Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:11

«Bakı zooparkı böyük qüsurlarla tikilib»


Azər Hüseynov
Azər Hüseynov
Bunu «Azadlıq» radiosunun «Can Bakı» proqramına Bakı zooparkının direktoru Azər Hüseynov deyib.
Onun sözlərinə görə, Bakıda heyvanxananın yaradılması ötən əsrin 20-ci illərinə təsadüf edir. Zooparkın özəyi indiki Nizami parkında guşə şəklində qoyulub. Sonralar bir neçə dəfə yeri dəyişdirilən zooparkın son məkanı metronun «Gənclik» stansiyasının yaxınlığında olub:

«İndiki ərazi 1984-cü ildə istifadəyə verilib. Zoopark cəmi 4,25 hektar ərazini əhatə edir. Halbuki, burada 170 növdə 1200-dən çox heyvan, quş, sürünən və balıqlar var. Bu ərazi çox kiçikdir. Mən bura 1995-ci ildən direktor təyin olunmuşam. Vəzifəyə gələn gündən zooparkın ərazisinin böyüdülməsi ilə əlaqədar lazımi orqanlara müraciətlər edirəm».

Direktor deyir ki, Moskvada zooparkın ərazisi 21, Kiyevdə 20, Yerevanda 12, Gürcüstanda isə 10 hektardır. Bir çox ölkələrdə bir yox, bir neçə zoopark fəaliyyət göstərir: «Məsələn, Çexiyada 15 park var. Lənkəran, Gəncə, Naxçıvan da belə bir təşəbbüslə çıxış edib. Bu bölgələrdə heyvanxananın yaradılması yaxşı olardı».

Azər Hüseynov 1980-ci illərin əvvəlində tikilən Bakı zooparkının şəraitsizliyindən də gileyləndi: «O vaxt bura böyük qüsurlarla tikilib. Xüsusilə də, yırtıcı heyvanların yeri geniş götürülməyib. Onların yalnız qəfəs şəraitində saxlanılması nəzərdə tutulub. Hətta heyvanların balaları üçün də yer ayrılmayıb. Biz tədricən çox şeylərdə dəyişiklik etmişik».

Heyvanxana direktoru Bakının Qobu kəndində yaradılacaq Zooloji Parka da münasibət bildirdi. Dedi ki, layihə barədə ətraflı məlumatı yoxdur: «Bilmirəm, Bakı Zooparkı ləğv olunacaq, ya yox. Bizə bu haqda məlumat verilməyib. Harada yerləşməyinin fərqi yoxdur, əsas odur ki, Azərbaycanda gözəl, nümunəvi Zooloji Park yaradılsın. Qonşu dövlətlər baxıb, bizə həsəd aparsınlar. Yəqin ki, bizim mütəxəssislərdən də istifadə edəcəklər».

Yeri gəlmişkən, təzə yaradılacaq Zooloji Park barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Cabbar Süleymanovu da verilişə dəvət etmişdik. Lakin bizə telefonla qoşulan sektor müdiri «Zooparkın Qobuya köçürülməsi ilə bağlı hələ əlimizdə rəsmi bir sənəd yoxdur» – dedi.

Azər Hüseynov bizimlə söhbətində Bakı Zooparkında hazırda 44 nəfər işçinin çalışdığını dedi. Onların maaşı 85-90 manat arasındadır: «Yaxşı işləyənlərə 2 iş veririk ki, bir az çox maaş alsınlar. Başa düşürük ki, bu maaşla dolanmaq çox çətindir. Zəhmətləri ağırdır, iş təhlükəlidir. Amma onlar işlərinin fədailəridir».

Bakı Zooparkında ən qoca heyvan 36 yaşlı lama, ən cavan heyvan isə 1 ay öncə doğulan cırtdan maralıdır. A.Hüseynov deyir ki, Belarusun Minsk Zooparkı ilə müqavilə imzalayıblar: «Biz onlara bir baş şir verib, əvəzində 6 növ heyvan almışıq. Bu heyvanların 4 növü ötən ay gətirilib. 2 cüt iri nil timsahı və 2 baş sibir pişiyi isə yayda gətiriləcək. Biz pulla heyvan ala bilmirik, əsasən mübadilə yolu ilə işləyirik».

Buna da bax:

XS
SM
MD
LG