Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:30

Prezident kimlərə ev verir?


«Kuxna» heç baxılası deyil»
«Kuxna» heç baxılası deyil»
Dövlət Statistika Komitəsindən «Azadlıq» radiosuna verilən məlumata görə, 2008-ci ilin əvvəlinə mövcud Mənzil Fondunda 1 milyon 500 mindən çox mənzil var.

Azərbaycanda hər min nəfərə təxminən 180 mənzil düşür. Bu, Şimali Avropadakından üç dəfə, Şərqi Avropa ölkələrindəkindən isə iki dəfə azdır.

Dövlət Statistika Komitəsi iki il əvvəl apardığı araşdırmada ortaya çıxarıb ki, şəhər əhalisinin 40 faizindən çoxunun yaşayış sahəsi 10 kvadratmetrdən kiçikdir. Şəhər əhalisinin üç faizi isə gen-bol yaşaya bilir. Adambaşına az-qala 3-4 otaqlı mənzil düşür.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev:

- Belə çıxır ki, ölkədə ən azı əhalinin 20 faizinin hər 5 nəfərdən birinin mənzillə təminatı səviyyəsi beynəlxalq normadan aşağıdır. 6-8 nəfərlik ailənin 30-40 kvadratmetrlik evinin olması hələ mənzil probleminin həlli demək deyil. Yoxsul ölkələrdə bəlkə də 6-7 nəfərin iki otaqlı evə yığışması mənzil probleminin həlli kimi görünə bilər.

Amma bir neçə beynəlxalq maliyyə qurumunun siyahılarında Azərbaycan iqtisadiyyatı inkişaf etməkdə olan ölkələr sırasında yer alıb. Azərbaycan hökuməti də ölkənin regionda iqtisadi lider olduğunu bəyan edir.

Ölkədə təxminən 300 mindən çox adam yataqxanada yaşayır. 200 mindən çox adam isə kirayədə və ya qohum-tanış evində məskən salıb.

İqtisadçı Rövşən Ağayev:

- Bəlkə də hansısa filosofa sual versəz, o deyər ki, adam yataqxanada qocalmaz. Amma iqtisadçılara belə sual verəndə, deyər ki, mümkündür. Hətta bəzi Avropa ölkələrində belə yataqxanalar var. Ancaq buna sosial mənzillər deyirlər. Məsələnin başqa tərəfi var. Azərbaycanda ailəvi yataqxana şəbəkəsində yaşayış şəraiti yox səviyyəsindədir.

Yataqxanaya ayağı bir dəfə dəyənlər bilirlər ki, hər mərtəbənin iki mətbəxi, iki hamamı, iki tualeti var. Bunlar 24 mənzilin arasında bölünüb. Yəni bir mətbəx, tualet, hamam on iki otağın sakinlərinə baxır.
«Bir də diqqətimizi qirmızı, göy, yaşıl aftafalar çəkdi - dəyişik duşməsin deyə, belə rəngbərəngiymiş...»
Müsahiblərim də məni öz mətbəxlərinə dəvət edirlər. Yox, gözünüzün qabağına mebelli, kafel-metlaxlı mətbəx gətirməyin. Belə bir mətbəxi burdakı qadınlar ancaq yuxularında görərlər. Yataqxana sakinləri belə deyirlər:

- «Kuxna» heç baxılası deyil. Krantlar xarabdır. Su gələndə görəsən hər turbadan necə su axır. Hələ ayaqyolunu görəsən...

Ayaqyolunu gördük. Burdakı xanımların gücünə ümumi tualetdə yaradılan təmizlik hər tərəfi bürüyən üfunətin yanında gücsüzüydü. Bir də diqqətimizi qirmızı, göy, yaşıl aftafalar çəkdi - dəyişik duşməsin deyə, belə rəngbərəngiymiş...

Mənzil sarıdan ən çox əziyyət çəkənlər ailə üzvlərinin sayı çox olan ailələrdir. Məsələn, beş nəfərlik ailələrin 60 faizindən çoxu 10-20 kvadratmetrlik bir evə yığışıb. Yəni bu ailələrdə adambaşına təxminən üç kvadratmetr yer düşür. Həbsxanada təkadamlıq kameranın sahəsi dörd kvadratmetrdən çox olur. Karser də elə o boydadır.

İqtisadçı Rövşən Ağayev:

- Əgər ölkənin 50 faizə qədərinin mənzil təminatında problem varsa, deməli, dövlətin borcudur ki, öz vətəndaşının qayğısına qalsın. Hökumət mütləq araşdırmalıdır ki, Azərbaycanda əhalinin mənzil ehtiyacı nə qədərdir, hansı təbəqənin daha çox ehtiyacı var. Müşahidələrimizə əsasən deyə bilərik ki, işləyənlərin əksəriyyəti yoxsuldur, ev problemini həll etmək iqtidarında deyil. Deməli, ölkədə işləyənlərin yoxsulluğu problemi var.

Azərbaycan hökumətində isə mənzil ehtiyaclarının öyrənilməsi ilə bağlı sualları heç yaxına da buraxmırlar. Deyirlər, sovet dövrü bitib.

Rövşən Ağayev
Əslində, hökumət bir zümrəni evlə, özü də pulsuz evlə təmin edir. Bu zümrənin bəziləri növbəyə durmalıdırlar və bir-neçə şərtə uyğun gəlməlidirlər. Növbə, şərt məsələləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin öhdəçiliyindədir.

Nazirliyin baş məsləhətçisi Rəhim Babayev deyir ki, ilk növbədə mənzilə ehtiyacı olan qaçqın və şəhid ailələrini, müharibələrdə əlil olmuş şəxsləri evlə təmin etməyə çalışırlar:

- Bu günə qədər 1600 mənzil verilib, 247 fərdi mənzil tikilib. 51 yaşayış binası inşa etmişik. Onların problemini həll edəndən sonra imkan olar az təminatlı ailələr üçün də proqramlar hazırlanar.

Bu imtiyazlı təbəqəyə ev verilməsi üçün də şərtlər var. Bunu Rəhim Babayev izah edir:

- Normalar var. Müharibə əlilləri üçün yaşadıqları ev adambaşına 9 kvadratmetr, digər imtiyazlı qruplar üçün isə adambaşına 6 kvadratmetr düşəndə onlara ev verilməlidir.

Nazirlər Kabinetindən deyirlər ki, hökümət aztəminatlı ailələr üçün imkan yaradıb, məsələn, ölkədə çoxmərtəbəli binalar tikilir və ya istəyən ipotekayla ev ala bilər.
Amma Çiçək xala da daxil olmaqla Xətai rayonundakı yataqxananın sakinləri təklif olunan qiymətlərlə ipotekadan yararlana bilməyəcəklərini deyirlər:

- Gərək yaxşı yerdə işləyəsən ki, o pulu verəsən. Bunlar da günü bir «şirvan»a qulluq edirlər.

Bunu Çiçək xala deyir. Yataqxanaya cavan gəlib saç ağardan, ömrünün 30 ilini yataqxana küncündə əridən Çiçək xala…

İqtisadçı Vüqar Bayramov da deyir ki, sosial ipoteka əslində uğursuz oldu. Çünki qoyulan şərtlərlə aztəminatlı ailələrin imkanları üst-üstə düşmür. Müsahibimiz ona da diqqəti yönəldir ki, əslində ayda dörd faiz ödəmə şərtiylə verilən ipotekadan heç də hamı yararlana bilməz. Bu şərt məhdud kateqoriyalı gənc ailələrə və güc nazirliklərinin hərbi qulluqçularına aiddir.

Vüqar Bayramov
O ki qaldı yeni binalarda ev almaq imkanlarına, ev bazarı üzrə təhlilçi Azər Alıyev deyir ki, indi əmlak bazarının ucuzlaşmasından danışılsa belə, aztəminatlı təbəqənin heç bu qiymətlərlə, hətta kredit şərtləriylə də ev almaq imkanları görünmür.

Lazım olanda Azərbaycanda pulsuz da ev verilir. Özü də növbəsiz-filansiz. Elə bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətində adının çəkilməsini istəməyən həmsöhbətimiz də deyir. Onun sözlərinə görə, pulsuz ev vermək prezidentin səlahiyyətindədir və o, idmançılara, millət vəkillərinə, sənət adamlarına mənzil bağışlayır. Elə ən son mənzil alan müğənni Aygün Kazımova kimi. Amma nə Çiçək xala, nə də Nərmin bu zümrəyə aid deyillər.

Hökumətdə düşünürlər ki, indi Azərbaycanda sosializm deyil, hər kəsə ehtiyacına görə deyil, qabiliyyətinə görə qiymət verilir. Amma cəmiyyətdə də prezidentdən ev alan şəxslərin bu qabiliyyət testindən keçib-keçməməsi ilə əlaqədar şübhələr var.

Prezident kimlərə ev verir? Bu sualın cavabı sizə o qədər də asan gəlməsin.

Prezident Aparatinin Mətbuat Xidmətindən deyirlər ki, lazimi məlumatı, o cümlədən, ölkə başçısının ev bağışlaması barədə sərəncamları prezidentin saytından tapa bilərik. Amma prezidentin rəsmi saytında yerləşdirilmiş son iki ilin sənədləri arasında bu məlumatlara rast gəlmədik.

Növbəti yazılarda:
Prezidentdə bu evlər hardandır?
Mənzillər hansı qaydalar əsasında hökumətə verilir?
«Mənzil hədiyyələri» tikinti bazarını necə bahalaşdırır?
Pulsuz ev vermək ənənəsinə son qoyulmalıdırmı?
XS
SM
MD
LG