Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

Azərbaycan dünya rekordçusudur - insan alveri üzrə...


Şərqi Avropaya aid edilən 75 nəfər azərbaycanlı insan alveri qurbanının böyük əksəriyyəti Türkiyədə müəyyən olunub
Şərqi Avropaya aid edilən 75 nəfər azərbaycanlı insan alveri qurbanının böyük əksəriyyəti Türkiyədə müəyyən olunub
Azərbaycan daha bir sahədə rekord vurub. BMT-nin narkotiklərlə və cinayətkarlıqla mübarizə idarəsinin insan qaçaqmalçılığı haqda qlobal hesabatına görə, Azərbaycanda insan alveri ilə məşğul olanların 86 faizi qadınlardır.

Məhkum olunanların statistikası əsasında müəyyən olunmuş bu göstərici dünyada ən yuxarıdır. Azərbaycanla yanaşı dayanan isə Gürcüstandır.

155 ölkəni əhatə edən bu hesabata görə, insan alverinin qurbanlarının 79 faizi başqa ölkələrə cinsi istismar üçün aparılır. Bunun da təbii ki, əsas qurbanları qadınlar və qızlardır.

Hesabatda üzə şıxan maraqlı məqam odur ki, bu alverlə məşğul olanların da əksəriyyəti qadınlardır.
Şərqi Avropada və Mərkəzi Asiyada isə bu cinayətə görə, məhkum olunanların 60 faizi qadınlardır.

Ancaq BMT-nin bu hesabatı yayan idarəsinin rəhbəri Antonio Maria Kosta daha təhlükəli bir məsələyə toxunub:

«Statistikaya görə, bu insan alveri cinayətinin təxminən 80 faizi cinsi istismarda cəmlənib. Ancaq mən sizə xəbərdarlıq edirəm ki, bu, illüziya da ola bilər. Çünki bu, haqqında ən çox məlumat verilən, ən çox gözə görünən cinayətdir».

Antonio Maria Kosta nəyi nəzərdə tutur?

Hesabata görə, insan alverinin qurbanlarının 18 faizi zorla işləməyə, zorla ərə verilməyə və bir də orqanlarını zorla götürmək üçün aparılanlardır.

Məhz bu cinayətlər haqda məlumatlar çox az olur. Ona görə ola bilsin bu 18 faiz reallıqdan çox aşağıdır.

Hesabatda müsbət məqam da var. Deyilir ki, 2004-cü ildə BMT insan alveri ilə mübarizə üçün xüsusi protokol qəbul edəndən dünya ölkələrinin 63 faizi qanunlar qəbul ediblər. Azərbaycanda 2005-ci ildən bu mübarizə ilə polis məşğuldur.

Hesabatda Azərbaycan barədə maraqlı yerlərdən biri budur ki, 2006-cı ilin statistikasına görə, insan alverinin qurbanı kimi ən çox azərbaycanlı Şərqi Avropadan Azərbaycana qaytarılıb - 75 nəfər. Yaxın Şərqdə belə azərbaycanlı qurbanların sayı 42 nəfər, Cənubi Asiyada 14 nəfər, adı çəkilməyən qalan ölkələrdə isə 56 nəfər olub. Ümumilikdə 187 nəfər.

Sual yarana bilər ki, Şərqi Avropada doğrudanmı bu qədər azərbaycanlı insan alveri qurbanı var? Ancaq hesabatda Şərqi Avropa regionu ölkələrinə Türkiyə də daxildir.

Şərqi Avropaya aid edilən 75 nəfər azərbaycanlı insan alveri qurbanının böyük əksəriyyəti Türkiyədə müəyyən olunub.

2003-cü ildən 2008-ci ilə kimi Türkiyədə polisin üzə çıxardığı insan alveri qurbanlarının sayına görə, azərbaycanlılar 5-6-cı yerdədirlər. Burda 69 belə azərbaycanlı müəyyən olunub. Birinci yerdə isə moldaviyalılardır - 278 nəfər.
XS
SM
MD
LG