarandığı dövrə təsadüf edir. Rəsmi Bakı enerji layihələri ilə bağlı Rusiya və Qərbin ciddi təzyiqi altındadır, Qarabağ münaqişəsinin həlli ilə bağlı məxfi danışıqların intensivliyi artıb, Rusiya postsovet məkanında Azərbaycanın qatılmaq istəmədiyi hərbi blok yaradır, Avropa siyasi seçimini müəyyənləşdirmək üçün ölkə rəhbərliyinə qarşı ardıcıl təzyiqlərini gücləndirib.

Siyasi prosesləri sadalamqda məqsəd o deyil ki, onların general Rail Rzayevin qətli ilə hər hansı əlaqəsinin olduğunu iddia edək.

Sadəcə, indiki dönəmdə belə bir səs-küylü qətli xırda səbəblərlə bağlamaq məncə, yanlış yanaşmadır. Elə mərhumun qardaşı Rəfael Rzayev qəzetimizə eksklüziv açıqlamasında bildirib ki, Rail Rzayevin, ailəsinin kiminləsə şəxsi düşmənçiliyi olmayıb».

«Yeni Azərbaycan» yazır ki, maliyyə sektorunda dövlət nəzarəti gücləndiriləcək: «Prezident İlham Əliyev Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsinə dair imzaladığı sərəncam maliyyə sferasında kompleks tədbirlərin həyata keçirilməsinə əhəmiyyətli baza yaradır».

«Maliyyə Nazirliyinin yeni yaradılan digər strukturlarına da maliyyə və dövlət nəzarəti istiqamətində müvafiq tədbirlər görmək üçün geniş səlahiyyətlər verilib. Dövlət Borcunun İdarəedilməsi Agentliyi və Dövlət Xəzinədarlığı Agentliyi də mühüm nəzarət mexanizmlərinin reallaşmasında mühüm rol oynayacaq».

«Azərbaycan» qəzeti ölkənin vergi xidməti əməkdaşlarının peşə bayramlarını qeyd etdiklərini xəbər verir. «Nazirlikdə keçirilən kollegiya iclasında çıxış edən natiqlər ötən 9 il ərzində vergi xidmətinin keçdiyi inkişaf yollarından danışaraq bildirmişlər ki, vergi xidməti əməkdaşları dövlət tərəfindən onlara olan qayğını və diqqəti daim hiss edirlər».

«Üç nöqtə»: Deputat Əli Məsimli deyir ki, «banklara kreditlərin verilməsində ciddi problem var». «İndiki qlobal maliyyə böhranı şəraitində Azərbaycanın az itkilərlə çıxması, bu istiqamətdə vaxtında zəruri addımların atılması, xüsusən, operativ qərarların qəbul edilməsi lazımdır. Maliyyə Nazirliyi və onun müxtəlif strukturları üzrə şəffaflığın təmin edilməsi, böhranla əlaqədar baş verən proseslərə sürətlə reaksiya vermək qabiliyyəti Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin tərkib hissələrindən biri olmalıdır. Bu işləri necə yerinə yetirəcəyi sonradan məlum olacaq».
XS
SM
MD
LG